|
Ukrayna prezidenti Yuliya Timoşenkonun maliyyə əməliyyatlarından danışıb
Bazar günü Ukraynada prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədlərin sayı çox olsa da, əsas favoritlər indiki baş nazir Yuliya Timoşenko və eks-baş nazir Viktor Yanukoviçdir. İndiki prezident Viktor Yuşşenko isə sanki məğlub olacağını bilirmiş kimi Timoşenkonu bir növ "qaralayıb". Yəni keçirdiyi təbliğat mitinqlərində əsas hədəf kimi baş naziri seçib. O, Timoşenkonun korrupsiya girdabında çabaladığını bəyan edib. Ölkə prezidenti seçicilərlə görüşündə Y.Timoşenkonun offşor bank hesablarına pul köçürdüyünü açıqlayıb. O, vaxtilə indiki baş nazirə qarşı qaldırılmış cinayət işlərindən, onun tutulmasından və digər qanunsuz işlərindən də danışıb: "İstintaq sübut edib ki, Yuliya Timoşenko dəfələrlə iri miqdarlarda rüşvət verib".
V.Yuşşenko deyib ki, Y.Timoşenko özünün "Yedinıye Enerqetiçeskiye Sistemı Ukrainı" şirkətinin fəaliyyətinə şərait yaradılması üçün o vaxtkı baş nazir Pavel Lazarenkoya da rüşvət verib. Nəticədə şirkət təbii qazdan 2 milyard 271 milyon 221 min dollar pul qazanıb. Bu vəsaitin 1 milyard dolları Sakit okeanda yerləşən və 11 min əhalisi olan Naunu adasındakı offşor banka köçürülüb. Men adasındakı offşor banka isə 401 milyon dollardan çox pul köçürülüb. Dövlət başçısının sözlərinə görə, baş nazir Mərkəzi Seçki Komissiyasına verdiyi gəlir, əmlak və mülkiyyət deklarasiyasında göstərib ki, onun mənzili, torpaq sahəsi, bağ evi yoxdur: "Bizim baş nazir bomy imiş. O bildirib ki, sadəcə, Dnepropetrovskdə fəaliyyət göstərən bir kafesi var. Bu kafe guya Timoşenkonun ailəsini dolandırır, geyindirir". Belə olan təqdirdə niyə 2005-ci ildə Y.Tomoşenkonu baş nazir təyin etdiyinə dair suala isə V.Yuşşenko belə cavab verib: "Həyatda bircə dəfə səhv buraxmaq olmazmı?". Prezident əlavə edib ki, həmin vaxt Y.Timoşenkoya qarşı qaldırılmış cinayət işlərini qurama hesab edirdi, lakin sonradan əmin olub ki, bu məsələlərin ciddi kriminal tarixçəsi var. Baş nazir də bu ittihamları cavabsız qoymayıb. Yuliya Timoşenko prezident Viktor Yuşşenkonu məhkəməyə verib. Baş nazir dövlət başçısının onu ciddi korrupsiya əməllərində ittiham etməsindən sonra Kiyevin Peçora rayon Məhkəməsinə müraciət edib. Y.Timoşenkonun mərkəzi seçki qərargahı rəhbərinin müavini Andrey Portnov bildirib ki, V.Yuşşenko daha əvvəllər də baş nazir və onun blokunun deputatlarına iftiralar atıb və bu, məhkəmə qərarları ilə təsdiqlənib. Lakin ölkə başçısı bu qərarları yerinə yetirməyib və üzr istəməyib.
Azər NURİYEV
|