|
Azərbaycanda "Elektron səhiyyə" layihəsi çərçivəsində "Vətəndaşların Elektron Sağlamlıq Kartı" sisteminin (VESKS) inkişafı, o cümlədən Ədliyyə və Daxili İşlər nazirliklərinin informasiya sistemləri ilə inteqrasiyası istiqamətində işlər aparılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov "APA-Economics"ə bildirib ki, hazırda layihənin ilkin mərhələsi çərçivəsində uşaq kontingentinə xidmət edən şəhər və rayon tibb müəssisələrinin sistemə qoşulması yekunlaşıb. Artıq ölkədə fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları və xəstəxanaları sistemə qoşulub. Tibb müəssisələrinin mərkəzlə məlumat mübadiləsini təmin etmək məqsədilə genişzolaqlı internet şəbəkəsi yaradılıb. Kompyuter avadanlıqları alınaraq respublikanın doğum və uşaq tibb müəssisələrində 268 işçi yeri quraşdırılıb.
Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən bu elektron informasiya sistemi vasitəsilə əhalinin müvafiq elektron registrləri hazırlanmaqla vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və onların sağlamlığı barədə operativ məlumat bankının yaradılması təmin olunur. VESKS-ə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Kartda olan informasiya xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər. Mikroprosessorlu çiplə təchiz edilmiş plastik elektron kartlarının üzərində və çipdə yerləşdirilən məlumatlar kart sahibinə daha keyfiyyətli, effektiv və sürətli müayinə və müalicə olunmaq imkanı verir. Son məlumata əsasən, Azərbaycanda 130 mindən çox yeni doğulmuş uşağa elektron sağlamlıq kartı verilib və bu proses davam etdirilir. "Elektron Səhiyyə" internet portalı vasitəsilə Elektron Sağlamlıq Kartı sistemində qeydiyyata alınan və unikal kodu mövcud olan vətəndaşlar öz tibbi məlumatlarını internetdən əldə edə bilər.
|