Rusiya XİN başçısı ümumi anlaşma yarandığını deyir
Dünən Soçi şəhərində "Krasnaya polyana" qəbul evində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Ermənistan mətbuatının məlumatına görə, görüş iki saat yarım davam edib. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edərək danışıqların yekunu ilə bağlı məlumat verib. XİN başçısı prezidentlərin ötən il keçirilən formatda danışıqları davam etdirdiyini, bu dialoqun Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri qane edən sülh yolu ilə nizamlanması variantının axtarışına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini möhkəmləndirdiyini bildirib: "Danışıqlar çox səmərəli oldu, tərəflər həmsədrlərin təqdim etdiyi konkret təklifləri nəzərdən keçirdilər. Ümumi anlaşma var və bütün bunlar sənədlərin preambula hissəsində təsdiqini tapıb. Tərəflər belə bir sənədin mövcudluğunu müsbət qiymətləndiriblər, çünki bu, danışıqları abstrakt formada deyil, konkret formullar əsasında aparmağa imkan verir. Bugünkü danışıqların ən mühüm nəticəsi ondan ibarət oldu ki, tərəflər razılaşdırılmayan məsələlərlə bağlı öz formullarını hazırlayacaq və sonra bu formullar sənədə daxil ediləcək. Tərəflər çox açıq söhbət etdilər, əminik ki, bu, həmsədrlərə gələcək işlərində yardımçı olacaq. Danışıqlar səmərəli oldu və prezidentlər dialoq prosesini davam etdirməyi razılaşdırdılar". Nazir sənədin və ya onun preambulasının detallarını dəqiqləşdirməkdən imtina edib. "Bu, tərəflərin danışıq predmetidir" - deyə o deyib.
Qeyd edək ki, "Krasnaya Polyana" dağ-xizək kompleksində keçirilən söhbətin sonunda Rusiya və Azərbaycan prezidentləri xizəklə sürüşməyi və qeyri-rəsmi ünsiyyəti davam etdirməyi qərara alıblar.
Xatırladaq ki, bu, prezidentlərin üçtərəfli formatda keçirdiyi sayca 5-ci görüşdür. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Sergey Prixodko, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan Prezident Aparatının direktor müavini Vigen Sarkisyan iştirak edib.
İlk belə görüş 2008-ci ilin noyabrında keçirilib, görüşdən sonra hər üç prezident Moskva Bəyannaməsi imzalayıblar. Prezidentlərin növbəti üçtərəfli görüşü 2009-cu ilin iyununda Sankt-Peterburqda, üçüncü görüşü bir ay sonra Moskvada, dördüncü görüşü ötən ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilib.
"Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünü növbəti görüş kimi dəyərləndirmək düzgün olmaz". Belə bir bəyanatla Ermənistan parlamentinin daxili məsələlər üzrə komissiyasının keçmiş rəhbəri, Ermənistan Liberal Partiyasının lideri Ovannes Ovannisyan çıxış edib. Onun sözlərinə görə, ölkə başçılarının üçtərəfli görüşü zamanı çərçivə sənədi əldə olunmayacaq, lakin hansısa şifahi bəyanatların səslənəcəyi istisna deyil: "Əminəm ki, bu görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir və bunu qiymətləndirməmək olmaz. Bu görüş hər iki tərəf üçün kifayət qədər mühüm və dönüş xarakterli olacaq". Ovannisyan hesab edir ki, bu görüşdə Rusiya Cənubi Qafqazda əsas oyunçu olduğunu bir daha xatırladacaq və müvafiq məsələdə də prioritet məhz onun əlindədir. "Çox təəssüf ki, bütün bu görüşlər Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistanın maraqlarına cavab verən qərarla əlaqələndirilmir. Bizə sadəcə, qəbul olunacaq istənilən qərarın Dağlıq Qarabağ üçün acınacaqlı olmayacağına ümid etmək qalır" - deyə o söyləyib. O, eyni zamanda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli problemini uzatmaq Ermənistana da sərf etmir: "Belə getdikcə, biz münaqişənin həlli yolundan daha da uzaqlaşmağa başlayırıq və artıq onun nizamlanması məsələsində olan rolumuzu itiririk".
Azər NURİYEV