|
"Istanbul Fashion Show" sərgisi keçiriləcək
Gələn həftə Heydər Əliyev adına İdman Konsert Kompleksində "Meridyen" Beynəlxalq Sərgi şirkəti və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) dünya şöhrətli brendlər və yüksək keyfiyyəti ilə seçilən geyim markalarından ibarət sərgi təşkil edəcək. Sərgidə dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş olunacaq. Yanvarın 28-dən 30-a qədər davam edəcək "Istanbul Fashion Show" adlı sərgidə Türkiyənin ən məşhur tekstil şirkətlərinin məhsulu olan qadın, kişi, uşaq geyimləri, ayaqqabılar, müxtəlif aksesuarlar və s. sərgilənəcək. Dünən "Park Inn" otelində "Istanbul Fashion Show" sərgisinə həsr olunan mətbuat konfransında media nümayəndələrinə sərginin əsas məqsədi, azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıq və iş birlikləri barədə ətraflı məlumat verildi.
Layihənin Azərbaycan üzrə koordinatorları Alper Ceksi və Anil Şeçerin, təşkilat komitəsinin sədri Ruhiyyə Kaçan və "Meridyen" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlunun qatıldığı mətbuat konfransında qeyd olundu ki, bu, "Meridyen"in Azərbaycanda təşkil edəcəyi yeganə sərgi olmayacaq. Belə ki, şirkət bu ilin iyun ayında ölkəmizdə daha bir moda sərgisi təşkil etməyi planlaşdırır. Alper Ceksi Türkiyənin ən böyük sərgi şirkəti olan "Meridyen"in 1998-ci ildə İstanbulda fəaliyyətə başladığını və bu müddətdə çox mühüm layihələrə imza atdığını diqqətə çatdırdı: "Gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və Şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, azərbaycanlı xanımlar və bəylər qədər çox az xalqa məxsusdur. Ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Biz şirkətin sərgisini də azərbaycanlıların dəb zövqünü nəzərə alaraq Bakıda keçirmək qərarına gəldik. Bunun üçün bir şou düzənləməyi planlaşdırdıq. Qadın, kişi, uşaq, idman, gecə və s. geyimlərdən ibarət ən böyük firmaların hazır geyimlərini gətirməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindəyik". A.Ceksinin sözlərinə görə, göstəri xarakteri daşıyan sərgini keçirməkdə məqsəd həmçinin həmin firmaların Azərbaycan bazarında öz satışlarını təşkil etməsi və mağazalarını açması ilə bağlıdır: "Azərbaycan xalqının türk modasının marağında olduğunu görürük. Rəqəmlər göstərir ki, burada hazır türk geyimlərinə böyük maraq var". A.Ceksin sözlərinə görə, şirkət indiyə qədər öz sərgisini Ukrayna, Tacikistan və Özbəkistanda keçirib. Türk hazır mallarının satışına gəlincə, onların bazarı ən çox Rusiyadadır. Bunun səbəbini isə A.Ceksin Azərbaycana gec gəlmələri ilə əlaqələndirir. A.Ceksin sözlərinə görə, 2008-ci ilin noyabr ayında hazır geyim sektorunda 1 milyon 699 min ixracat qeydə alınıb. 2009-cu ildə isə bu rəqəm artaraq 4 milyon 300 min dollar civarında olub. "Türkiyənin xarici ixracat rəqəmləri göstərir ki, hazır geyim ixracatı 13 milyard dollardır. Azərbaycanın payının 32 milyon dollar olduğunu görüncə, bu qərara gəldik ki, bu geyimlərin satışının Azərbaycanda genişləndirilməsi lazımdır. Bu rəqəmlərlə Azərbaycan xalqının türk modasına marağının daha da artdığını görürük. Sərgini də ona görə açdıq ki, insanlar son dəbdə olan hazır geyim məhsulları ilə tanış olsunlar və gələcəkdə firmaların müştərisinə çevrilsinlər". A.Ceksinin sözlərinə görə, kifayət qədər dəyərli və bahalı mallar Azərbaycanda satılan məhsullardan da ucuz olacaq. Yurnalistlərin suallarını cavablandıran A.Ceksin sərginin təşkilinin maliyyə məsrəflərini açıqlamadı. Yalnız onu bildirdi ki, bu məbləğ Rusiya ilə müqayisədə xeyli aşağıdır. Şirkətin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlu sərginin hazırlıq mərhələsinin təxminən 6 aya qədər davam etdiyini bildirdi. Onun sözlərinə görə, bu prosesdə heç bir baryerlərlə qarşılaşmayıblar: "Sərginin keçirilməsi azərbaycanlı iş adamları ilə əməkdaşlığın qurulması və qarşılıqlı iş birliklərinin yaranması istiqamətində mühüm addım olacaq. Tədbirin yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni edəcəyik". Şirkətin Müştəri Xidmətləri üzrə rəhbəri Anil Şeçerin türk tekstil firmalarının yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərəcəyinə inamını bildirdi: "Türkiyənin ən böyük firmaları sərgidə öz mallarını nümayiş etdirəcək. Bu firmalardan "Müzəffər" dünyanın bir çox ölkəsində tanınan firmadır. Bundan əlavə, adları məşhur olan digər firmalar da xidmət üçün əllərindən gələnləri əsirgəməyəcəklər. Məqsəd həm Azərbaycan xalqı, həm də tekstilə marağı olan iş adamları ilə görüşməkdir. O üzdən sərgiyə çoxlu azərbaycanlı iş adamları dəvət olunub. Məqsəd həmçinin son dəbi tanıtmaqdır". Qeyd olundu ki, sərgidə nümayiş olunacaq hazır geyimlər azərbaycanlı manikenlər tərəfindən təqdim olunacaq. Türkiyəli manikenlərin gəlişi isə sürpriz ola bilər. Sərgiyə giriş pulsuzdur.
Təranə MƏHƏRRƏMOVA
|