QMİ sədri parlamentə müraciət etdi
Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən QMİ-nin sədri Allahşükür Paşazadə deyib ki, 20 Yanvar hadisələri ilə bağlı geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasına, bu hadisələri törədənlərin, başda Mixail Qorbaçov olmaqla cinayət məsuliyyətinə cəlb olunmasına, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmasına ehtiyac var. A.Paşazadə bildirib ki, 20 Yanvar faciəsi "Böyük Ermənistan" xülyası ilə yaşayan Aqembekyanların, Şahnazarovların, Balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərlərinin Azərbaycan xalqına qarşı öncədən hazırlanmış planı olub. Onun sözlərinə görə, həmin vaxt Sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə, dinc əhaliyə planlı divan tutublar. Xüsusi təyinatlı dəstələrin amansız qəddarlığı nəticəsində Bakıda və respublikanın bir sıra rayonlarında 136 nəfər şəhid edilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.
"Bu təcavüzkar aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir etmək və ona mənəvi zərbə vuramaq məqsədi daşıyırdı" - deyə A.Paşazadə əlavə edib. O, tarixin acı dərslərinin təkrar olunmaması üçün hadisələrin siyasi xarakterini açıqlayan sənədli filmlərin, əsərlərin yaranmasının, əsl həqiqətlərin üzə çıxmasının və şübhələrə son qoyulmasının vacibliyini vurğulayıb. "Biz bu təşəbbüslə dövlətə müraciət etməyi düşünürük. Bu qanlı faciə Azərbaycan xalqının qəlbində hər zaman silinməz iz kimi qalacaq" - deyə A.Paşazadə əlavə edib.
Millət vəkili Fəttah Heydərov çıxışına böyük qazax yazıçısı Olyas Süleymenovun "Əgər Heydər Əliyev 1988-89-cu illərdə Azərbaycanda olsaydı, 20 Yanvar hadisələri baş verməzdi" fikirlərini xatırladaraq başlayıb. Onun sözlərinə görə, 20 Yanvar hadisələri zamanı xalqa dəstək baxımından A.Paşazadə böyük rol oynayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağını bildirib. Komitə sədri deyib ki, 1990-cı ilin 13-14 yanvarında Bakıda və Sumqayıtda ermənilərə qarşı baş verənlər SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil olunub. "Erməni qırğınını Moskva təşkil etmişdi. Həmin hadisələr baş verəndə azərbaycanlılar ermənilərin xilaskarı kimi çıxış edirdilər. Bu, faktdır. 20 Yanvarda isə əksinə, ermənilər azərbaycanlıların qətlə yetirilməsində iştirak ediblər" - deyə H.Orucov əlavə edib.
Millət vəkili Yaqub Mahmudov isə bu vaxta kimi 20 Yanvar hadisələrinin lazımınca araşdırılmadığını vurğulayıb. Onun sözlərinə görə, 20 Yanvar qəhrəmanlıq kimi qeyd olunmalı, hərbi hissələrdə döyüş marşları çalınmalı, "Heyratı" səsləndirilməlidir: "Şəhidlərin məzarına gül qoymaqla işi bitmiş hesab etmək olmaz. 20 Yanvar hadisələrini törədən Mixail Qorbaçova Nobel mükafatının verilməsi dünyada ikili standart olduğunu bir daha sübut edir. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ölkənin Dağlıq Qarabağda pravoslav kilsəsi açması da ikili standartın nümunəsidir" - deyə Y.Mahmudov əlavə edib.
Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata deyib ki, 20 Yanvar Azərbaycan xalqının tarixi günlərindən biri, xalqın özünüdərk günüdür.
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov bildirib ki, Azərbaycan xalqını heç vaxt dizi üstdə çökdürmək olmaz. "O zaman ermənilər Azərbaycanda yüksək vəzifələrə sahib idilər, onların nəyi yox idi ki, belə hadisələrin törədilməsinə qol qoyublar?" - deyə S.İxiilov əlavə edib.
Konfransın yekunu olaraq Milli Məclisin sədri Oqtay Əsədova müraciət qəbul olunub. Şeyxülislam A.Paşazadənin imzası ilə parlamentə göndərilən müraciətdə 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı böyük bir cinayət olduğu bildirilib: "Bu cinayətə rəvac verən imperiya cəlladı Mixail Qorbaçovu birbaşa ifşa edən açıq müraciətin müəllifi kimi, 20 Yanvar şəhidləri qarşısında öz missiyamın ən mühüm məqamını - həmin faciə günahkarlarının dünya qarşısında ifşasını məntiqi sonluğa çatdırmaqda görürəm. Bütün bunları nəzərə alaraq, sizə müraciət edib, Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərini müdafiə edən ali orqan kimi qanlı qırğının səbəbkarlarının və əli Azərbaycan xalqının qanına batan cəlladların Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi üçün vəsatət qaldırmağınızı xahiş edirəm. Dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq hüquq zəminində rəylər əsasında canilərin əməllərinin əsl mahiyyəti dünya ictimaiyyətinə açıqlanmalıdır. Əminəm ki, Azərbaycan Milli Məclisi ədalətin zəfər çalması naminə cinayətkarların cəza alması üçün əlindən gədəni əsirgəməyəcək" - deyə müraciətdə qeyd olunub.
Yeri gəlmişkən, parlamentin deputatları 20 Yanvar faciəsinin günahkarlarının Haaqa tribunalına verilməsi təklifini dəstəkləyiblər.
"Trend News"a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib ki, gecikmiş addım olmasına baxmayaraq, 20 il öncə Bakıda törədilən qırğının səbəbkarlarının beynəlxalq məhkəməyə verilməsi zəruridir. Onun sözlərinə görə, Azərbaycan parlamenti artıq bununla bağlı xeyli iş görüb: "Milli Məclisdə müvafiq qərarlar qəbul olunub, günahkarların adları da həmin sənədlərdə çəkilib. Bu hadisəyə artıq hüquqi qiymət verilməli, dövlət qurumları bütün zəruri addımları atmalıdır". F.Mustafanın fikrincə, Haaqa tribunalına müraciət zamanı parlamentdə qəbul olunan həmin qərarlara da istinad edilməlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı da deyib ki, nəticənin necə olacağını düşünmədən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi üçün beynəlxalq məhkəməyə müraciət etmək lazımdır. Onun sözlərinə görə, sovet imperiyasının millətimizə qarşı törətdiyi faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bundan yaxşı vasitə yoxdur. "Mən Qafqaz Müsəlmanları İdarəsi sədrinin bu təşəbbüsünü alqışlayıram. Hadisədən sonra bu qırğında iştirakçı və dolayısı ilə günahı olan adamlardan müsahibələr götürülmüşdü. Həmin müsahibələr və digər sənədlərdən də istifadə etməklə, çox ciddi bir müraciət hazırlamaq mümkündür" - partiya sədri əlavə edib.
S.Rüstəmxanlının fikrincə, o vaxt SSRİ-yə rəhbərlik edən M.Qorbaçov və digərləri bu cinayətin törədilməsində iştirak ediblər. "Qorbaçov yanvarın 15-də ordunun Bakıya yeridilməsi ilə bağlı sərəncam imzalayıb. Bu cinayətdə əli olanların hamısı bizə məlumdur. Bütün sənədlər üzə çıxarılmalı və keçmiş SSRİ rəhbərliyinin cinayətlərini sübut edən danılmaz faktlar beynəlxalq məhkəməyə göndərilməlidir" - millət vəkili vurğulayıb.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da 20 Yanvar faciəsinin günahkarlarının Haaqa tribunalına verilməsi təşəbbüsünü yüksək dəyərləndirib. Onun fikrincə, bu prosesin sürətləndirilməsi üçün müvafiq dövlət strukturları Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin bu təşəbbüsünə diqqətlə yanaşmalıdır. "Fikrimcə, məsələlər hüquqi baxımdan bir daha araşdırılmalı və konkret addımlar atılmalıdır" - deyə partiya sədri xatırladıb.
İlham QULİYEV