|
Ölkədə istehsal olunan müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunacaq
Yanvarın 15-də Almaniyanın paytaxtı Berlində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisi öz işinə başlayacaq. 24 yanvar tarixinə qədər davam edəcək sərgidə Azərbaycan da iştirak edəcək. Avropanın ən iri sərgisi hesab olunan ənənəvi "Beynəlxalq Yaşıl Həftə"də ölkəmiz 3-cü dəfədir iştirak edir. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, 1926-cı ildən başlayaraq hər il keçirilən sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş olunur. Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri, eləcə də 10-dan çox iri şirkət təmsil edəcək. Dünyanın 60-dan çox ölkəsinin iştirakı gözlənilən sərgi istehsalçı şirkətlərin məhsullarının nümayişi, müəssisənin imicinin formalaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.
Mənbədən vurğulanıb ki, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizdə istehsal olunan müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunacaq. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, yurnallar, broşurlar, disklər paylanacaq. "Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisi çərçivəsində elmi-praktiki konfransların və forumların keçirilməsi, həmçinin bioloyi eneryi, ekoloyi təmiz məhsullar və sağlam qidalanma mövzularında müzakirələrin təşkili nəzərdə tutulur. Sərgi çərçivəsində bir sıra mədəni tədbirlərin keçirilməsi də planlaşdırılır. Belə ki, sərginin Azərbaycan pavilyonunda milli musiqimiz səslənəcək, milli mətbəximiz təqdim olunacaq, çay dəsgahı təşkil ediləcək.
HƏQİQƏT
|