|
1,7 ton uşaq yeməyi, 11 min sertifikatlaşdırılmamış oyuncaq, 2,4 minə yaxın uşaq geyimi məhv edilib
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDX) 2009-cu ildə fəaliyyəti barədə məlumat verib. Qurumdan qəzetimizə bildirilib ki, ötən müddətdə ASİHMDX tərəfindən istehlakçıların hüquqlarının qorunması, istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri və monitorinqlər keçirilib. İstehlakçıların maarifləndirilməsi üçün istehlakçı hüquqlarına dair 6 adda 60 min ədəddən artıq yaddaş kitabçası, 1500 plakat, sahibkarların istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 3 adda 5 mindən artıq yaddaş kitabçası çap edilib.
Bu məhsullar Bakı şəhərində və regionlarda istehlakçılara, eləcə də sahibkarlara paylanılıb. Bundan başqa, keçən il Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhərində taxıl və digər yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə sınaq laboratoriyasının yaradılması başa çatdırılıb. 2009-cu il ərzində Dövlət Xidməti tərəfindən MDB-yə üzv olan dövlətlərə ixrac olunan mallara ("CT-1" formalı mənşə sertifikatı) 8559, MDB-yə üzv olmayan dövlətlərə ixrac olunan mallara ("Ümumi forma"lı mənşə sertifikatı) 1761, Ümumi Preferensiyalar Sisteminə (GSP) daxil olan dövlətlərə ixrac olunan mallara ("Forma-A" mənşə sertifikatı) isə 830 ədəd mənşə sertifikatı verilib. Dövlət Xidmətinin 2009-cu ildə apardığı monitorinqlərə gəlincə, ümumi çəkisi 137 ton olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Yararsız malların 7,8 tonunu ət və ət məhsulları, 15,1 tonunu süd və süd məhsulları, 34,8 tonunu mineral sular və sərinləşdirici içkilər, 18 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Xidmət tərəfindən ötən il 3,3 ton taxıl məhsulları, 7,1 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 5,7 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 36,6 ton spirtli içkilər, 1,1 ton yarımfabrikatlar, 0,4 ton balıq və digər dəniz məhsulları və s. saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, ötən il ərzində istifadə müddəti ötmüş 1,7 ton uşaq yeməyi, 11 min ədəd sertifikatlaşdırılmamış uşaq oyuncağı və 2,4 minə yaxın müxtəlif növ uşaq geyimi satışdan çıxarılıb və məhv edilib. Ötən il dərsliklərin və məktəbli ləvazimatlarının satışı obyektlərində də yoxlamalar aparılıb. Yoxlamalar zamanı 178 ədəd saxta dərslik və 5921 ədəd normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dəftər satışdan çıxarılıb. Bundan başqa, ümumi çəkisi 1017 tondan çox olan saxta sement aşkar olunub və ticarət dövriyyəsindən çıxarılıb. İstehlak bazarında aparılan nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş 708 kiloqram məişət kimyası məhsulları, 888 ədəd ətriyyat və kosmetika məhsulları və s. satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntularına yol vermiş təsərrüfat subyektləri barəsində isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 845 qərar qəbul edilib. Qanunvericiliyin tələbini pozmuş şəxslərə 1,4 milyon manat həcmində inzibati cərimə tətbiq olunub.
HƏQİQƏT
|