|
Tərəflər Ermənistanı yola gətirməyə çalışırlar
"2010-cu ilin başlanğıcı Azərbaycan üçün iki mühüm hadisə ilə əlamətdar oldu. Onlardan biri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri, digəri isə Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protokollarını imzalamasıdır. Bu barədə Politoloqların Diskussiya Klubunun dünən keçirilən 9-cu iclasında politoloq Fikrət Sadıxov söz açdı. Onun sözlərinə görə, Türkiyə baş nazirinin Rusiyaya səfəri Azərbaycan üçün əlamətdar olub. Çünki Ərdoğan Moskvada Azərbaycanın maraqlarına xidmət edən sərt bəyanatlar verib: "Ərdoğanın Moskvada verdiyi bəyanatlar təbii ki, Azərbaycanın maraqlarına uyğundur. Amma bir şey nəzərə alınmalıdır ki, bunlar hamısı şifahi ritorikadır.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan protokollarda Azərbaycanın maraqları nəzərə alınmayıb". F.Sadıxov qeyd etdi ki, Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarını təsdiq etməsi də regiondakı vəziyyət baxımından diqqətdən qaçırılmamalıdır. Onun sözlərinə görə, bu hadisə imzalanmış protokollara Ermənistanın Türkiyədən daha çox ehtiyacı olduğunu bir daha göstərib. Politoloqun fikrincə, hazırda Ermənistan siyasi və iqtisadi dalana dirənib. Bu dövlətin yaranmış vəziyyətdən çıxması üçün yeni dəhlizə ehtiyacı var. Diasporun və Daşnaksütyun Partiyasının etirazlarına baxmayaraq, Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan başqa çarəsi yoxdur. F.Sadıxov qeyd etdi ki, Ermənistan Konstitusiya Məhkəməsi bu addımı atmaqla Türkiyə parlamentinin protokolları ratifikasiya etməsinə təsir etmək istəyir. Amma Türkiyə parlamentinin protokolları Ermənistan kimi avtomatik ratifikasiya edəcəyinə inam azdır. Çünki Türkiyədə Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarının əsas götürülməsinin tərəfdarı kimi çıxış edənlər çoxdur. Belələri hətta hakim Ədalət və İnkişaf Partiyasının sıralarında da var. Politoloq dedi ki, bununla belə, proseslərin gələcək inkişafını proqnozlaşdırmaq çox çətindir. Bu, Azərbaycanın fəallığından da asılı olacaq. F.Sadıxovun fikrincə, gələcək proseslər Türkiyənin Azərbaycanın maraqlarını nə dərəcədə nəzərə alacağından, regionda Qərblə Rusiyanın maraqlarının uzlaşdırılmasından da asılıdır. F.Sadıxov onu da qeyd etdi ki, Rusiya neft və qaz marşrutlarına nəzarəti ələ almaqda israrlıdır. Bu baxımdan Türkiyə tranzit ölkəsi kimi Rusiya üçün çox önəmlidir. İndiki məqamda Türkiyə və Rusiya bir-birinin maraqlarını nəzərə alaraq əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq istəyirlər. Təsadüfi deyil ki, son vaxtlar Türkiyənin siyasi elitasında Gürcüstanın separatçı bölgəsi olan Abxaziyanın müstəqilliyinin Ankara tərəfindən tanınması fikirləri də müzakirə olunmağa başlayıb. Politoloqun fikrincə, yaxın zamanlarda Türkiyənin Abxaziyanı tanıması mümkün olmasa da, bu müzakirələrin aparılması belə ciddi hadisə kimi qəbul olunmalıdır. Politoloq Zərdüşt Əlizadə isə bildirdi ki, Türkiyə artıq nüvə dövlətləri klubuna daxil olmaq istəyir. Bu istiqamətdə ilk addım kimi ölkə ərazisində Atom Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. Politoloq dedi ki, ilkin mərhələdə Türkiyə nüvə eneryisindən dinc məqsədlərlə istifadə edəcək. Amma ölkənin gücü, elmi potensialı gələcəkdə nüvə silahı əldə etməyə də imkan verir. Z.Əlizadə onu da dedi ki, Türkiyənin bu istiqamətdə Rusiya ilə əməkdaşlıq etməsi də önəmli addımdır. Rəsmi Ankara bu yolla kifayət qədər müstəqil olduğunu nümayiş etdirmiş olur. Türkiyənin Rusiya üçün tranzit əhəmiyyətindən danışan politoloq qeyd etdi ki, bu, daha çox Ukraynada yanvarın 17-də keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olacaq. Əgər seçkilərdə indiki prezident Viktor Yuşşenko qalib gəlsə, Türkiyə Rusiya üçün önəmli tranzit ölkə kimi əhəmiyyətini saxlayacaq. Seçkidə Viktor Yanukoviç və ya Yuliya Timoşenko qalib gələrsə, Ukrayna-Rusiya münasibətləri normallaşacaq. Belə olan halda Rusiya böyük miqdarda xərc çəkib öz qazını Türkiyə ərazisi ilə nəql etməkdə maraqlı olmayacaq. Z.Əlizadənin fikrincə, R.T.Ərdoğanın səfəri zamanı Rusiya baş naziri Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının ayrı-ayrı məsələlər olması barədə bəyanatı heç də xoşəgələn hal olmayıb. Onun sözlərinə görə, keçən il belə bir ümid var idi ki, Rusiya Azərbaycan qazını əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq edəcək. Amma Putinin bu bəyanatı vəziyyətin belə olmadığını göstərib. Məlum olub ki, Azərbaycan Rusiyanı qaz amili ilə də şirnikləşdirə bilməyib. "Artıq mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına inanmıram" - deyə politoloq vurğuladı. Z.Əlizadə dedi ki, yaranmış vəziyyətdə həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan münasibətləri ilə ayrı-ayrı məsələlər olduğunu bəyan edib. Belə olan halda Türkiyənin təzyiqlərə nə qədər dözəcəyi sual doğurur. Tədbirdə politoloqlar Ermənistan prezidenti Sery Sarkisyanın Rusiyaya gözlənilən səfəri barədə gözləntilərini də açıqladılar. F.Sadıxov dedi ki, bu səfər R.T.Ərdoğanın Moskva səfərinin davamı kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, rəsmi səviyyədə inkar olunmasına baxmayaraq, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də eyni prosesin tərkib hissəsidir. "Hazırda bölgədə ciddi proseslər gedir. Tərəflər bir-birinin mövqeyini dəqiqləşdirirlər" - F.Sadıxov vurğuladı. O qeyd etdi ki, indiki məqamda proseslərin ağırlıq yükünün Moskva və Yerevanın üzərinə düşməsi təbiidir. Çünki Azərbaycanın güzəşt limiti bitib. İndi tərəflər Ermənistanı yola gətirməyə çalışırlar. Politoloq dedi ki, hazırkı məqamda Ermənistan Rusiya üçün də ağır yükə çevrilib. Rusiya bu problemdən qurtulmaq üçün müxtəlif çıxış yolları axtarır. Z.Əlizadə isə qeyd etdi ki, S.Sarkisyanın səfəri Ermənistan siyasi elitasının Rusiya-Türkiyə münasibətlərinin formalaşmasından narahat olması ilə bağlıdır. Onun fikrincə, S.Lavrov R.T.Ərdoğanın səfərindən dərhal sonra Yerevana səfər edərək Moskvanın heç vaxt Ermənistanı satmayacağını çatdırmaq istəyib. İndi də Moskva həmin mövqeyi S.Sarkisyana çatdırmağa çalışacaq. Politoloq Ermənistan prezidentinin Rusiyaya səfərinin ölkənin ağır iqtisadi durumu ilə bağlı olduğunu da bildirdi. Onun sözlərinə görə, Sery Sarkisyan Rusiyaya sədaqətinin müqabilində maliyyə yardımı istəyəcək. "Bir sözlə, Sery Sarkisyan Moskvaya dilənməyə gedir".
İlham QULİYEV
ryad-3
ABŞ və Norveç səfirliklərinin hədəflərində dəyişiklik İndi də məişət məsələləri siyasiləşdirilir
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra sahələrdə ciddi islahatlar aparıb. Bu islahatlar ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə xidmət edib. Ölkədə demokratik cəmiyyət qurulub, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində önəmli addımlar atılıb, dini etiqad azadlığının təmin edilməsi və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər hazırda da davam etdirilir. Ölkənin iqtisadi imkanları artdıqca islahatların sürəti daha da artır. Ötən ilin sonlarında prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq Azərbaycanda keçid dövrü başa çatıb. İndi ölkə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təbii ki, bütün bu uğurlar bir sıra dairələr tərəfindən qısqanclıqla qarşılanır. Bu səbəbdəndir ki, ayrı-ayrı xarici təşkilatlar, bəzi dövlətlərin Azərbaycandakı səfirlikləri proseslərə başqa prizmadan yanaşırlar. Onlar bəzən diplomatik etiket qaydalarını unudaraq ölkənin daxili işlərinə qarışırlar. Bəzi hallarda isə Azərbaycanda ictimai asayişin pozulmasına açıq-aşkar dəstək verirlər. Biz bu cür mövqeyi Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində baş verənlərlə də bağlı bütün çılpaqlığı ilə müşahidə etdik. ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin nümayəndələrini Muxtar Respublikaya səfəri zamanı baş vermiş kiçik bir hadisə şişirdildi və baş verənlərə siyasi don geyindirildi. Xarici ölkə səfirliyinin təmsilçilərinin bu cür addımları əslində, Azərbaycanda ictimai-siyasi asayişin pozulmasına xələl gətirmək cəhdi kimi də qiymətləndirilməlidir. Sanki bəzi xarici qüvvələr Azərbaycanda ictimai-siyasi asayişin təmin olunmasından narahatdırlar. Əvvəllər bu cür bəyanatlar guya ölkədəki siyasi partiyalara qarşı təzyiqlər, yurnalistlərin həbsi, müxalifətçilərin döyülməsi ilə bağlı verilirdi. Son vaxtlar məlum qüvvələrin bu bəhanələri əllərindən çıxıb. Bundan bir nəticə əldə edə bilmədiklərini görən dairələr indi də adi məişət məsələlərini hədəfə götürürlər. Məlum olduğu kimi, ABŞ-ın və Norveçin Azərbaycandakı səfirlikləri Naxçıvan Muxtar Respublikasında baş verənlərlə bağlı açıqlamalar veriblər. Açıqlamalarla tanış olduqda onların dövlətlərarası münasibətlərə və diplomatik etiket qaydalarına yaraşmayan addımlar olduğu açıq-aşkar hiss olunmaqdadır. Əslində, Muxtar Respublikada baş verənlər hamıya aydındır. Azərbaycanın hüquq-mühafizə orqanları hələ çox əvvəldən bəyan ediblər ki, kimliyindən asılı olmayaraq heç kimin ölkədə dini radikallığın artırılmasına yönəlik hərəkətləri cavabsız qalmayacaq. Belə hərəkətlərin qarşısı dərhal alınacaq. Naxçıvan Muxtar Respublikasında məsələyə məhz bu cür yanaşılıb. Amma bütün dünyada terrora qarşı mübarizə aparan, dini radikalizmin fəsadları ilə bağlı siyasətini intensivləşdirən ölkələrin səfirlikləri əks mövqe tutublar. Onların son açıqlamaları dini etiqad azadlığının təmin edilməsinə, insan haqlarının qorunmasına yönəlmiş addım kimi deyil, dini radikallığın artırılmasına töhfə, dini eksterizmə dəstək kimi də xarakterizə oluna bilər. Özü də maraqlıdır ki, Azərbaycana bu məsələlərlə bağlı etiraz dini radikalizmə qarşı mübarizə metodları dünya ictimaiyyəti tərəfindən dəfələrlə tənqidlərə məruz qalan ABŞ-ın səfirliyi tərəfindən edilib. Məlum olduğu kimi, dünya ictimaiyyəti dəfələrlə ABŞ hüquq-mühafizə orqanlarının qəddar davranışının şahidi olub. Amma nə ayrı-ayrı ölkələrin səfirlikləri, nə də Azərbaycanın ABŞ-dakı diplomatik korpusu bu məsələlərə heç bir müdaxilə etməyib. Əksər hallarda diplomatik etiket qaydalarına əməl edən diplomatlar fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə qarışmır, baş vermiş hadisələri şişirtmək istiqamətində canfəşanlıq göstərmirlər. Bütün bunlar nəzərə alınarsa, ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin son addımları yolverilməz hesab oluna bilər. Hər iki səfirlik öz səlahiyyətləri çərçivəsində dövlətlərarası münasibətlərin ruhuna uyğun fəaliyyət göstərməli, ictimai asayişin pozulmasına yönəlik addımlar atmamalıdırlar. Ölkədə fəaliyyət göstərən bütün diplomatik korusların təmsilçiləri unutmamalıdırlar ki, Azərbaycan 15-20 il əvvəlin ölkəsi deyil. İndi Azərbaycan kifayət qədər güclənib və xarici ölkələrin daxili işlərinə müdaxiləsinə imkan vermir.
F.ABASOĞLU
|