|
Onların yaradıcılıq işləri bir-birini təkrarlayır
Müğənni Röya növbəti konsert proqramını hazırlayır. Onun çıxışı Bakı İdman Sarayında keçiriləcək. Son aylar Rəhim Rəhimli ilə bir səhnəni bölüşən sənətçi bu dəfə də onunla birlikdə çıxış edəcək. Qeyd edək ki, fevralın 20-ə nəzərdə tutulan konsert üçün bir neçə yeni mahnı hazırlanır. Konsertdə bir sıra sürprizlər hazırlayan müğənnilər təfərrüatı ilə hələlik danışmaq istəmədilər. Lakin öyrənə bildik ki, sənətçilərin konsertdə qonağı da gözlənilir. Bu qonaq Türkiyədən gələcək. Proqramda "Cəza" qrupunun çıxışını planlaşdıran Rəhim Rəhimli onlarla danışığı özü aparır. Bu məqsədlə o, yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, Röya ilə bir addımlayan Rəhim Rəhimli onun daha bir ideyasını təkrarlamaq niyyətindədir. O, "Dostum" adlı yurnal dərc etməyə qərar verib. Yurnalın baş redaktoru Röyanın adını daşıyan dərginin keçmiş redaktoru Ülviyyə Alovlu olacaq. Onlar bildiriblər ki, bu, şou-biznes nümayəndələrindən çox, iş adamlarının stolüstü yurnalı olacaq. Amma şou-biznesə olan böyük marağı nəzərə alan yurnal təsisçiləri bu sahəyə də yer ayırmaq qərarındadırlar. Lakin fərqlilik olsun deyə, bunu bir qədər başqa səpkidə edəcəklər. Əsasən şou-biznesdə araşdırma mövzular, statistik məlumatlar burada əksini tapacaq. Öyrəndik ki, hazırda hazırlıq prosesini keçən dərgi gələn ayın ilk həftələrində satışa çıxarılacaq. İlk buraxılışda Rəhim Rəhimlinini mahnıları disk şəklində yurnala əlavə ediləcək.
S.İBRAHİMOVA
|