|
Bu ilin yanvar ayında Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında DB-nın 2011-2012-cü illər üçün ölkə üzrə yeni əməkdaşlıq strategiyası (CPS) ilə bağlı məsləhətləşmələrə başlanacağı gözlənilir. DB-nın Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, yeni əməkdaşlıq strategiyası 2007-2010-cu illəri əhatə edən və 2006-cı ildə qəbul olunan son strategiyanın məntiqi davamı olacaq: "Azərbaycan hökuməti ilə yeni CPS üzrə məsləhətləşmələri aparmaq üçün yanvar ayında DB-nın missiyası Bakıya gələcək". Qeyd edək ki, hazırda qüvvədə olan CPS üzrə DB 2008-ci ildə 1,2 mlrd. ABŞ dolları məbləğində (hər ilə 600 mln. dollar olmaqla iki il müddətinə) əlavə vəsait ayırıb və bu vəsait mövcud strategiya başa çatanadək nəzərdə tutulub.
|