|
Bəxtiyar adlı dağıstanlı Medvedyevin kürəkəni olmaq istəyib
Bəxtiyar adlı dağıstanlı Rusiya prezidenti Dmitri Medvedyevin kürəkəni olmaqdan ötrü Kremlə daxil olmağa cəhd göstərib. Bu barədə "Moskovskiy komsomolets" qəzeti "Çin-şəhər" Daxili İşlər Dairəsinin rəisi Oleq Vasilyevə istinadən məlumat verib. İnsident Spassk darvazasının yanında baş verib. Patrul milisləri Kremlin girəcəyində veyillənən şübhəli şəxsi saxlayıblar. Sözügedən şəxs bildirib ki, prezidentin qızını istəmək üçün D.Medvedyevlə görüşə tələsir. 35 yaşlı Dağıstan sakini dövlət başçısının yalnız oğlu olduğunu bilməyib. Prezidentin 1996-cı il təvəllüdlü İlya adlı oğlu var. Bəxtiyarın versiyası milisdə onun əqli sağlamlığına şübhə yaradıb. Dağıstan sakini psixiatrik müəssisələrdən birinə göndərilib. Məlum olub ki, Bəxtiyar Moskvaya 2 il əvvəl gəlib və kran operatoru işinə düzəlib. Amma böhranla bağlı tikinti dayandırılıb və dağıstanlı işini itirib. O, Rusiya prezidenti ilə qohum olaraq maddi vəziyyətini düzəltməyə çalışırmış.
|