|
"Ötən il Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda 85 elmi-tədqiqat işi tamamlanıb". Bu barədə institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məlumat verdi. Onun sözlərinə görə, 2009-cu ildə institutda yüksək səviyyədə işlər yerinə yetirilib, böyük uğurlar əldə edilərək Azərbaycan şərqşünaslıq elminin inkişafına və dünya elminə inteqrasiyasına samballı töhfələr verilib. Direktor ötən il institutda müasir Türkiyənin iqtisadiyyatı və xarici iqtisadi siyasəti mövzusu çərçivəsində çapa hazırlanmış "Türkiyə. Tarixi-iqtisadi oçerklər" kitabını xüsusi vurğuladı: "Bu sahədə görülmüş işlərdən "Türkiyənin xarici iqtisadi siyasətində MDB respublikaları" adlı elmi-tədqiqat işini də qeyd etməyə dəyər. Əsası böyük alimimiz, akademik Ziya Bünyadov tərəfindən qoyulan məşhur Osmanlı vergi dəftərlərinin tədqiqi, tərcüməsi və nəşri davam etdirilir.
Bu sıradan "XVIII əsrin II yarısı - XIX əsrin 30-cu illərində Borçalı ərazisində etnodemoqrafik vəziyyət (Osmanlı və gürcü mənbələrinin müqayisəli təhlili əsasında)" adlı işdə Borçalı-Qazax bölgəsinə aid osmanlı, gürcü və fars mənbələri, o cümlədən, Tiflis əmirliyi, Borçalı-Qazax, Lori və Trabzon əyalətlərinin təhrir, Gürcüstan vilayətinin müfəssəl dəftəri, gürcü knyazları və İran şahlarının dövrə aid fərmanları araşdırılıb, tərcümə edilib və Borçalıdakı XVIII əsrdə demoqrafik, inzibati, sosial-iqtisadi, etno-coğrafi və hərbi-siyasi vəziyyət təsvir olunub və bir çox etnonim, toponim və onomastik ifadələrin izahı verilib. "XVIII yüzilliyin I yarısında Urmiya bölgəsinin etnodemoqrafik vəziyyəti (Osmanlı mənbələri əsasında)" adlı elmi-tədqiqat işi də tamamlanıb. XVIII yüzilliyin əvvəllərində Azərbaycanın əyalət və bölgələrinin sosial-iqtisadi vəziyyətinin, tarixinin öyrənilməsində İstanbul və Ankara arxivlərində çox dəyərli sənədlər, mənbələr qorunub saxlanılır". G.Baxşəliyeva dedi ki, Cənubi Azərbaycanla bağlı tədqiqatlara da böyük önəm verilir. Bu bölgənin tarixi, iqtisadiyyatı və ictimai-siyasi vəziyyəti problemi üzrə "Güney Azərbaycan" məlumat kitabı hazırlanıb, həmçinin Seyid Cəfər Pişəvərinin "Zindan xatirələri" ön söz və şərhlərlə çapa təqdim olunub: "Müsəlman Şərqi beynəlxalq münasibətlər sistemində" mövzusu üzrə "İran körfəzi ölkələri beynəlxalq əlaqələr sistemində" adlı elmi-tədqiqat işi tamamlanıb. Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı, Azərbaycanla əlaqələri mövzusu çərçivəsində isə "Yaponiya ilə Azərbaycan Respublikası arasında siyasi-iqtisadi və mədəni əlaqələr" araşdırılıb". G.Baxşəliyevanın söylədiyinə görə, Qərbi Avropa və İslam dünyası arasında qarşılıqlı mədəni-ictimai təsir prosesləri mövzusu üzrə görülən işlərin də əhəmiyyəti böyükdür. İnstitut direktorunun bildirdiyinə görə, il ərzində əməkdaşların 18 monoqrafiya, kitab və topluları nəşr edilib. İl ərzində institut əməkdaşlarının respublikada və xaricdə nəşr olunan elmi məcmuələrdə 200-dən artıq elmi məqaləsi yer alıb. Bunlardan 42-si xarici ölkələrdə, o cümlədən nüfuzlu beynəlxalq nəşrlərdə işıq üzü görüb. 2009-cu il institutun beynəlxalq əlaqələri baxımından da zəngin olub. İnstitutun əməkdaşları xarici ölkələrdə və ölkəmizdə keçirilən beynəlxalq elmi konfranslarda 53 dəfə (o cümlədən, 43 dəfə xarici ölkələrdə) məruzələrlə çıxış edib, ABŞ-ın, Fransanın, Böyük Britaniyanın, Hollandiyanın, Rumıniyanın, Rusiyanın, Cənubi Koreyanın, Çinin, Hindistanın, Türkiyənin, İranın, Qazaxıstanın, Özbəkistanın, Şimali Kipr Respublikasının və digər ölkələrin müxtəlif şəhərlərində Azərbaycan elmini təmsil ediblər.
İ.QULİYEV
|