|
Təklif portfelində yeni tikililərin payı artıb
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi təkrar mənzil bazarı üzrə araşdırmalarını yekunlaşdırıb. Birliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, 2009-cu ilin dekabr ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə azalma qeydə alınıb və bu - 0,6 faiz olub. Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb. Təklifin artımı ilə paralel mənzillərin qiymət dinamikası da azalma ilə yadda qalıb. Araşdırmalar göstərir ki, təklif üzrə artım ümumi təklif portfelində yeni tikililərin payının artmasına təsir göstərib. Ümumi portfeldə onların payı 59,2 faizə çatıb: "Təkrar bazardakı yeni tikililərin sayı ötən ayla müqayisədə 3,5 faiz artıb. Aparılan araşdırmalara əsasən, dekabrda təklif 2,8 faiz artıb. Nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7000-i ötüb. Bazarda təklifin artımı ilə yanaşı, orta qiymət də 3,7 faiz azalıb. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər sabit qalsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalıb".
Dekabr ayında mənzillərin orta qiyməti 3,7 faiz azalıb. Bu göstərici ötən ay qeydə alınmış 1231 $/kv.m-dən 1186 $/kv.m-ə enib və 2007-ci ilin fevral ayında qeydə alınan nəticədən aşağı enib. Ay ərzində heç bir rayonda qiymət artımı qeydə alınmayıb. Ən çox qiymət azalması isə Yasamal rayonunda qeydə alınıb. Bu azalma 4,1 faiz təşkil edib. Araşdırmalar göstərir ki, bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1186 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 58,2 faizə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,5, hər otağın orta satış qiyməti 46721 ABŞ dolları, mənzilin orta qiyməti isə 112650 ABŞ dolları təşkil edib. Aktivlik əmsalına görə ən cəlbedici rayonlara gəlincə, bu siyahıda dekabr ayında da əvvəlki ay olduğu kimi Xətai, Nərimanov və Yasamal rayonları yer alıb. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmasıdır. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 79 faizə bərabərdir.
HƏQİQƏT
|