Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistanda demoqrafik böhran bir qədər də dərinləşəcək
İş dalınca xaricə üz tutan ermənilərin sayı əvvəlki kimi çox olacaq

İqtisadi böhran və maliyyə çətinlikləri ilə üz-üzə qalan Ermənistan il başlayan kimi yenidən dilənmə siyasətinə başlayıb. Bu dəfə də Moskvaya pənah aparan ermənilər 2010-cu ildə Rusiyadan 120 mln. dollar almaq istəyi ilə çıxış ediblər. Ölkənin maliyyə naziri Tiqran Davtyan "Armeniya todey"ə bildirib ki, ən azı 100 mln. dollar həcmində əmtəə krediti almaq üçün müraciət ediblər. "Hazırda danışıqlar aparılır və kreditin verilməsi şərtləri dəqiqləşdirilir. Hesab edirəm ki, yaxın vaxtlarda müsbət irəliləyiş qeydə alınacaq" - deyə nazir bildirib. Ermənilər ayrılacaq pulu cilalama sahəsinə yönəltmək niyyətindədirlər. Bu sahə vaxtilə Ermənistan iqtisadiyyatında aparıcı rol oynayıb. İxrac strukturunda onun payı 40 faizədək olub.
Ümumiyyətlə, 2009-cu ildə sosial-iqtisadi sahədə tənəzzülü sürətlənən Ermənistanın qarşıdakı dövr ərzində daha böyük çətinliklərlə üzləşəcəyi vurğulanır. Əhalinin yaşayış səviyyəsinin bir qədər də pisləşəcəyi proqnozlaşdırılır. Erməni ekspertlərinin böyük əksəriyyəti belə hesab edir ki, bu il ərzində ölkə iqtisadiyyatının geriləməsi davam edəcək. Buna əsas səbəb yaranan problemlərin həlli istiqamətində lazımi resursların yoxluğu, həmçinin hökumətin müvafiq proqramlara malik olmamasıdır. Bu isə hakimiyyətə qarşı sosial narazılığı bir qədər də gücləndirəcək. Məsələn, Ermənistanın sabiq iqtisadi inkişaf naziri Levon Barhudaryan da belə hesab edir ki, 2010-cu ildə iş dalınca xarici ölkələrə üz tutan ermənilərin sayı əvvəlki kimi çox olacaq. Onun sözlərinə görə, bu hal Ermənistanın üzləşdiyi demoqrafik böhran problemini bir qədər də dərinləşdirəcək. Sabiq nazirin fikrincə, ötən ili iqtisadi tənəzzüllə başa vuran Ermənistanın xaricdən asılılığı yenə də yüksələn xətt üzrə inkişaf edəcək: "Bizim idxalla ixracımız müvafiq olaraq 30 və 40 faiz azalıb. Böhran Ermənistan iqtisadiyyatının idxaldan asılı olduğunu bir daha aydın şəkildə göstərdi. Ölkə iqtisadiyyatı ixraca yönəlmiş sahələrə əsaslanmır, bu səbəbdən xarici ticarətdə mənfi saldo artmaqda davam edir".
L.Barhudaryana görə, Ermənistan iqtisadiyyatının 2008-ci ildəki vəziyyətinə qarşıdakı 5 il ərzində çatması gözlənilmir: "İqtisadiyyatın belə kəskin geriləməsinin bir səbəbi qlobal maliyyə böhranıdırsa, digər önəmli səbəbi hakimiyyət tərəfindən həyata keçirilən yanlış iqtisadi siyasətdir. İqtisadiyyatın düzgün idarə edilməməsi, rəqabət şəraitinin boğulması, xarici kreditorlardan asılılıq qarşıdakı dövr ərzində bizə daha böyük çətinliklər vəd edir".
Siyasi İqtisad Araşdırma İnstitutunun direktoru Andranik Tevanyan isə bəyan edib ki, Ermənistanın problemlərinin kökü korrupsiyadadır: "Hökumət buna qarşı nə qədər çox mübarizə aparacağını dəsə də, korrupsiya bir o qədər artır". A.Tevanyanın fikrincə, Ermənistan hökuməti sahibkarların vergidən yayınmasında maraqlıdır. Çünki bu cür biznes qurumları seçkilər zamanı mühüm rol oynayırlar: "Bu qurumlar seçkiləri saxtalaşdıran əsas maşına çevrilirlər. Ermənistan parlamentinə baxsanız, deputatların 90 faizdən çoxu biznes təmsilçiləridir. Parlamentimizdə alkoqol, siqaret biznesi hərtərəfli təmsil olunur".
Ölkənin maliyyə nazirinin müavini Vardan Aramyanın da ölkə iqtisadiyyatı ilə bağlı proqnozları bədbin notlar üzərində qurulub. Onun sözlərinə görə, Rusiyadan və digər ölkələrdən Ermənistana transfer edilən pulların həcmində kəskin azalma əhali ilə yanaşı, dövlətə də təsirsiz ötüşmür. Çünki xaricdən göndərilən pulların azalması sonda ölkə iqtisadiyyatında dövriyyənin aşağı düşməsinə təsir göstərən amillərdən biri kimi çıxış edir və bundan dövlət, xüsusən də vergi orqanları zərər çəkir: "Yəni vergi yığımlarının həcmində azalma baş verir, xidmət sahələrində, digər sektorlarda inkişaf ləngimə ilə əvəzlənir, hətta müəyyən sferalar üzrə tam dayanma müşahidə olunur". Qlobal maliyyə böhranının hələ öz təsirlərini davam etdirməsi səbəbindən xaricdən Ermənistana pul göndərmələrinin bir qədər də azalacağı gözlənilir.
"Daşnaksütyun" partiyasının Ermənistan parlamentindəki təmsilçisi Artsvik Minasayan isə qeyd edir ki, Sery Sarkisyan hakimiyyəti hələ də qlobal maliyyə böhranı və onun ölkə iqtisadiyyatına təsirləri barədə düzgün olmayan proqnozlar verməklə xalqı aldatmağa çalışır: "Hakimiyyət iddia edir ki, bu ildən etibarən Ermənistanda iqtisadi tənəzzül dayanacaq. Lakin hansı resurslar və proqramlar hesabına bunun ediləcəyini açıqlamırlar. Halbuki belə proqnozların heç bir əsası yoxdur və yalnız xalqı aldatmağa hesablanıb. Hakimiyyətdəkilər də yaxşı bilirlər ki, 2010-cu ildə iqtisadi tənəzzül davam edəcək".
Belə hesab olunur ki, cari il Ermənistan üçün təkcə iqtisadi tənəzzülün sürətlənməsi ilə xarakterizə olunmayacaq, həm də bu ölkəyə beynəlxalq təzyiqlərin güclənməsi ilə yadda qalacaq. Erməni ekspert Yervand Bozoyan bunun səbəbləri sırasında Türkiyə ilə imzalanmış Sürix protokollarını və Dağlıq Qarabağ münaqişəsini göstərir. Onun sözlərinə görə, Sürix protokollarının Türkiyə parlamenti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərdən sonra təsdiqlənə biləcəyinin şərt kimi ortaya qoyulması Ermənistanı çətin vəziyyətə salıb. Danışıqlar prosesində Azərbaycan tərəfinin üstünlüyü ələ aldığını vurğulayan erməni ekspert cari ildə də rəsmi Bakının Ermənistana diplomatik, iqtisadi və digər sahələr üzrə tətbiq etdiyi pressinqin daha da güclənəcəyini qeyd edib.
Beləliklə, proseslərin inkişaf istiqaməti Ermənistan üçün bu il də yaxşı heç nə vəd etmir. Sözügedən ölkədə həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə tənəzzülün davam edəcəyi qaçılmaz hal sayılır.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 301

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •