Bill Klinton və Corc Buş Haitidə zəlzələdən zərər çəkənlərə ianə toplayırlar
ABŞ-ın sabiq prezidentləri Bill Klinton və kiçik Corc Buş zəlzələnin dəhşətli dağıntılar törətdiyi Haitinin bərpası üçün ianə toplanması missiyasına başçılıq edəcək. "Exo Moskva" radiosunun yaydığı məlumata görə, Bill Klinton və Corc Buş prezident Barak Obamanın çağırışına cavab olaraq bu missiyanı öz üzərlərinə götürüblər. Qeyd edək ki, Bill Klinton həm də BMT-nin Haiti üzrə xoşməramlı səfiri statusunda çıxış edir. Şəxsi sektorda könüllü ianə toplanması ilə bərabər, ABŞ hökuməti dövlət büdcəsindən Haitiyə yardım məqsədi ilə 100 milyon dollar ayırıb.
BMT-nin Haiti üzrə xüsusi elçisi, sabiq ABŞ prezidenti Bill Klinton deyib ki, Haitidə baş verən zəlzələ Amerika qitəsinin tarixində baş verən ən fəlakətli hadisələrdən biridir. "Washington Post" qəzetində məqalə ilə çıxış edən Klinton Haitidə ərzağa, suya, sığınacağa və dərman ləvazimatlarına ehtiyac olduğunu bildirib: "Hazırkı fövqəladə hal başa çatdıqdan sonra görülməli bərpa və yenidənqurma işləri qalacaq. Birinci hədəfimiz dağıntılar altındakıları tapmaq və xilas etməkdir. Biz dağıntılar altında qalan 10 minlərlə insanın xilas edilməsi üçün əlimizdən nə gəlirsə, etməyə çalışırıq".
ABŞ prezidenti Barak Obama Haitiyə humanitar yardım göstərmək üçün ABŞ-ın tam imkanlarından istifadə etməyə söz verib. O, Haitidəki zəlzələni fəlakət adlandırıb. Prezident Ağ Evdə bəyan edib ki, Amerika yardım səylərinə dəstək məqsədilə əlavə 100 milyon dollar ayırır. Onun sözlərinə görə, ABŞ-ın Haitiyə dəstəyinin bir hissəsi artıq çatıb və yerdə qalan hissə də qısa zamanda çatacaq. Prezident ABŞ yardımının və heyətlərinin Haitiyə tam çatmasının saatlar və bəlkə də günlər apara biləcəyini deyib. Obama Birləşmiş Ştatların Haiti ilə həmrəy olduğunu dilə gətirib.
Birləşmiş Ştatlar Haitidə zəlzələdən zərərçəkənlərə yardım göstərmək və təhlükəsizliyi təmin etmək üçün bu ölkəyə təxminən 3 500 əsgər göndərəcək. Bu barədə ABŞ ordusunun rəsmisi mayor Brayan Fikel bildirib. Artıq 100 nəfərdən ibarət ilk heyətin günün sonunda yola salınacağı gözlənilir. Yeri gəlmişkən, Haitidə baş verən 7 ballıq zəlzələdən artıq bir neçə gün keçsə də, hələ də bu ölkənin sakinləri çaxnaşma içində beynəlxalq yardım gözləyirlər. Paytaxt Port-o-Prensi tamamilə dağıdan zəlzələ ölkə əhalisinin 1/3faizini - 3 milyon adamı evsiz-eşiksiz qoyub. Onsuz da kasıb dövlət olan Haitidə indi əsl böhran yaşanır, həyat üçün lazım olan heç nə çatışmır. Haitidə havaların soyuq olmaması minlərlə insanın parklarda və küçələrdə, dağıntılar arasında gecələməsinə imkan verir. Amma verilən çoxsaylı vədlərə baxmayaraq, Haitiyə ilk beynəlxalq yardım ancaq dünən gəlib. "Çin Hava Yolları"nın yük təyyarəsi paytaxt hava limanına xilasedicilər və təcili tibbi avadanlıqlar çatdırıb. Rusiya xilasetmə işlərinə yardım etmək üçün səyyar xəstəxanalar quraşdırır.
Haitidə dağıdıcı zəlzələdən sonra beynəlxalq yardımın gecikməsi səbəbindən əhali arasında narazılıq getdikcə artır. Şahidlərin sözlərinə görə, bir neçə gündür ac-susuz qalan haitililər etiraz əlaməti olaraq meyitlərdən sipər yaratmaqla yolları bağlayırlar. Zəlzələdən paytaxtın hava limanı da ciddi zədə gördüyündən xarici ölkələrin yardım və xilasetmə qruplarını daşıyan təyyarələr paytaxta enməkdə çətinlik çəkir.
Son məlumatlara görə, Haiti Qırmızı Xaç Komitəsi ada-dövlətdə baş verən dağıdıcı zəlzələ nəticəsində ən azı 50 min nəfərin öldüyünü açıqlayıb. Lakin bunun da ilkin rəqəmlər olduğu göstərilib. Haiti hökumətinin üzvləri təbii fəlakət nəticəsində ölənlərin sayının 500 min nəfərə çatacağını ehtimal edirlər. Ümumilikdə, zəlzələdən 3 milyon insanın zərər çəkdiyi bildirilir. Dünən, həmçinin ölkədə ilk kütləvi dəfn mərasimi keçirilib. Haiti prezidenti Rene Preval qardaşlıq məzarında 7 min insanın dəfn olunduğunu bildirib. BMT-nin Haitidəki missiyası isə ölən əməkdaşlarının sayına dair yeni rəqəmlər açıqlayıb. Zəlzələ nəticəsində BMT-nin Haiti missiyasında çalışan 36 nəfər ölüb, 73 nəfər yaralanıb, 160 əməkdaş isə itkin düşüb. YUNESKO-nun Haitidəki bölməsinin 14 əməkdaşından 8-nin taleyindən xəbər yoxdur. Haitidə ölənlər arasında ABŞ Dövlət Departamentinin 57 yaşlı əməkdaşı Viktoriya Delonq da var. ABŞ səfirliyinin üç əməkdaşının taleyi isə naməlumdur.
Fransa prezidenti Nikola Sarkozi Haitinin bərpasına dair beynəlxalq konfrans çağırılmasını təklif edib. O, hazırda bu təklifi dünya ölkələrinin rəhbərləri ilə müzakirə etdiyini bildirib. ABŞ dövlət katibinin müavini Filipp Krouli hələlik zəlzələ bölgəsində soyğunçuluq hallarına çox az-az rast gəlindiyini deyib. O, ictimai asayişin qorunması üçün bölgəyə hava-desant diviziyası əsgərlərinin göndəriləcəyini qeyd edib. Hərbçilər xilasetmə əməliyyatlarında iştirak etməklə yanaşı, yardımların əhaliyə çatdırılmasına da yardım göstərəcəklər. Ümumilikdə, bölgəyə 3 minədək hərbi qüvvənin göndərilməsi nəzərdə tutulur. Hazırda Haitidə sanitar vəziyyət dözülməz həddə çatıb. Meyitlərin küçələrdən yığışdırılmaması əhali arasında ciddi narazılığa səbəb olub. İnsanlar öz etirazlarını ifadə etmək üçün küçələrdə meyitlərdən barrikadalar qururlar. Meksikanın Haitidəki səfiri Everardo Suares yurnalistlərə verdiyi açıqlamada bildirib ki, hakimiyyət orqanları meyitlərin dəfni prosesini təşkil edə bilmir: "Küçələrdə yüzlərlə meyit var. Su, elektrik eneryisi və tibbi yardım çatışmazlığı ciddi problemlər yaradır. Gecələr küçələrə çıxmaq mümkün deyil, kriminal dəstələr kütləvi soyğunçuluqla məşğul olur".