|
Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib
Ötən ay ərzində Bakı şəhəri üzrə bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2,6 faiz artıb. Buna baxmayaraq, tələbin və buna müvafiq olaraq qiymətlərin azalması ekspozisiya müddətinin artımına təsir göstərməyib. Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Birliyin araşdırmalarına görə, ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında nisbi qiymət dəyişməsi baş verib. Satış qiymətlərində 0,3 faiz, icarə qiymətlərində isə 0,7 faiz azalma qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m. qeyri-yaşayış sahəsinin orta qiyməti təklif üzrə noyabrda qeydə alınan 2998 ABŞ dollarından 2990 dollara enib. Təhlillərə əsasən, qiymət azalması ötən rüblə müqayisədə 0,2 faiz təşkil edib. Qiymətlər əvvəlki ilin müvafiq dövründə qeydə alınmış nəticədən 10,9 faiz aşağı enib. Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə bütün zonalarda müvafiq olaraq 0,1 faiz, 0,3 faiz, 0,6 faiz, 0,9 faiz qiymət azalması müşahidə edilib.
Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə qiymət artımı yalnız Qaradağ rayonunda qeydə alınıb ki, bu da 2,6 faiz təşkil edib. Digər rayonlarda orta qiymətlərdə azalma müşahidə olunub. Ən çox qiymət azalması isə 1,9 faizlə Əzizbəyov rayonunda qeydə alınıb. Dekabrda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2990 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 58,4 faiz paya malikdir.
HƏQİQƏT
|