Sarkisyan Rusiya ilə münasibətləri daha da gücləndirmək istəyir
Ermənistan prezidenti Sery Sarkisyan Yerevanla Moskva arasında ikitərəfli münasibətlərin dərinləşməsi üçün bütün səylərini göstərəcəyini vəd edib. "Razılıqla qeyd etmək lazımdır ki, 2009-cu ildə bizim strateyi tərəfdaşlığımız keyfiyyətcə yeni elementlərlə zənginləşib, intensiv siyasi dialoqun səviyyəsi saxlanılıb, iqtisadi, mədəni və humanitar əlaqələr möhkəmləndirilib. Ermənistan Rusiya ilə ikitərəfli münasibətlərin dərinləşməsi üçün səylərini gələcəkdə də davam etdirəcək" - deyə S.Sarkisyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə bildirib. "İnterfaks"a Ermənistanın dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, S.Lavrov S.Sarkisyana "Rusiya prezidenti Dmitri Medvedyevin isti salamlarını çatdırıb". "Medvedyev ümidvardır ki, ölkələrimiz arasında ötən il mövcud olan intensiv tərəfdaşlıq və etibarlı dialoq bu il də davam edəcək" - deyə S.Lavrov vurğulayıb. "Biz həmçinin ölkələrimiz arasında strateyi tərəfdaşlığın, bütün sahələrdə müttəfiqlik və etimad dialoqunun səviyyəsini yüksək qiymətləndiririk" - deyə XİN başçısı vurğulayıb. Görüşdə S.Sarkisyan və S.Lavrov Rusiya və Ermənistan arasında müqavilə-hüquq bazasının gələcəkdə genişləndirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yeni müqavilələr əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq, ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək.
O da qeyd edilib ki, Ermənistan prezidenti Qarabağ münaqişəsinin həlli və Yerevan-Türkiyə münasibətlərinin normallaşması üçün göstərdiyi səylərə görə Rusiyaya minnətdarlıq edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylərə görə Rusiyaya minnətdarıq". Məlumata görə, S.Lavrov vurğulayıb ki, Rusiya Qarabağ münaqişəsinin həllində və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasında maraqlıdır. Görüşdən sonra bəlli olub ki, Ermənistan prezidenti Sery Sarkisyan yanvarın 18-də Moskvaya qısamüddətli işgüzar səfərə gedəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Səfər Rusiya prezidenti Dmitri Medvedyevin dəvətilə reallaşacaq. Öz növbəsində Ermənistanın dövlət başçısının mətbuat katibi Samvel Fərmanyan "İnterfaks"a bildirib ki, S.Sarkisyan Rusiyaya işgüzar səfərə xanımı Rita Sarkisyanla birlikdə gedəcək. "Moskvada dövlət başçıları siyasi dialoqu davam etdirəcəklər, iki strateyi müttəfiq - Ermənistan və Rusiya ilə region arasında əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər. Onun sözlərinə görə, Moskva səfəri zamanı Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün təşkili məsələsinin müzakirəsi mümkündür: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ciddi səylər göstərir və Ermənistan bu səyləri yüksək qiymətləndirir". O deyib ki, məhz Rusiya Federasiyası prezidentinin səyləri nəticəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının iştirakı ilə iki görüş keçirilib. O, bəzi KİV-də yanvarın sonlarında Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyü barədə yayılan məlumatlara da münasibət bildirib. Maraqlıdır ki, Ermənistan prezidentinin mətbuat katibi bu ehtimalı təkzib etməyib. O deyib ki, münaqişə dinc yolla həll olunmadan Azərbaycan və Ermənistan prezidentlərinin yeni ikitərəfli və ya digər formatda görüşləri təbiidir: "Bunda qeyri-adi heç nə yoxdur. Əgər belə görüşlər keçirilməsəydi, bu, qeyri-adi olardı". Samvel Fərmanyan rəsmi Yerevana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı "Madrid prinsipləri"nin təkrar gözdən keçirilmiş variantının təqdim olunduğunu təkzib edib. Son məlumatlara görə, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində yanvarın 20-də Yerevana səfər edəcəklər. Bu barədə məlumatı news.am saytı diplomatik mənbələrə istinadən yazıb. Həmsədrlər regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək, iki ölkənin dövlət başçısının növbəti görüşünün təşkili məsələsini müzakirə edəcəklər. Həmsədrlərin Xankəndinə səfər edəcəkləri məlum deyil.
Azər NURİYEV
|