Ukraynada seçkilərin ikinci turu ərəfəsində qalmaqallı hadisələr baş verir
Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində qalmaqallı hadisələr baş verməkdədir. Fevralın 7-də keçiriləcək seçkilərin ikinci turu ərəfəsində prezidentliyə keçmiş namizəd Sergey Tiqipko baş nazir Yuliya Timoşenko ilə birgə işləmək arzusunda olduğunu bəyan edib. "Kommersant" yazır ki, keçmiş bankir Timoşenko prezident seçiləcəyi təqdirdə onun komandasında təmsil olunmaq istədiyini vurğulayıb. O, Timoşenkonun təkliflərinini daha cəlbedici olduğunu açıqlayıb. O bildirib ki, seçkilərin ilk turunda iştirak etmiş namizədlərin seçkiqabağı platformasını analiz edib və Y.Timoşenkonun islahatlar proqramının onun proqramı ilə üst-üstə düşdüyü qənaətinə gəlib. Beləliklə, prezident seçkilərində 13 faiz səslə üçüncü olmuş Tiqipkonun bu seçimi Viktor Yanukoviçi çox pis vəziyyətdə qoyub. Çünki əksəriyyət bu qənaətdə idi ki, S.Tiqipko V.Yanukoviçi dəstəkləyəcək. Ukraynanın baş naziri Y.Timoşenko isə bir daha bəyan edib ki, prezident seçkilərində qalib gələcəyi təqdirdə S.Tiqipkoya baş nazir postunu təklif edəcək.
Qeyd edək ki, S.Tiqipko qalmaqallı 2004-cü il seçkilərində V.Yanukoviçin seçki kampaniyasına rəhbərlik etmişdi. Həmin vaxt seçkilərin V.Yanukoviçin xeyrinə saxtalaşdırıldığı güman olunurdu. Buna görə də minlərlə adam küçələr çıxmışdı. Bu isə sonda məlum "narıncı inqilab"la nəticələnmişdi. Mərkəzi Bankın keçmiş rəhbəri və bodibildinq həvəskarı S.Tiqipko ilk əvvəl israrla deyirdi ki, ikinci turda nə Y.Timoşenko, nə də V.Yanukoviçi dəstəkləməyəcək. Çoxları düşünür ki, Y.Timoşenkonun təklifini qəbul etməsi S.Tiqipko üçün özünəqəsdə bərabər olacaq. Çünki hazırda Ukrayna ağır iqtisadi böhran içindədir. Belə vəziyyətdə baş nazir postuna gələcək istənilən şəxs əhali arasında çox qısa müddətdə nüfuzu itirmiş olacaq. Xatırladaq ki, S.Tiqipko 90-cı illərdə özəl bank yaradıb. Sonra bankı 1 milyard dollara əcnəbilərə satıb. V.Yanukoviçin yaxın tərəfdarı olsa da, başqaları kimi ona qarşı korrupsiya ittihamı səsləndirməyiblər. Onu yeni lider kimi görənlər də çoxdur. Son məlumatlara görə, Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində daha bir qalmaqal ortaya çıxıb. "Reqnum"un yaydığı məlumata görə, "Yuliya Timoşenko Bloku"nun deputatı Vladimir Yavorivski SSRİ Daxili İşlər Nazirliyinin məxfi sənədlərindən birini yayıb. Həmin sənəd prezident seçkilərində Y.Tmoşenkonun rəqibi olan V.Yanukoviçin atası və babasından bəhs edir. Sənəddə qeyd olunur ki, V.Yanukoviçin atası Fyodor və babası Andrey İkinci Dünya Müharibəsi illərində satqın olub və faşistlərə yardım ediblər. Y.Timoşenkonun bu şantayına V.Yanukoviç hələ reaksiya verməyib.
|