|
Qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı 170-ə yaxın fakt üzrə məhkəmədə iddia qaldırılıb
Ötən gün Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2009-cu ilin yekunlarına dair kollegiya keçirilib. Bu barədə qəzetimizə komitənin mətbuat xidmətindən məlumat verilib. Komitə sədri Kərəm Həsənovun sözlərinə görə, 2009-cu ildə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20-yə yaxın normativ hüquqi xarakterli sənəd layihəsi hazırlanıb.
Əhaliyə paylanmış çeklərin təqribən 80 faizi silinib
Sədr bildirib ki, ötən il ümumilikdə respublika üzrə 700-ə yaxın kiçik dövlət müəssisə və obyekti, 450-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Dövlət müəssisələrinin investisiya müsabiqələri yolu ilə özəlləşdirilməsi vasitəsilə müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 2009-cu il ərzində 80,5 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə, 2010-cu ilin 1 yanvarına qədər keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya qoyulub, investisiya şərtləri ilə yanaşı, dövlət büdcəsinə 32,5 milyon manat vəsait köçürülüb. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" nəticəsində 2009-cu ildə dövlət büdcəsinə ümumilikdə 59 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub. Bundan başqa, 2010-cu il yanvarın 1-i tarixinə bütün özəlləşdirmə dövrü ərzində 25,3 milyon ədəd dövlət özəlləşdirmə çeki, yəni əhaliyə paylanmış özəlləşdirmə çeklərinin təqribən 80 faizi silinib. K.Həsənov əlavə edib ki, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə təkliflər də hazırlanıb. Belə ki, "Azərboru" səhmdar cəmiyyətinin böhrandan sonrakı fəaliyyəti üçün əlverişli zəminlərin yaradılması ilə əlaqədar proqramın hazırlanmasına köməklik göstərilib: "Müəssisəyə dövlət köməyi və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq təkliflər verilib. Dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı ilə bağlı "Azəralüminium" ASC-nin fəaliyyətinin dəstəklənməsi və maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə də müvafiq təkliflər verilib".
İcarə haqlarını ödəməyənlərə xəbərdarlıq edilib
Komitə rəhbəri dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyətinin araşdırılması ilə bağlı işlərin aparıldığını da deyib: "Torpaq qanunvericiliyinin tələbləri pozulmaqla istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri, həmçinin respublikanın digər şəhər və rayonlarında monitorinqlər keçirilib. Tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə əmlakın mövcud vəziyyətinin və ondan istifadənin səmərəliliyinin araşdırılması istiqamətində monitorinqlər davam etdirilib". Ötən il 300-ə yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb. Özəlləşdirilmədən sonra alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 82 sosial təyinatlı obyektdə monitorinqlər aparılıb. Dövlət torpaqları haqqında sistemləşdirilmiş məlumatları özündə əks etdirən məlumat bankına 8000-dən artıq dövlət müəssisəsi, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri barədə məlumat daxil edilib. Sədrin sözlərinə görə, ötən ildə 700-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib: "İcarə haqlarını ödəməyən 900-ə yaxın qeyri-yaşayış sahəsinin icarəçisinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 200-ə yaxın iddia ərizəsi göndərilib". Bununla bağlı 35 məhkəmə qərarı qəbul edilib. 2009-cu il ərzində torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 200-ə yaxın icarə müqaviləsi bağlanılıb. İcarə borclarını vaxtında ödəməyən 180 torpaq icarəçisinə xəbərdarlıq məktubu göndərilib, 40 icarəçiyə qarşı iddia qaldırılıb. Bundan başqa, dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinqlər keçirilib. Bu zaman 600-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə 170-ə yaxın faktla bağlı məhkəmələrə iddia ərizələri verilib. ƏMDK rəhbəri icarəçilər tərəfindən ötən il ərzində 11 minə yaxın ödənişin həyata keçirildiyini də vurğulayıb: "Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 5 milyon manat vəsait daxil edilib".
İrihəcmli daşınmaz əmlak obyektlərinin kadastr planları tərtib edilir
K.Həsənovun sözlərinə görə, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi də başa çatdırılıb. Eyni zamanda, qanunvericilikdə və hüquqi normativ aktlarda edilmiş dəyişikliklər nəzərə alınmaqla "Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi" təkmilləşdirilib, yeni modullar yaradılıb, sistemin yeni variantı hazırlanıb: "2009-cu ildə respublika üzrə 89 mindən artıq daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 30 minə yaxını ilkin, 59 minə yaxını isə təkrar qeydiyyat olub. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 19 minə yaxınını fərdi yaşayış və bağ evi, 34 minə yaxınını mənzil, 31 minini torpaq sahəsi, 5 minə yaxınını qeyri-yaşayış sahəsi təşkil edib. Hesabat müddətində 15,5 minə yaxın ipoteka müqaviləsi, 650-ə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb". Daşınmaz əmlakın vahid kadastrının aparılması, ayrı-ayrı daşınmaz əmlak növləri üzrə kadastr aparan icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin qurulması və məlumat mübadiləsinin aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi sahələrində də işlər görülüb. Müvafiq sahədə normativ hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti dövlət qurumları ilə müzakirə edilib: "Respublika ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planları hazırlanıb, daşınmaz əmlak obyektlərinə kadastr planlarından çıxarışlar verilib, eyni zamanda, inşası nəzərdə tutulan irihəcmli bir sıra daşınmaz əmlak obyektlərinin kadastr planlarının tərtibi üzrə işə başlanılıb". Ünvan reyestrinin tərtibi və aparılması məqsədi ilə mövcud ünvan məlumatlarının bir qismi toplanılıb. Daşınmaz əmlak obyektlərinin identifikasiyası üçün rəsmi ünvanların və ünvan xəritələrinin mövcud vəziyyətinin təhlilinə başlanılıb: "Ünvan xəritələrindəki mövcud məlumatlarla yerdəki məlumatların uyğunluğu yoxlanılıb, dəqiqləşdirilib. Yeni ünvan məlumatlarının toplanılması, eləcə də yeni tikililər və onların ünvanları barədə göstəricilərin ünvan xəritələrinə əlavə edilməsi istiqamətində işlər görülüb".
HƏQİQƏT
|