|
Xanəndənin xarici səfəri konsert proqramı ilə də yadda qalacaq
Azərbaycanda verəcəyi geniş konsert proqramını hazırlayan Xalq artisti Alim Qasımov hələ də bunun tarixini dəqiqləşdirməkdə tərəddüd edir. Bir sıra səfərlərin olduğunu nəzərə alan xanəndə Bakı konsertinə xüsusi hazırlaşdığını bildirdi. Səfərdən söz düşmüşkən isə öyrəndik ki, muğam ustadı yaxın günlərdə Nyu-Yorka gedəcək. Onun məlumatına görə, iki günlük konsert proqramı ilə çıxış edəcək. Öyrəndik ki, Nyu-Yorka səfər həm konsert, həm də yeni albomun təqdimatı məqsədi daşıyır: "Bir müddətdir mənim Nyu-Yorkda albomum hazırlanır. Bu işi oranın bir qrup musiqiçisi həyata keçirir. Təklifi bir il öncə almışdım. Razılaşmadan sonra orada alboma sığacaq qədər muğam, xalq mahnıları və təsniflər lentə yazıldı. Həmin musiqiçilər onu topluya köçürmək və digər tələb olunan işlər üzərində çalışıblar. Nəzərə alınıb ki, konsertimdən sonra albomun satışını həyata keçirək".
|