Paris baş örtüyünü qadağan etməyə hazırlaşır
Fransada altı ay davam edən ictimai debatlardan sonra parlament komissiyası niqab və burqa kimi sifəti örtən müsəlman qadın geyimlərinin ictimai yerlərdə qadağan edilməsi barədə qanun layihəsini elan edib. 200 səhifəlik bu sənəddə hökumətə 18 tövsiyə var. Onların arasında sifəti tam örtən qadın geyimlərinin xəstəxana, orta məktəblər və ictimai nəqliyyat kimi yerlərdə qadağan edilməsi də var.
Bundan əlavə, "radikal dini praktika" əlamətlərinə malik şəxslərə Fransada qalmaq və vətəndaşlıq almaq icazəsi verilməməlidir. Bu qadağa qəbul edilsə, müsəlman geyimi ilə ictimai yerə gedən qadınlar girişdə üzlərini açmağa və həmin ictimai yerdə olduqları müddətdə üzlərini açıq saxlamağa məcbur olacaqlar. İmtina edənlərə isə olduqları yerdə ictimai xidmətdən imtina edilə bilər. Məsələn, müsəlman qadın üzü bağlı şəkildə analar üçün dövlət yardımını almağa gəlir. O, həmin hökumət idarəsində üzünü açmağa razılaşmasa, onu əliboş qaytara bilərlər. Amma həmin qadına özəl təşkilatlarda və küçədə belə bir tələb qoymaq nəzərdə tutulmur. Müsəlman qadınlar ictimai yerlərdə çadra geyinəcəkləri təqdirdə, 700 avro məbləğində cərimə də oluna bilərlər. Fransa parlamentinin deputatı, hakim UMP (Xalq Hərəkatı uğrunda Birlik) partiyasının rəhbəri Yan-Fransua Kope bəyan edib ki, "heç kimin ictimai yerlərdə və küçələrdə sifəti gizlədən paltar geyinmək və ya satmaq hüququ yoxdur".
Britaniyanın "Deyli meyl" qəzeti yazır ki, onun fikrincə, bu zaman yalnız karnavallar istisna təşkil edə bilər. Kopeni parlamentin 200 üzvü dəstəkləyib. Bununla yanaşı o təklif edir ki, müsəlman kişi öz ailəsindən olan qadını ictimai yerlərdə çadra geyinməyə məcbur edərsə, bu zaman cərimənin məbləği ikiqat artırılmalıdır. "Sandi tayms" qəzetinin məlumatına görə, komissiya gələcəkdə çadra geyinməyin tam qadağan olunmasına nail olmaq niyyətindədir.
Parlament komissiyasının hesabatında deyilir ki, qadınların üzlərini örtmələri Fransa Respublikasının dünyəvilik və bərabərlik prinsiplərinə ziddir. Bundan əvvəl Fransada aylar uzunu məsələyə dair ictimai müzakirələr aparılıb. Fransa prezidenti Nikola Sarkozi bu yaxınlarda bədəni tam örtən çadraların Fransa üçün məqbul olmadığını bildirib: "Burqa Allaha itaətin deyil, kiməsə boyun əyməyin əlamətidir. Mən rəsmi şəkildə deyirəm ki, buna Fransa Respublikası ərazisində imkan verilməyəcək". Parlamentin sədri Bernard Akkuver öz çıxışında bildirib ki, Fransa örtüyü qəbul etmir: "Bu qadının asılı vəziyyətdə olması deməkdir və ektremist fundamentalizmin bir nümunəsidir". Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyinə əsasən, 1900 qadın bədəni tam örtən çadra geyir.
Rəy sorğularına əsasən, fransızların əksər hissəsi tam qadağanı dəstəkləyirlər. Lakin parlamentarilər hələlik qadağanın məhdud olmasını məsləhət görürlər. Bu məsələ Fransada siyasi partiyalar arasında fikir ayrılığına səbəb olub. Sosialist müxalifət qadağaya rəsmən etiraz edir və onun tətbiqinin qeyri-mümkün olduğunu söyləyir. Partiya prinsipcə çadraya qarşı olduğunu qeyd etsə də, bəzi üzvlər hər hansı qadağanın müsəlman qadınları damğalayacağından narahatdırlar. Sosialist Partiyası bildirib ki, qanunun əleyhinə çıxacaq. Ancaq partiya əmindir ki, müsəlman qadın burqa, niqab kimi paltarlardan azad olunmalıdır. Baş örtüyünün qadağan olunmasını sağçılar təklif etsələr də, elə sağçılar arasından bir sıra siyasətçi narahatdır ki, belə qadağanı Avropa İnsan Haqları Məhkəməsi qanunsuz sayacaq.
Fransada 5 milyon müsəlman yaşayır və Avropada ən böyük müsəlman icması bu ölkədədir. Rəy sorğularına görə, Fransa əhalisinin böyük əksəriyyəti sifəti və bədəni tam örtən geyimlərin qadağan olunmasını müdafiə edir. Buna əsasən ekstremizmin başlanğıcı, qadın və kişi bərabərliyinin pozulması, Fransanın dünyəvi əsaslarına hücum kimi baxırlar. Hələlik parlamentin bu layihəni olduğu kimi, yoxsa hansısa hissələrini qəbul edəcəyini söyləmək mümkün olmur. Amma onu bir qədər dəqiq demək olar ki, mart ayında yerli seçkilərə qədər ciddi dəyişikliklər gözlənilmir. İndi deputatlar müsəlman baş geyiminin qadağan edilməsinə dair ümumi bəyannamə qəbul edə bilərlər ki, bu da qanun gücündə deyil. 2004-cü ildə Fransada dövlət məktəblərində baş örtüyü və "açıq-aşkar dindarlıq əlaməti göstərən" geyimlərin istifadəsi qadağan edilib.
Müsəlman qadınların üzünü örtən geyimləri Avropanın başqa ölkələrində də hədəfdədir. Britaniyanın Təhsil Nazirliyi 2007-ci ildə ictimai və dini məktəblərin rəhbərlərinə niqabı qadağan etmək səlahiyyəti verib. Belçikada yalnız ictimai şənliklərə üzü örtən geyimlərlə gəlmək olar. Qalan vaxtlarda ictimai yerlərə müsəlman qadınların qapalı geyimləri qadağan edilib. Danimarka, Hollandiya və Avstriyada da buna bənzər qadağalar var.