Kərzayi "Taliban"ı zərərsizləşdirməyin oriyinal yolunu tapıb
Əfqanıstan prezidenti Həmid Kərzayi "Taliban"ı zərərsizləşdirməyin oriyinal yolunu tapıb. O bəyan edib ki, yaraqlıları tabe etdirməklə bağlı xüsusi plan hazırlayıb. Amma planın həyata keçirilməsində Qərbin maliyyə dəstəyinə böyük ehtiyac duyulur. Hesablamalara görə, bunun üçün Kabula 1 mlrd. dollar pul gərəkdir. Əfqanıstan prezidenti özünün yeni təşəbbüsünü yanvarın 28-də Londonda BMT himayəsi altında ölkəsi ilə bağlı keçiriləcək beynəlxalq konfransda daha geniş formada açıqlayacağını bəyan edib. Çox güman ki, beynəlxalq birlik tədbirdə H.Kərzayinin planını dəstəkləyəcək. "Biz bilirik ki, nəyin bahasına olursa-olsun sülhə nail olmalıyıq" - deyə H.Kərzayi BBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, silahı yerə qoyan hər bir "Taliban" üzvünə iş, dövlətin dəstəyi və öz doğma yerlərində yaşamaq imkanı yaradılacaq. O əlavə edib ki, ABŞ və Böyük Britaniya qarşıdan gələn beynəlxalq konfrans zamanı onun sülh planını dəstəkləyəcəklər. Planı Yaponiya da dəstəkləyib.
H.Kərzayinin planı ilə eyni vaxtda ABŞ dövlət katibi Hillari Klinton da Əfqanıstanla bağlı plan irəli sürüb. "Qeyri-hərbi strategiya" adlanan təşəbbüs kənd təsərrüfatının inkişafı, inzibati aparatın möhkəmləndirilməsi və yaraqlıların dinc həyata qaytarılmasını nəzərdə tutur.
Yaraqlılara gəldikdə, onlar Kabul və Vaşinqtondan gələn çağırışları qulaqardına vurublar. "Taliblər"in nümayəndəsi Zəbihulla Mücahid bəyan edib ki, Kərzayi hökuməti ilə hər hansı danışıq aparmaq niyyətində deyillər. Yaraqlıların fraksiyalarından birinin rəhbəri, əfqan müharibəsi zamanı ABŞ-dan yardım almış Gülbəddin Hikmətyar bəyan edib ki, danışıqlar stolu arxasında yalnız xarici qoşunlar ölkəni tərk etdikdən sonra otura bilər.
Yeri gəlmişkən, H.Kərzayi parlament seçkilərinin may ayına kimi təxirə salınması barədə də qərar qəbul edib. Bu, onun Qərb dövlətlərinə güzəşti kimi nəzərdən keçirilir. Belə ki, Qərb prezident seçkilərində saxtakarlığa yol açmış əfqan seçki sisteminin dəyişdirilməsinə çalışır. Qərbdə ona da ümid edirlər ki, ABŞ-ın ölkəyə gələn yeni hərbi kontingenti ölkədə əmin-amanlığı qoruyub saxlaya biləcək.
Bu arada bəlli olub ki, ölkənin müstəqil seçki komissiyası may ayına nəzərdə tutulmuş yeni parlament seçkilərini sentyabr ayında keçirəcək. Buna səbəb kimi səsverməni keçirmək üçün yetərli həə vəsaitin olmaması göstərilib. BMT-nin xüsusi təmsilçisi Kai Eide BBC-yə deyib ki, prezident seçkilərindən nəticələr çıxarmaq olduqca vacibdir.
"Taliban"la bir olan "Əl-Qaidə" terror təşkilatı da H.Kərzayinin və Qərbin çağırışlarını rədd edib.
Belə ki, təşkilatın lideri Üsamə bin Laden ABŞ-ı yeni terror aktları ilə hədələyib. Qətərin "Əl-Cəzirə" telekanalının yanvarın 24-də yayımladığı audioyazıda bin Laden ABŞ-a qarşı terror hücumlarının davam edəcəyini bəyan edib: "Fələstin təhlükəsiz olmayınca, Amerika öz təhlükəsizliyi haqqında xəyal belə edə bilməz. Siz İsrailə dəstəyi davam etdirdikcə, biz də hücumları dayandırmayacağıq". Bin Laden nigeriyalı Ömər Faruk Əbdülmütallibin "Delta Northwest" aviaşirkətinə məxsus təyyarədə partlayış törətmək cəhdini 11 sentyabrda törədilmiş terror aktı ilə eyniləşdirib. Lakin bin Ladenin yeni audioyazının nə qədər mötəbər olduğunu söyləmək hələlik mümkün deyil. O, sonuncu dəfə 2007-ci ildə 11 sentyabrda törədilmiş terror aktının ildönümü münasibətilə yayımladıqları 30 dəqiqəlik videorolikdə görünüb. "Əl-Qaidə" lideri həmin görüntüdə ərəb geyimində və ağ əmmamədə olub.