Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Pedaqoji Universitetdə şəffaflıq nümunəsi
Gələcəyin müəllimlərinin obyektiv imtahan verməsi üçün hər cür şərait yaradılıb

Azərbaycanda müəllimlərin peşəkar hazırlığında müstəsna xidməti olan Azərbaycan Dövlət Pedaqoyi Universiteti respublikamızın qocaman ali təhsil ocaqlarındandır. Bu aksiomdur ki, millətin tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən asılıdır. Millətin yazısını, ədəbiyyatını, mədəniyyətini, dilini, dinini və ümumiyyətlə, özünü qoruyub saxlayan, gələcək nəsilə ötürən məktəbdir. Məktəb millətin tərəqqi qapısı, ümid çırağı, intibah, inkişaf, yüksəliş mənbəyidir. Bu mənada ADPU millətin gələcək müqəddəratını həll edə biləcək səviyyədə məsuliyyəti olan ali məktəblərimizdəndir. Xatırlatmaq yerinə düşərdi ki, indiyədək ADPU 100 mindən artıq ali təhsilli müəllim kadrı hazırlayıb. ADPU ölkəmizdə elmin, mədəniyyətin incəsənətin və ədəbiyyatın tərəqqisində sanballı xidmətləri olan Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Şıxəli Qurbanov, İbrahim İbrahimov, Məcid Rəhimov kimi məzunları ilə fəxr edir. Belə böyük tarixi ənənəsi olan ADPU-da son illər ərzində həyata keçirilən islahatlar, inkişafa doğru atılan addımlar normal qarşılanmalıdır. Əvvəla, millətin gələcəyini yetişdirən kadrların peşəkar hazırlığı qədər məsuliyyət var, ikincisi, dövlətin, ölkə rəhbərliyinin təhsilə diqqət və qayğısı başqa cür reallaşdırıla bilməz.
Amma məsələ bundadır ki, son üç ilə qədər ADPU imtahan sessiyası zamanı baş verən neqativ hallar, narazılıqlar, şikayətlər baxımından həmişə mətbuatın diqqətində olub. Lakin son üç ildə bu mövzuya toxunulmur. Niyə? Bunu izah etmək üçün "Bu ali təhsil ocağında imtahanların obyektiv və şəffaf keçirilməsi üçün hansı tədbirlər görülüb" sualına cavab tapmaq lazımdır. Bu isə yurnalist araşdırmasının predmetidir.
Universitetdə sakitlikdir. Adət etdiyimiz səs-küy, hərəkətli tələbə mühitindən əsər-əlamət yoxdur. Sanki heç imtahan sessiyası dövrü deyil. Bunun səbəbini sonradan öyrəndik. Hələliksə universitetdə imtahanların keçirilmə texnologiyası, obyektivlik və şəffaflığın qorunması üçün görülən işlərdən danışaq.
Bizimlə söhbət edən Tədris-Metodiki Şöbənin müdiri Namiq Hacıyev bildirdi ki, universitetdə imtahanların yüksək səviyyədə, obyektiv və şəffaf keçirilməsi ilə bağlı ciddi tədbirlər görülüb. Təhsil naziri Misir Mərdanovun "Ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmri diqqətdə saxlanılıb. Qeyd edilən sənədə əsasən, nazirliyin müvafiq struktur, bölmə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qış imtahanı zamanı baş verən neqativ hallarla bağlı məlumatın operativ araşdırlması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi, sessiyanın monitorinqinin keçirilməsinin təşkil olunması, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması, ictmai nəzarətin gücləndirilməsi məqsədilə tapşırıqlar verilib. Təhsil nazirinin əmrindən sonra rektorun müvafiq qərarı ilə "Qaynar xətt" yaradılıb. Bu xidmət imtahan zamanı qarşıya çıxan anlaşılmazlıqları operativ həll etmək, narazılıqları yerindəcə araşdırıb, müvafiq qərar qəbul etmək, təklif, rəy və şikayətləri araşdırmaq üçün yaradılıb. "Hər bir tələbə bu qutulara öz arzu və təkliflərini, iradlarını yazıb ata bilər. Məlumatlar birbaşa rektor tərəfindən oxunur və müvafiq tədbirlər görmək üçün konkret tapşırıqlar verilir" - deyən N.Hacıyev yazılı və test üsulu ilə aparılan imtahanlarda obyektivliyin maksimal dərəcədə qorunduğunu xüsusi qeyd etdi. O bildirdi ki, imtahan zamanı yersiz söz-söhbət yaradan bir nömrəli amil - müəllim-tələbə kontaktı ehtimalı sıfıra çevrilib. Müəllim yalnız imtahandan sonra tələbəsi ilə görüşüb, onun cavabları ilə maraqlana, səhv-düzlüyünü yoxlaya bilər.
İmtahanın gedişi ilə maraqlandığımızı dedik. "Buyurun"-deyib bizə sərbəstlik verdilər. Rastımıza ilk çıxanlar "Filologiya" fakültəsinin IV kurs tələbələri (402-ci qrup, əyani şöbə) Nəzrin Əliyeva və Lalə Əliyeva oldular. "Üslubiyyət" fənnindən imtahan vermişdilər. Tələbələrdən imtahanın yeni qaydada keçirilməsi haqda fikirlərini öyrənmək istədik. Bildirdilər ki, imtahanları keçən ildən bu üsulla verirlər. Universitetdə isə bu üsul üç ildir tətbiq olunur. Nəzrin Əliyeva hesab edir ki, bu üsulla bilik daha dəqiq qiymətləndirilir, düzgünlük və obyektivlik var. İmtahandan kəsilən də, yüksək qiymət alan da razıdır. Çünki bu, həqiqi qiymətdir. Lalə Əliyeva isə kompyuterlə imtahan verməyin həyəcansız, tələbənin özünü sərbəst hiss etməsi baxımından yüksək qiymətləndirdi.
Bəs bu nə üsuldur? Məlumat verək ki, imtahan sualları 500 test içərisindən təsadüfi seçmə yolu ilə seçilmiş suallardan salınır. Hər bir tələbəyə 25 suallı test bileti düşür. Tələbə imtahan kodunu kompyuterin yaddaşına daxil edəndən sonra 25 sual ekrana gəlir. Hər düzgün cavab 2 balla qiymətləndirilir. Qiymətlərin hesablanması Boloniya kredit sisteminə uyğun qurulub. Tələbənin imtahana qədər (semestr qiymətləri) və imtahanda yazdığı cavablara görə aldığı qiymətlər cəmlənir və yekun qiymət yazılır. Yəni imtahana qədər və imtahan balları 50-50 bal sistemi ilə dəyərləndirilir. 100 bal maksimal qiymətdir. Sadə izahı belədir: imtahana qədərki 50 balı toplamaq üçün tələbə kollokvium (30 bal), davamiyyət (10 bal), sərbəst mövzu (5 bal), seminar (5 bal) balı qazanmalıdır. Bu 50 mümkün baldan 34 bal toplayan tələbə imtahana buraxılır. İmtahanda isə minimum 18 bal toplamaq lazımdır ki, keçərli xal yığılsın. Yeri gəlmişkən, 51-60 bal "qənaətbəxş", 61-70 bal "kafi", 71-80 "yaxşı", 81-90 bal "çox yaxşı", 91-100 bal "əla" qiymət hesab olunur. İmtahana 40 dəqiqə vaxt verilir.
Qaldı eyni sualın təkrar düşməsi, tələbənin öz yoldaşına, müəllimin yetirməsinə kömək etməsi mümkün deyil. Əvvəla, imtahanda nəzarətçilər var, onlar belə halların qarşısının alınmasına məsuldurlar. İkincisi, nəzarətçilər qeyri-ixtisas sahiblərindən seçilirlər. Misal üçün riyaziyyat və fizika fakültələrinin müəllimləri humanitar fənlərdən və yaxud əksinə, humanitar sahənin mütəxəssisləri texniki fənlərdən keçirilən imtahana nəzarətçi düşürlər. Bu, kənar təsir, neqativ yollarla qiymət almanın qarşısını almaq üçün uğurlu metod sayıla bilər. Qeyd edək ki, bir tələbə eyni fəndən ikinci dəfə suallara cavab verə bilməz. Əgər o buna cəhd edərsə, tələbənin kodu bloka düşür. Bloka düşmüş kodun sonrakı taleyi isə yalnız rektorluq səviyyəsində həll olunur.
Gülnar Əmirova da "Filologiya" fakültəsinin tələbəsidir. I kurs tələbəsi olan Gülnar ilk sınaqdan alnıaçıq çıxıb. Yəni 100 mümkün baldan 99 bal toplayan tələbələrdəndir. I kurs tələbəsi üçün bunu böyük uğur saymaq olar.
"Bu sistem ilk dəfə ADPU-da tətbiq olunub". Bu sözləri "Filologiya" fakültəsinin dekanı professor Buludxan Xəlilov dedi. "Bu sistemə kənar müdaxilə mümkün olan bir şey deyil. Bu haqda fikirləşmək belə absurdur"-deyən həmsöhbətimiz əlavə etdi ki, "biz müəllim yetişdirmək kimi böyük məsuliyyət daşıyırıq: "Bu isə millətin gələcəyinin savadlı və intellektual olması kimi böyük məsuliyyətdir. Bir yerdə dayanmaq olmaz. Daim inkişaf etmək lazımdır. Biz təkamül yolu ilə təhsili inkişaf etdirməliyik. Burada pis kadr yetişə bilməz. Çünki bu ali məktəbdə kadrdan çox, əsl vətəndaş yetişdirilir. Bura sözün əsl mənasında həyat məktəbidir".
Univeristetdə beş imtahan otağı var. Bu, hələlik universitetin tələblərini ödəyir. Ehtimal olunur ki, kompyuterləşmiş auditoriyaların sayı artırılsın.
İmtahan otaqlarına baş çəkdik. Günel Ağayeva sualları cavablandırıb, son yoxlamaları aparırdı. O bizim iştirakımızla kompyuterin ekranında olan "təsdiq edirəm" düyməsini vurdu. Bəlli oldu ki, Günel 50 mümkün baldan 48 bal toplayıb. Bu, G.Ağayevanın semestr balları ilə birlikdə 92 bal deməkdir və uğurlu nəticə sayıla bilər.
Maraqlıdır ki, imtahan otağında eyni zamanda həm fizika, həm də pedaqogika fakültələrinin tələbələri imtahan verirdilər. "Bu, tələbələrin bir-birinə mane olması, imtahan nəticələrinin qarışması kimi qorxu yaratmır" sualımıza nəzarətçi gülərək "şifahi imtahan deyil ki, bir-birlərinə mane olsunlar. Hərənin başı öz suallarına qarışır. 40 dəqiqə ərzində cavab yekunlaşmalıdır. Nəticələrə gəldikdə isə bu, sistemin işidir. Bütün cavablar mərkəzləşmiş qaydada qəbul edilir və sonradan nəzarətçilər tərəfindən qeydə alınır. Heç bir qarışıqlıqdan söhbət belə gedə bilməz" dedi. Bu ərəfədə "İbtidai təhsil" fakültəsinin tələbəsi Ayşə Ağayevanın 43,2 bal topladığını sevinclə qeyd etməsinin şahidi olduq.
Maraqlı bir məqam var. Görəsən, birinci kurs tələbləri kompyuter, test, kod qarmaqarışığının öhdəsindən necə gəlir? Bəlli oldu ki, tələblərə imtahan qaydaları, kredit sistemi, komyuterdən istifadə haqda əvvəlcədən treninqlər keçirilir. Ona görə tələbələr kompyuter qarşısında əyləşərkən özlərini itirmirlər.
Audirotiyalarda gəzərkən tələbələrin qiymət alması üçün tryuklardan istifadə etməsi ehtimalı ağlımızdan keçdi. Tələbə qiymət almaq üçün hansı yollara əl atmır ki? Ən primitivi nisbətən savadlı tələbənin öz yoldaşının yerinə imtahan verməsidir. Onsuz da dərs deyən müəllim imtahan zalında olmur. Kompyuter isə tələbə tanımaq hissindən təbii ki, uzaqdır. Nəzarətçilər bu halın da qeyri-mümkünlüyünü dedilər. Çünki tələbə imtahan zalına ümumi siyahıda adı tapıldıqdan sonra keçir, kompyuter arxasında əyləşənə qədər isə şəxsiyyət vərəqi, tələbə bileti uzlaşdırılır və dəqiqliklə yoxlanılır.
Bu arada "Fizika" fakültəsinin 201-ci qrup tələbəsi Leyla Məmmədovanın "Riyazi analiz" fənnindən maksimum- 50 bal topladığını necə sevinclə qeyd etməsinin şahidi olduq.
Əyani şöbədə təhsil alanlardan ayrılıb qiyabi şöbədə imtahanların necə keçirilməsi ilə maraqlandıq. Bir məqamı əvvəldən sezmişdik, qiyabi şöbədə imtahanların keçirilməsinin əyani şahidi olmaq istəyimizi bildirəndə həmin fikrin bir daha təsdiqini tapdıq. Bilirsiniz, adətən qüsurlu, nöqsanlı iş görən adam bacardığı qədər şəffaflıqdan uzaq qaçır, o haqda söhbət etmək istəmir. Ələlxüsus da mətbuat nümayəndələri ilə. ADPU-da bunun əksinin şahidi olduq. Həm nəzarətçilər, həm də müəllimlər çox arxayın danışır, bütün suallara səmimi cavab verirdilər. Onların gizlədəsi bir işləri yoxdur və əməllərində haqlı olduqlarına əmindilər. Yenə də eyni cavabı eşidirik: "Buyurun". Qiyabi şöbədə imtahanlar əvvəlki qaydada keçirilir. Yəni üç yazılı suala 90 dəqiqə ərzində cavab yazmaq. Riyaziyyat fakültəsinin qiyabi şöbəsində təhsil alan II və IV kursların imtahanlarında olduq. Nəzarətçilər öz işlərində, tələbələr isə "baş sındırmaqda" idilər.
Filologiya fakültəsinin II kurs qiyabi şöbəsinin tələbəsi Ülkər Əliyeva obyektiv imtahan keçirildiyini dedi. O, savadı olanın qiymət almasında heç bir problem olmadığını qeyd etdi. Aygün Alacanova da tələbə yoldaşının fikirlərini təsdiqlədi.
Növbəti auditoriyaya tərəf addımlayırıq. Dəhlizdə "Qaynaq xətt" xidmətinin rəhbəri professor Süleyman Məmədovla rastaşdıq. Bəlli oldu ki, rektorun əmri ilə univeristetdə bu xidmət yaradılıb və qərargahı 209-cu otaqda yerləşir. Tələbələr narazı qaldıqları hallar barədə həm şifahi, həm də yazılı qaydada "Qaynar xətt"ə müraciət edə bilərlər. Söhbətimizin əvvəlində dediyimiz sakitliyin səbəbi indi bəlli oldu. Bu xidmətin əməkdaşları, nəzarətçilər dəhlizlərdə, universitetin korpuslarında elə bir qayda-qanun yaradıblar ki...
Müəllimlərin imtahan cavablarını yoxlamaları prosesi ilə də maraqlandıq. Bizi ikinci mərtəbədə qapıları bağlı bir otağa gətirdilər. Kiçik auditoriyada 15 müəllim öz ixtisasları üzrə imtahan vermiş tələbələrin imtahan cavablarını yoxlayırdılar. Amma necə? Məsələ bundadır ki, qiyabi şöbədə təhsil alan tələbələrin imtahan vərəqləri iki hissəlidir. Onlar imtahan başlamazdan öncə ad, soyad, kod olan hissəsini doldururlar. İmtahan başa çatdıqdan sonra həmin hissə kəsilərək götürülür, imtahanın nəticələrini yoxlayan müəllimə yalnız sualların cavabları yazılan hissə qalır. O, kimin imtahan vərəqini yoxladığından xəbərsiz olur. Bu da obyektiv imtahan keçirilməsinin bir metodu.
Tarix fakültəsinin dekanı professor Oqtay Soltanov imtahanın təşkili haqda məlumat verdi. Onun sözlərinə görə, təlimata uyğun olaraq kafedralar əyani şöbə üzrə imtahan testlərinin suallarını hazırlayırlar. Universitetin mərkəzi test bankına hər ixtisas üzrə minimum 500 testli imtahan sualları toplanır. Bu suallar proqramı tam əhatələyir. Bəzi fənlərdə 700, hətta 1000 imtahan test bazası olur. İmtahan sualları hazırlanandan sonra müəllim və kafedra müdirlərinin imzası ilə "İmtahan komissiyası"na təqdim olunur. Bu proses başa çatdıqdan sonra imtahan cədvəli hazırlanaraq, tədris şöbəsinə ötürülür. İmtahandan bir gün əvvəl rektorluqda imtahanda iştirak edəcək koordinatorlar, koordinator rəhbərləri, dekan və dekan müavinləri iştriak edirlər. İmtahan günü həmin tərkib kiçik zalda bir araya gəlir, vəzifə bölgüsü aparılır, koordinatorlar imtahanlara təyin olunurlar. Həmsöhbətimiz dedi ki, həmin iclasların başlıca tələbi imtahanların obyektiv keçirilməsidir.
Professor Oqtay Soltanov bizimlə söhbətində maraqlı analogiya apardı. O, bildirdi ki, ailə başçısının xarakteri informasiya təsiri ilə ailədə eneryi tutumu yaradır, ailənin mənəvi durumuna təsirini göstərir: "Universitet də bir ailədir. ADPU-da yaranan müsbət aura, müsbət informasiya mənbəyi onun rəhbərindən qaynaqlanır. Yusif Məmmədovu tanıyanlar bunu bilirlər. Onun bir sözü var, deyir ki, imtahan verən tələbəyə öz balanız kimi baxın. Öz balanıza rəva görmədiyinizi tələbəyə də görməyin".
"Riyaziyyat" fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Maqsud Nəcəfov də həmkarı ilə eyni fikirdədir. O bildirdi ki, son illər universitetdə ən çox diqqət yetirilən məsələlərədən biri- imtahan sessiyalarının şəffaf keçirilməsi, ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun gərgin əməyinin nəticəsində mümkün olub. Azərbaycanda nüfuzlu ali məktəblərdən birinə rəhbərlik edən, 40 ildən artıq pedaqoyi iş təcrübəsinə və təşkilatçılıq istedadına malik olan professor Yusif Məmmədovun təcrübəsi, işgüzarlığı və mobillik keyfiyyətləri ADPU-da ciddi islahatlar aparmaqda, uğurlara imza atmaqda öz sözünü deyib: "İş peşəkara tapşırılanda nailiyətlər çox olur".
Bu gün Azərbaycan təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter alıb. Azərbaycan dinamik inkişafı ilə səciyyələnən yeni dövrünü yaşayır. İqtisadiyyatda əldə olunan yüksək nailiyyətlər, bütün sahələrdə olduğu kimi, təhsilin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl olub. Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanıb, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülməkdədir. Dünya siyasətində inkişaf dinamikasının dəyişilməsi üçün təhsil sisteminin modernləşdirilməsi tələb olunur. Məqsəd odur ki, müştərək qlobal dəyərlərin və əməkdaşlığın inkişafı naminə rəqabət aparmağa malik intellekt sahiblərinin yetişməsini təmin etmək mümkün olsun. Yüksək səviyyəli təhsilin çox önəmli rolu var. O, davamlı inkişafın, milli təhlükəsizliyin və dünyaya inteqrasiyanın təminatıdır. ADPU-da son illərdə aparılan islahatlar bu xəttin davamıdır. Təhsili davamlı inkişafın əsas amillərindən sayan ölkə prezidenti seçildiyi gündən bu sahənin dünya standartlarına uyğunlaşdırılmasına, beynəlxalq təhsil sisteminə inteqrasiyasına və dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə çalışırsa, bu xətt təbii olaraq qorunacaq.


Toğrul İSMAYILOV
+  -  Çap 
Yerləşdirilib: 14.01.10 | Baxılıb: 204

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •