|
Siyavuş Novruzovun fikrincə, ermənilər tədricən öz mövqelərindən geri çəkilirlər
"Azərbaycan dünyada yaşanan iqtisadi və maliyyə böhranından yan keçməyi bacara bildi". Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu fikirdədir. Onun fikrincə, bu baxımdan 2009-cu ilin nəticələrini yüksək qiymətləndirmək olar: "Dünyada hələ də maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda dinamik inkişaf gedir. Azərbaycanda bir sıra yerli, regional və beynəlxalq layihələr uğurla həyata keçirilir. Böhran başlayandan sonra Azərbaycan heç bir önəmli layihənin icrasını dayandırmayıb, investisiyalar qoyulmaqda davam edir. Azərbaycan ötən illəri uğurla başa vurduğu kimi, 2009-cu ili də uğurla başa vurdu". Millət vəkili hesab edir ki, 2010-cu ilin dövlət büdcəsinin keçən ilə nisbətən 2 milyard dollar azalması da uğursuzluq kimi qiymətləndirilməməlidir.
Birincisi, 2010-cu ilin büdcəsi 2009-cu ilin reallaşan büdcəsinə nisbətən azalmayıb. Əksinə, bir sıra sahələrə ayırmalarda bu il artımlar olacaq. Digər tərəfdən, bu il əsasən müəyyən investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulmur: "Məsələn, 2009-cu ildə bir neçə körpü, yeraltı keçid tikilib istifadəyə verildi, bununla yanaşı digər böyük layihələr həyata keçirildi. Axı, hər il bu cür böyük layihələr həyata keçirilmir. Sadəcə, böyük layihələrin çoxu reallaşdırılıb. Bu layihələr başa çatdığına görə də növbəti ildə həmin layihələr üçün investisiya xərcləri nəzərdə tutulmayıb. Bu isə ümumilikdə dövlət büdcəsinin ümumi həcminin azalmasına səbəb olub". Amma bütün bunlara baxmayaraq, keçən il də Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi öz həllini tapmadı. S.Novruzov hesab edir ki, 2009-cu il münaqişənin həlli baxımından da uğurlu olub: "Dağlıq Qarabağ məsələsinin danışıqlar yoluyla həll olunması istiqamətdə aparılan daşınıqlar prosesi ötən il də davam etdirildi. Belə demək mümkünsə, danışıqlar prosesi xeyli intensiv xarakter aldı. Eyni zamanda, bu istiqamətdə görüşlər yenə də davam etdirilməkdədir. Qardaş Türkiyənin bu məsələyə cəlb olunması, onun regionda gedən proseslərə təsir imkanları və digər beynəlxalq güclərin bu məsələyə əvvəlkindən daha aktiv şəkildə qoşulması da ötən ilin uğurlu məqamlarından sayıla bilər". Millət vəkili əlavə etdi ki, artıq erməni tərəfinin öz mövqelərindən mütəmadi olaraq geri çəkilməsi də müşahidə olunur. Artıq Ermənistanda mitinqlərin keçirilməsi, iqtidara etirazların bildirilməsi ermənilərin Dağlıq Qarabağı itirəcəklərinə bir işarədir: "Bu, eyni zamanda, ona işarədir ki, Azərbaycan Dağlıq Qarabağ üzərində öz statusunu, ərazi bütövlüyünü təmin etmək mərhələsindədir və ya bu mərhələyə hazırlaşmaq ərəfəsindədir..." Millət vəkilinin fikrincə, bütün bunlar 2010-cu ildə Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın daha müsbət nəticələrə nail olması ilə sonuclana bilər: "Mənim buna heç bir şübhəm yoxdur. Dövlət başçımızın son bəyanatı da bunu deməyə əsas verir ki, Ermənistan danışıqlar prosesinin uzadılmasının tərəfdarı olacaqsa, Azərbaycan münaqişənin həlli yönümündə başqa vasitələrə əl atmalı olacaq..."
İ.QULİYEV
|