Məqsəd iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirməkdir
Dünən Beynəlxalq Muğam Mərkəzində Humanitar əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işə başladı. Forumda Rusiyanın tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, bir sıra nüfuzlu KİV-lərin nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirdə Rusiyanın xeyli sayda məşhur simalarının olduğunu xatırlatdı və qeyd etdi ki, forum çərçivəsində aparılacaq müzakirələr Azərbaycan və Rusiya xalqlarının və dövlətlərinin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
PA rəhbəri dedi ki, tədbirin məqsədi iki ölkə arasında humanitar sahədə əməkdaşlığı daha da dərinləşdirməkdir. O, ümid etdiyi bildirdi ki, forumun nəticəsi olaraq yeni layihələrin həyata keçirilməsinə başlanacaq.
R.Mehdiyev forumun təşkili ilə bağlı Azərbaycan və Rusiyanın Prezident administrasiyalarına xüsusi minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu cür forumun keçirilməsi iki ölkə başçısı - İlham Əliyev və Dmitri Medvedyevin sayəsində mümkün olub.
Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən R.Mehdiyev Azərbaycanda rus dilinə yüksək diqqət ayrıldığını xatırlatdı. O, Rusiyanın tanınmış şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq 1,5 milyon tirayla çap edilməsini Azərbaycanda rus mədəniyyətinə böyük marağın sübutu olduğunu qeyd etdi.
R.Mehdiyev Azərbaycan-Rusiya əlaqələrinin dərin tarixi köklərə söykəndiyini, bu münasibətlərin indi də yüksək səviyyədə davam etdirildiyini bildirdi. O, iki ölkə arasında bütün sahələr üzrə əlaqələrdə müsbət inkişaf nəzərə çarpdığını, əməkdaşlığın daha da möhkəmlənməsi üçün mühüm addımlar atıldığını qeyd etdi. "Bu gün Rusiya ilə əlaqələrimiz və əməkdaşlığımız sürətlə inkişaf edir. İTAR-TASS agentliyi kimi müstəqil ofislərin Bakıdakı fəaliyyəti bizim rus dilinə göstərdiyimiz diqqətin sübutudur. Bizim ali təhsil müəssisələrində 16 min tələbə rus dilində təhsil alır. MDU-nun Bakıdakı filialı buna parlaq nümunədir".
Forumda iştirak etmək üçün Bakıya Rusiyanın məşhur KİV rəhbərlərinin gəldiyini deyən administrasiya rəhbəri əlavə etdi ki, bu münasibətlərin yüksək səviyyədə olmasında KİV rəhbərlərinin rolu böyükdür: "KİV obyektiv məlumat təqdim edərək iki xalq arasında dostluğa öz töhfələrini verməlidir".
R.Mehdiyev çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxundu.
Afinada ATƏT-ə üzv ölkələrin XİN başçılarının münaqişənin nizamlanması ilə bağlı bəyanat qəbul etdiklərini xatırladan R.Mehdiyev həmin sənəddə münaqişənin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasının vacibliyinin qeyd olunduğunu, Ermənistanın ilk dəfə bunu etiraf edərək, həmin sənədə imza atdığını vurğuladı.
R.Mehdiyev Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən professional olmağa çağırdı: "Münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin, rusiyalı diplomat Aleksandr Qriboyedovun 19-cu əsrdə imperatora yazdığı məktubunu oxuyun. Diplomat İran və Türkiyədən Azərbaycana köçürülən ermənilərdən yazarkən qeyd edirdi ki, azərbaycanlılar ermənilərin yerləşdikləri torpaqlarda həmişəlik qalacaqlarından qorxurlar".
O, Rusiya mətbuatında Dağlıq Qarabağın SSRİ-nin sabiq rəhbəri İosif Stalin tərəfindən Azərbaycana hədiyyə edilməsi barədə yazılanları də tənqid etdi. Həqiqət tam bunun əksinədir: "Əslində, təzyiqlər altında İrəvan Ermənistana hədiyyə edilib. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olmayacağını bildirmişdi, amma belə olmadı. Əslində, Borçalı da Stalin tərəfindən Gürcüstana hədiyyə edilib".
R.Mehdiyev Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməninin yaşadığını, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda isə 1 nəfər belə azərbaycanlının qalmadığını dedi. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğuladı.
Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həllinə, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasına səy göstərdiyini deyən R.Mehdiyev bildirdi ki, problem yalnız işğal olunmuş torpaqların qaytarılması yolu ilə həll edilə bilər. "Məsələ qəti şəkildə həll olunmayana qədər məcburi köçkünlər öz evlərinə qayıda bilməyəcəklər" - deyə o qeyd etdi.
Prezident Administrasiyasının rəhbəri 20 Yanvar hadisələri haqqında da danışdı. O, həmin vaxt SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən Mixail Qorbaçovu faciənin törədilməsinin əsas günahkarı olduğunu bildirdi: "20 il bundan öncə Mixail Qorbaçovun əmri ilə heç bir fövqəladə vəziyyət elan olunmadan Bakıya tərkibində erməni birləşmələri olan ordu yeridildi, görülməmiş qətliam törədildi. Niyə həmin Qorbaçov bu hərbi hissələri məhz 1988-1990-cı illərdə İrəvana yeridilməsi haqqında əmr vermədi?! Baxmayaraq ki, orada xeyli azərbaycanlı qətlə yetirilirdi".
R.Mehdiyev 20 Yanvar hadisələri zamanı 147 nəfərin öldürüldüyünü, 700-dən çox şəxsin yaralandığını qeyd etdi və bu hadisəni törədən sovet ordusunu cinayətkar adlandırdı. Onun sözlərinə görə, 20 Yanvar günü qətlə yetirilən insanların yeganə günahı Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına etiraz etmələri idi. "Təəssüf ki, bu barədə o zaman müttəfiq KİV də susurdu. Onların bəzisi hətta Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını dəstəkləyirdi" - deyə R.Mehdiyev vurğuladı.
Tədbirdə çıxış edən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy forumu keçirməkdə məqsədin iki xalqın ziyalılarının birgə "beynini" yaratmaq olduğunu dedi: "Məqsədimiz odur ki, forum iki xalq arasında mövcud tarixi mədəni əlaqələrin inkişafına xidmət etsin. Bizim xalqlarımız bir-birini daha yaxşı tanımalı, yaxşı başa düşməlidirlər".
Rusiyanın mədəniyyət naziri Aleksandr Avdiyev bu forumda hər iki ölkə üçün ümumi məsələlərin müzakirə olunacağını bildirdi: "Bu gün forumun gündəliyinə münasibətlərimizdə nəyin daha çox və daha çevik inkişaf etdirilməli olduğunu müəyyən etmək, vətəndaş cəmiyyətlərinin mədəniyyətlərin qorumasında rolunu müəyyən etmək daxildir".
Forum bu gün işini davam etdirəcək.
İlham QULİYEV