|
Obama varlı şirkətlərdən ayrıca vergi toplayacaq
ABŞ prezidenti Barak Obama ölkənin 20 ən iri maliyyə şirkəti üçün yeni verginin tətbiqini təklif etmək niyyətindədir. Verginin məbləği onların borc öhdəliklərinin həcminə əsaslanaraq müəyyən ediləcək. Bu barədə "Bloomberg" agentliyi administrasiya nümayəndələrinə istinadən məlumat yayıb. Administrasiyanın nümayəndəsi bildirib ki, bu verginin hesabına hökumət yaxın 10 ildə 120 mlrd. dollar əldə etmək niyyətindədir. Yeni tədbirlərin bütün detallarının prezidentin xüsusi iclasında açıqlanacağı gözlənilir. Bundan əlavə, yeni vergi fevralda Konqresə cıxarılacaq büdcə layihəsinə daxil ediləcək. Ekspertlərin fikrincə, qanun layihəsi öz nikbin gələcəyini gözləyir. Belə ki, partiya üzrə tərəfdaşlar bütünlüklə prezidentin təşəbbüsünü dəstəkləyirlər. Respublikaçılara yeni vergini tənqid etmək çətin olacaq. Yeni verginin geniş seçici dəstəyini qazanacağı ehtimal olunur.
"Hazırda siyasi mövsümün qızğın çağıdır" - deyə ABŞ Konqresinin büdcə komissiyasında respublikaçıların rəhbəri, Miçiqan ştatından Nümayəndələr Palatasının üzvü Devid Kemp bildirib. Onun fikrincə, siyasi baxımdan bu qanun layihəsinə qarşı çıxmaq asan olmayacaq. Respublikaçılar bank top-menecerlərə ödənilən bonusların həcmini "məsuliyyətsiz" və "biabirçı" hesab etsələr də, onlar yeni verginin hələ də böhrandan özünə gələ bilməyən şirkətlərə bəzi zərər vurmasının mümkünlüyündən narahatdırlar. Administrasiyanın fikrincə, hökumətin əsas vəzifəsi overdraft və kredit kartları ilə baş verdiyi kimi bankların vergi yükünün ağırlığını öz müştərilərinin çiyinlərinə qoyması ilə bağlı vəziyyətə yol verilməməsi olmalıdır.
|