|
Ötən il Azərbaycanda 52 aptekin fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib. Onun sözlərinə görə, ötən il 654 aptekə baxış keçirilib. Fəaliyyətini könüllü dayandırmaq istəməyən 40 aptekə qarşı İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə 300-500 manat cərimə sanksiyaları tətbiq edilib. P.Əzizbəyov bildirib ki, mərkəzin fəaliyyətə başladığı 2007-ci ilin iyul ayından indiyədək Azərbaycanda 353 aptekin fəaliyyəti dayandırılıb. Ötən il apteklərdən 11005 qutu yararlılıq sertifikatı olmayan dərman vasitələri götürülüb. Onların hamısı məhv edilib.
|