İlham Əliyev: "Nizamlanma prosesində ərazi bütövlüyü prinsipi prioritet götürülüb"
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən dövlət başçısı 2009-cu ilin tarixdə maliyyə böhranı ili kimi qalacağını bildirib: "Buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bildi". Prezident İlham Əliyev bildirib ki, aparılan ciddi sosial və iqtisadi islahatlar Azərbaycanı hərtərəfli inkişaf etdirməyə şərait yaradır: "Belə ki, ölkəmiz 2009-cu ildə də öz iqtisadi maraqlarını qoruyub, insanların sosial vəziyyəti daha da yaxşılaşıb. 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artıb. Bu, tarixi nailiyyətdir. 2009-cu ildə sənaye istehsalında 8,6 faiz, kənd təsərrüfatında 3,5 faiz artım olub, 2009-cu ildə inflyasiyanın səviyyəsi 1,5 faiz təşkil edib. 2009-cu ildə Azərbaycana 9,2 milyard dollar investisiya qoyulub, onun da 7,3 milyard dolları daxili sərmayələrdir".
Dövlət başçısı bildirib ki, il ərzində nəhəng infrastruktur layihələri icra edilib, 74 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 11 faizə düşüb, ölkənin valyuta ehtiyatları artaraq 20,4 milyard dollar olub. Bundan əlavə, 2009-cu ildə Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisi tikilib, 5 olimpiya-idman kompleksi istifadəyə verilib, yeni yollar çəkilib, yeni eneryi gücləri yaradılıb: "2009-cu ildə xarici siyasət sahəsində də mühüm addımlar atılıb. Dostlarımızın, strateyi tərəfdaşlarımızın sayı artır". Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan prezident bildirib ki, məsələnin hansı yolla həlli artıq dəqiqləşib və nizamlanma prosesində ərazi bütövlüyü prinsipi prioritet götürülüb.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2009-cu ildə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məlumat veriblər.
Prezident İlham Əliyev yekun çıxışında bildirib ki, Azərbaycan öz resurslarına arxalanır və ölkəmizi daha da gücləndirmək və qarşıda duran vəzifələrin həlli üçün güclü iradə var: "Biz bu reallıqlarla haqlı olaraq fəxr edirik. Azərbaycanda artıq keçid dövrünün iqtisadiyyatı yoxdur, indi ölkəmiz liberal, dayanıqlı və öz resurslarına arxalanan iqtisadiyyata malikdir". Prezident İlham Əliyev bir daha 2010-cu ildə sosial proqramların və infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini deyib.