Amerikalı həmsədr Robert Bradtkenin məlumatı hələlik rəsmən təsdiqini tapmayıb
"Ermənistan və Azərbaycan prezidentləri - Sery Sarkisyan və İlham Əliyev bu həftə görüşəcəklər". Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Robert Bradtke Dağlıq Qarabağda yurnalistlərə bildirib. "Mən regiona iki prezidentin bu həftə baş tutacaq görüşünə hazırlığa başlamaq üçün gəlmişəm. Mənə görə rəhbərliyin və Qarabağ əhalisinin mövqeyilə tanış olmaq üçün Dağlıq Qarabağa da səfər vacibdir" - deyə R.Bradtke yurnalistlərə bildirib. "ABŞ gələcəkdə Dağlıq Qarabağ xalqının sülh, çikçəklənmə və yaxşı həyat yaşaması üçün var gücü ilə səy göstərir. Bizim üçün Qarabağ münaqişəsinin həlli gedişində güc tətbiqi və ya onun tətbiqilə bağlı təhdidlər qəbuledilməzdir" - deyə amerikalı vasitəçi bildirib. Xankəndinə səfəri zamanı R.Bradtke tanınmamış Dağlıq Qarabağın "prezidenti" Bako Saakyanla da görüşüb. Ötən həftənin sonunda R.Bradtke Yerevanda Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüb. Yanvarın 20-də ATƏT-in Minsk qrupunu fransalı və rusiyalı həmsədrləri də Ermənistana gələcəklər.
Yeri gəlmişkən, Dağlıq Qarabağ məsələsi Moskvada Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedyev və Sery Sarkisyan arasında gedən danışıqlarda da əsas müzakirə mövzularından biri olacaq. Erməni mətbuatının yaydığı məlumata görə, prezidentlər 2009-cu ilin oktyabrında keçirilən Moskva görüşünün davamı olaraq böhranın hər iki ölkənin iqtisadiyyatları üçün mənfi nəticələrinin aradan qaldırılması perspektivlərini müzakirə edəcəklər. "İnterfaks"a Kremldəki mənbə bildirib ki, 2009-cu ilin yanvar-noyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 642,71 mln. dollar təşkil edib, 2008-ci ilin analoyi dövrü ilə müqayisədə 21,5 faiz azalıb. Kremldən qeyd olunub ki, prezidentlər, həmçinin "neft-qaz, atom energetikası sahəsində mövcud olan birgə layihələrin reallaşması üzrə planları, eləcə də infrastruktur proqramları" müzakirə edəcəklər. Mənbənin sözlərinə görə, danışıqların daha bir əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.
"Rusiyanın Dağlıq Qarabağ nizamlanmasında vasitəçilik səyləri və Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin müntəzəm üçtərəfli görüşləri baxımından dövlət başçıları danışıqlar prosesinin davam etdirilməsi perspektivlərini, kompromis həllin tapılmasının mümkünlüyünü müzakirə edəcəklər" - deyə mənbə bildirib. Onun sözlərinə görə, regional mövzu da iki ölkə liderinin diqqətindən kənarda qalmayacaq. "Onlar Müstəqil Dövlətlər Birliyinin (bu il Rusiya MDB-də sədrlik edir-müəl), Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının və Ermənistanın müşahidəçi qismində iştirak etdiyi Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə dair fikir mübadiləsi aparacaqlar" - deyə mənbə vurğulayıb. "RİA Novosti" agentliyinin yaydığı məlumata görə, Sarkisyanı səfər zamanı həyat yoldaşı da müşayiət edir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov "Media forum" saytına açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin noyabrında keçirilən sonuncu görüşündən sonra xarici işlər nazirləri və həmsədrlərə yeni təkliflər hazırlamaq tapşırılıb: "Danışıqlar davam edir və yeni təkliflər hazırlamaq istiqamətində iş aparılır. Görülən iş ondan ibarətdir ki, həmsədrlər öz təkliflərini hazırlayıb münaqişə tərəflərinə təqdim edirlər. Tərəflər isə onu müzakirə edib öz mövqeyini bildirirlər. Bu, daimi gedən prosesdir və həmsədrlərin səfərinin məqsədi də budur". Yeni təkliflərin mahiyyətinə gəlincə, E.Poluxov deyib ki, danışıqların bazasını Madrid prinsipləri təşkil edir: "Danışıqlar bu əsasda aparılır. Dağlıq Qarabağ münaqişəsində sıfırdan nəsə kəşf edib tərəflərə təqdim etmək mümkün deyil. Razılaşdırılmış məqamlar var. Hansı məsələləri razılaşdırmaq mümkün olmayıb, onların üzərində iş gedir". XİN rəsmisi deyib ki, prezidentlərin yanvarın sonunda Mockvada görüşüb-görüşməyəcəyi haqda məlumatı yoxdur. Xarici işlər nazirlərinin görüşü ehtimalına gəlincə, E.Poluxov bildirib ki, bu, həmsədrlərin səfəri, verəcəkləri yeni təkliflərdən asılıdır: "Yeni təkliflər müzakirə olunduqdan sonra görüş haqda qərar qəbul oluna bilər". E.Poluxovun sözlərinə görə, Azərbaycan danışıqlarda nəticə əldə olunacağına inanır: "Əgər belə bir inam olmasaydı, danışıqları davam etdirməyin əhəmiyyəti qalmazdı. Bu gün danışıqların kifayət qədər potensialı olduğuna görə proses davam etdirilir. Nəticəsi olmayan prosesdə heç kəs, xüsusən də Azərbaycan iştirak etməz. Azərbaycan münaqişənin həlli üçün öz qəti mövqeyini açıqlayıb. Rəsmi Bakı getdiyi kompromislərin çərçivəsini müəyyənləşdirərək çoxdan elan edib. Növbəti addımı Ermənistan atmalıdır və öz konusturuktivliyini göstərməlidir. Beynəlxalq vasitəçilərin Ermənistan qarşısında məsələ qoyması vacibdir və onların gözləntiləri Yeravandan olmalıdır".
Azər NURİYEV