|
Azərbaycanda 15 mindən çox vətəndaş A/H1N1 virusuna qarşı peyvənd edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Sanitar-epidemioloyi nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, son bir həftədə Bakıda 13 mindən çox adam, başqa sözlə, peyvənd vurulacaq kontingentin 30 faizi "donuz qripi"nə qarşı peyvənd edilib. Ümumilikdə paytaxtda peyvənd vurulacaq şəxslərin sayı 42 minə yaxındır. V.Qasımov deyib ki, peyvəndləmə kampaniyası Sumqayıt və Abşeronu da əhatə edib. Ölkənin digər bölgələrində isə peyvəndləmə dünəndən başlayıb. Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı Azərbaycana "donuz qripi"nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
|