|
Moskva Patriarxlığı məsələni siyasiləşdirməyin əleyhinədir
Moskva Patriarxlığı bəyan edib ki, Dağlıq Qarabağın statusuna qiymət verilməsini mümkün hesab etmir və Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdardır. "Rus Pravoslav Kilsəsi hər zaman Qarabağ münaqişəsini ağrılı qarşılayıb və Azərbaycan müsəlmanları və Ermənistan xristianları ilə birlikdə onun dinc yolla həllinin tapılıb siyasətçilərə təklif olunması üçün səy göstərib" - deyə patriarxlığın xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini ieromonax Filip (Ryabıx) "İnterfaks-Din" portalına bildirib. O qeyd edib ki, "münaqişənin yekun həlli siyasi liderlərin səlahiyyətindədir, Zaqafqaziya xalqlarının həyatının dinc yolla inkişafı həllini tapmaq onların birbaşa vəzifəsidir".
"Rus kilsəsi bu vəzifəni öz üzərinə götürməyə və bu siyasi münaqişəyə müdaxilə etməyə heç zaman cəhd göstərməyib. Lakin biz həmişə başa düşmüşük ki, bu münaqişənin əsas qurbanları sadə adamlar - ruslar, azərbaycanlılar, ermənilərdir, əsas faciə zonası isə Dağlıq Qarabağdır" - deyə keşiş vurğulayıb. O qeyd edib ki, Moskvaya qondarma Dağlıq Qarabağ Respublikasının yerli rusdilli əhalisindən onların kilsə həyatının təşkil edilməsi xahişli sorğular daxil olmağa başlayıb. Filipp Ata bildirib ki, bu gün Rus Pravoslav Kilsəsi tərəfindən mənəvi qidalanmaya can atan Dağlıq Qarabağ icması təxminən 600 nəfərdən ibarətdir. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusunun beynəlxalq səviyyədə həll olunmamasına baxmayaraq, Rus Pravoslav Kilsəsi pravoslav insanların ehtiyaclarına cavab vermək üçün addım atıb və 2009-cu ilin yayında Xankəndidə Moskva patriarxatının kiçik kilsəsi qeydiyyata alınıb, eləcə də məbədin inşası üçün torpaq sahəsi ayrılıb. Bundan başqa, keşiş deyib ki, bu kilsənin qeydiyyatı ləngiyirdi və bu proses yalnız Erməni Apostol kilsəsinin Arsax yeparxiyasının köməyindən sonra həyata keçirilib. "Dağlıq Qarabağdakı kiçik kilsə də daxil olmaqla, Ermənistanda Rus kilsəsinin üç kiçik kilsəsinin olduğunu deyərkən mən məhz bunu nəzərdə tuturdum. Biz kilsə yanaşmalarımızda ilk növbədə dövlət sərhədlərini deyil, kilsələrin bu və ya digər ərazidə yaşayan xristian xalqlarına görə məsuliyyət sərhədlərini nəzərdə tuturuq" - deyə Filipp Ata qeyd edib. O qeyd edib ki, Dağlıq Qarabağda kiçik kilsənin inkişafına münaqişə tərəflərindən birinin tərəfində durmaq vasitəsi kimi yox, əksinə "həmişə Rus Kilsəsi tərəfindən başı bəlalar çəkmiş Dağlıq Qarabağ torpağına sülhün daha bir amilinin gətirilməsi kimi baxılıb". "Biz ümid edirik ki, bu kiçik kilsənin həyatı həm ermənilərin, həm azərbaycanlıların, həm də rusdilli vətəndaşların bu regionda tarixin müəyyən dövrlərində olduğu kimi dinc yaşaya biləcəklərinə kömək edəcək" - deyə Filipp Ata bildirib. Keşişin sözlərinə görə, rus kilsəsində inanırlar ki, onun Ermənistanda, Azərbaycanda, Dağlıq Qarabağda mövcudluğu bu regionda tezliklə dinc nizamlanmaya yardım edəcək: "Biz Rus Kilsəsinin Dağlıq Qarabağdakı vəzifəsinə yalnız bu cür baxırıq".
Azər NURİYEV
|