Eleonora Mustafayeva, vokalçı: "Mənə ailəm dayaq olur"
Ötən həftə Opera və Balet Teatrında operasevərə görkəmli italyan bəstəkarı Rudyero Leonkovallonun "Payatsi" ("Məzhəkəçilər") operası təqdim olundu. Hər dəfə klassik operalarda yeni istedad axtarışına çıxan teatr rəhbərliyinin budəfəki tapıntısı yenə də uğurlu oldu. Belə ki, tamaşada aparıcı partiyalardan olan Nedda teatrın gənc vokalçısı Eleonora Mustafayevaya etibar olundu.
- Opera Teatrında debütünüz Verdinin "Trubadur" operasında Leonora partiyası ilə olmuşdu. Bu tamaşadan sonra növbəti partiyanı ifa etmək üçün sizə nə üçün uzun bir fasilə lazım oldu?
- Fasilənin səbəbi analıq məzuniyyətinə getməyim idi. "Trubadur"da oynayandan sonra ailə qurdum. Sonra övladım dünyaya gəldi. Ona görə də müəyyən müddətə səhnədən uzaqlaşmalı oldum.
- Keçən həftə "Payatsi"də ("Məzhəkəçilər") ifa etdiyiniz Nedda partiyası necə qarşılandı?
- Heç zaman özüm haqqında danışmağı xoşlamıram. Bundan əvvəl oxuduğum Leonora çox çətin partiya idi. Çalışdım ki, ondan sonrakı partiya da uğurlu olsun. Əlimdən gələni etdim. Nedda çox oynamalı, hərəkətli, dinamik bir obrazdır. Təkcə oxumaq lazım deyil, həm də səhnədə hərəkət lazımdır. Leonora isə çox dramatik obraz idi. Nedda ondan fərqlidir. O, səyyar artistdir. Truppanın yaşlı müdirinə ərə gedib. Ancaq Neddanın istəyi tamam başqadır. O, azad quş olmaq arzusundadır, kimsədən asılı olmaq istəmir. Sevgisini tapmaq, ailə qurmaq, yaşadığı həyat tərzindən qaçmaq arzusundadır. Ancaq sonda onun taleyi faciəli olur. Bu obraz məni rənglərlə cəlb etdi. İstəmədim ki, təkcə obrazın mənfi xüsusiyyətlərini göstərim. Obrazı cavan, ürəyi arzularla dolu olan bir qız kimi tamaşaçıya çatdırmaq istədim.
- Tamaşadan sonra özünüzü necə hiss etdiniz, imtahandan çıxmış kimi?
- İmtahan da demək olar. Amma bu, daha gözəl və fərqli hisslərdir. Əslində, səhnəyə hər dəfə çıxmaq, bir mahnı oxumaq da imtahandır. Bu obraz çox xoşuma gəldi. Təbii ki, çox böyük həyəcan var idi. Tamaşanı təhvil verənə qədər həddən artıq ciddi iş tələb olunurdu. Bu tamaşa üzərində var gücümlə çalışırdım. Tərəf-müqabillərim Azər Zeynalov və Əvəz Abdullayev də çox gözəl oynayırdılar. Hər kəs səhnədə olanda özünə qiymət verə bilir ki, daha nə edə bilər? Tam əminliklə deyə bilmərəm ki, özümdən razıyam. Bu sənətdə zirvə yoxdur. Nə qədər çox qalxırsansa, yenə də çalışmaq lazımdır. Tamaşanı oynayan gün əlbəttə, unudulan deyil. Mən güllərin içində itib-batmışdım. İnsanların yaxınlaşmasından, alqışlarından, gülümsəyən üzlərindən, təqdim etdikləri çiçəklərdən hiss edirdim ki, onların xoşuna gəlib. Onların təqdim etdiyi güllər, alqışlar mənim mükafatım idi.
- Vaxtilə mənə müsahibənizdə "Aida" partiyasını oxumaq arzusunda olmağınızı demişdiniz. Necə bilirsiniz, bu arzunuza çox var hələ?
- Mən hələ institut illərindən "Trubadur"u oynamaq istəyirdim. Bütün sopranolar bu partiyanı oynamaq istəyir. Aida partiyasını oxumaq isə arzudur. Çox istərdim ki, bu partiyanı ifa edim. Eyni zamanda, Toskanı, Traviatanı oxumaq istərdim. Aida isə mənim üçün operada zirvədir. "Trubadur" diplom işim olub. Bu operanı institutda oxuyanda çox sevirdim. O zaman bu operadan bir parça oxumuşdum. İnstitutda oxuyanda başqa partiyaları da oxuyurdum. Bəzən onları ifa etmək mənə çətin gəlirdi. Heç vaxt inana bilməzdim ki, Leonora partiyasını bütövlükdə oxuya biləcəyəm. Ancaq bu partiyanı ifa etmək mənə o qədər də çətin olmadı. Məqsədimə çatmaq üçün çox çalışdım. Bu obrazın ağırlığını əvvəlcə bu qədər dərk etmirdim. Səhnədə oxuyanda isə nə qədər çətin və məsuliyyətli bir partiyanı oxuduğumu dərk elədim. Buna görə özümü xoşbəxt hesab edirəm.
- Həm də daha böyük müsabiqələrə qatılmaq arzusunda olduğunuzu söyləmişdiniz.
- 1995-ci ildə Heydər Əliyev Sarayında keçirilən müsabiqədə laureat olmuşam. Onda İncəsənət Gimnaziyasında oxuyurdum. Sonrakı illərdə bir sıra problemlər yarandığından müsabiqələrdə iştirak edə bilmədim. İndi mənim üçün ən önəmli olan ailəm, uşağımdır.
- Ailə ilə sənəti bir əldə saxlamaq çətin deyil ki?
- Burda hər şey fərdidir. Şəxsən mənə ailəm dayaq olur. Onların dəstəyi olmadan bəlkə də səhnəyə çıxa bilməzdim. Mən ailə qurandan sonra bu dayağı çox hiss elədim. Onu da deyim ki, mənim sənətim də o vaxtdan başladı. Həyat yoldaşım məni çox həvəsləndirdi. Dedi oxu, özünü göstər. Düzdür, sizin sözlərinizdə həqiqət var. Bəzən bizim sənətdə olanlar ailə qurduqdan sonra uzaqlaşırlar. Ancaq bu sənətdə insana mütləq həmdəm lazımdır. Mən bu həmdəmi gördüyümdən ürəkləndim. Ailə qurmamışdan əvvəl ata-anam da mənə kömək edirdi. İndi hiss edirəm ki, sənətə uzun müddət özümü bağlaya bilərəm. Bilirəm ki, arxamda ailəm var və onlar mənə böyük dəstək göstərirlər. Məsələn, qayınanam Almaz xanım tamaşaya bir gün qalmış çatmayan şeyləri tapmaq üçün ora-bura qaçırdı, nə qədər qayğıma qalırdı. Ailə üzvlərim məni sanki bir balaca uşaq kimi bəsləyib tamaşaya çıxardılar. Yalnız obraz haqqında düşünməyim üçün onlar mənə bütün şəraiti yaratdılar. Ona görə mən də çalışıram ki, vaxtımı həm ailəmə sərf edim, həm də işimə. İstəyirəm ki, ailə və iş bir-birinə mane olmasın. Ailəm mənə dəstək olduğundan mən də onlara qarşılıqlı diqqət göstərməyə çalışıram. Həyat yoldaşım Mustafa Mustafayev Gənc Tamaşaçılar Teatrının rəssamıdır. Bundan əlavə, Bələdiyyə Teatrında tamaşalara tərtibat verib, bir neçə kinonun rəssamı olub. Ümumiyyətlə, ailədə hamısı sənətə bağlı adamlardır. Qayınanam Almaz xanım da aktrisadır. Rəhmətlik qayınatam da rəssam olub.
- Bizim opera səhnəsindən xarici ölkələrin səhnəsinə çıxıb məşhurlaşmaq niyə bu qədər çətindir?
- Asan heç nə yoxdur. Təkcə onu deyə bilərəm ki, yalnız işləmək lazımdır. Əgər insan çalışsa, həmin imkanları əldə edə bilər. Mənə elə gəlir ki, hər şey insanın özündən asılıdır. İnsana heç nə göydəndüşmə verilmir. Bilirəm ki, Leonora, Nedda partiyalarını oxudumsa, arxayınlaşmaq lazım deyil. Çox vaxt bizim sənətimizi idmanla müqayisə edirlər. İdmanda olduğu kimi həmişə məşğul olmaq lazımdır. Bu sənətdə dayanmaq geriyə qayıtmağa bərabərdir. Teatrımızda rəhbərlik gənclər üçün hər cür şərait yaradır. Qalanı isə özümüzdən asılıdır. Hər bir vokalist La Skala, Metropoliten səhnəsinə çıxmaq istəyər. Mənim arzum isə odur ki, o səhnələrdə gedib oxusam da, bu teatrdakı rollarım axarıncı olsun. Mənim teatr həyatım bu səhnə ilə bağlansın. Qastrollara getmək də gözəldir. Bu, peşəkarlığı, dünyagörüşü artırır. Ancaq ən yaxşısı öz teatrının səhnəsində çalışmaqdır.
Çox istərdim ki, Musiqi Akademiyasında vokal məktəbi daha yaxşı inkişaf eləsin. Gənc müəllimləri işləməyə dəvət eləsinlər. Ya xaricdən müəllimlər dəvət olunsun, ya da tələbələri həmin ölkələrə oxumağa göndərsinlər.
- Həmkarlarınızdan biri müsahibəsində belə bir fikir söylədi: "İndi tələbələr instituta səsli girib, səssiz çıxırlar". O, hətta müəllimləri də səhnədən xəbərsiz olmaqda ittiham etdi.
- Bu sözlərdə həqiqət var. İncəsənət sözü vokal sənətində tam mənasını tapır. Doğrudan da, bu, çox incə və zərif sənətdir. Bu sənətdə inkişaf etmək üçün, sirlərinə bələd olmaq üçün dünyagörüşün də zəngin olmalıdır. Çoxlu informasiya əldə etməlisən, dünya vokal sənətindən xəbərdar olmalısan. Düzdür, bir çox tələbə var ki, Konservatoriyaya yaxşı səslə gəlirlər, ancaq bir müddətdən sonra onların səsləri korlanır. Ya onlardan düzgün istifadə etmirlər, ya düzgün istiqamətləndirmirlər, ya da üzərlərində eksperiment aparırlar. Ona görə də hər bir adam öz şüuru çərçivəsində dünyagörüşünü artırmağa çalışmalıdır. Vokal sənəti elədir ki, gərək özün də çalışasan. Mən opera dərslərini Gülcahan Əhmədovadan almışam. Gülya xanım mənə böyük məktəb verdi. O mənə səhnəni sevdirdi. Səhnədə ilk addım atmağı öyrətdi.
- Sizcə gözəl səs Allah vergisidir, yoxsa hər adamın səsi üzərində işləyib ortaya nəsə çıxarmaq olar?
- Səs vergidir. Ədəbiyyatdan oxumuşam ki, əslində, vokal sənətinə tələbələri qəbul edəndə onlar həkim nəzarətindən keçməlidirlər. Yaxşı səsi xarab eləmək çox asandır. Yəni səsli adamın səssiz qalmaq ehtimalı var. Bəzən orta bir səs üzərində işləyib onu super səsə çevirmək də mümkündür. Bəzən isə əksinə. Ona görə də yaxşı səsi qorumaq lazımdır.
Təranə MƏHƏRRƏMOVA