|
Qeydiyyat prosesinin çevik həyata keçirilməsi üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsi yeni inzibati binaya köçürülüb. Komitədən qəzetimizə bildirilib ki, bu addım daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə həyata keçirilib: "Ərazi idarəsi yeni ildən başlayaraq öz fəaliyyətini yeni ünvanda - Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 13-də davam etdirir. Ərazi İdarəsinin təchiz olunmuş yeni binaya köçürülməsində əsas məqsəd vətəndaşlara xidmət səviyyəsinin yaxşılaşdırılması, bu sahədə operativliyin, şəffaflığın və etibarlılığın daha da artırılmasıdır".
Buna qədər isə idarə xidmət tələblərinə cavab verməyən, nəqliyyat və digər infrastruktur baxımından əlverişsiz, təmirsiz kiçik bir sahədə fəaliyyət göstərib: "Binadakı məhdud iş şəraiti qeydiyyat prosesinin müasir tələblər səviyyəsində qurulmasına, bu prosesdə müasir texnologiyaların tətbiqinə mane olurdu. Bu kimi səbəblər sənədlərin qəbulu və verilməsində növbələrin yaranmasına, müddətlərin uzanmasına, idarəyə müraciət edən vətəndaşlar üçün əlavə vaxt itkisinə səbəb olurdu. Bu da haqlı olaraq vətəndaşlarda narazılıq hallarını yaradırdı. Ərazi İdarəsinin köçürülməsi isə müraciət edən vətəndaşlara keyfiyyətli xidmətin təşkilinə, izafi vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır". Komitədən qeyd edilib ki, bundan sonra idarədə sənəd qəbulu və hazır sənədlərin vətəndaşlara təhvil verilməsi prosesi bu məqsədlə yaradılmış və müasir informasiya-kommunikasiya sistemləri ilə təchiz olunmuş 3 böyük zalda həyata keçiriləcək: "Bu isə növbələri aradan qaldıracaq, hüquq sahiblərinin vaxt itkisinin qarşısını alacaq. Bu prosesin daha operativ və mütəşəkkil qaydada həyata keçirilməsi üçün yeni inzibati binada son illərin bu sahədə ən mütərəqqi yeniliklərindən olan elektron növbəlilik sisteminin də tətbiqinə başlanıb. Xidmət personalının peşəkarlığının və davranışının yaxşılaşdırılması ilə bağlı tədbirlər görülüb, xidmət prosesində olan işçilər xüsusi geyim forması ilə təmin olunub". Binada qeydiyyat prosesinin daha çevik və operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi də qurulub. Bundan başqa, Bakı Şəhər Ərazi İdarəsinin strukturuna daxil olan Binəqədi, Sabunçu-Suraxanı, Qaradağ, Əzizbəyov, Xətai rayon şöbələri şəbəkə vasitəsilə idarənin ümumi məlumat bazasına bağlanıb: "Bu, qeyd edilən ərazilərdə yaşayan hüquq sahiblərinə əlavə vaxt və zəhmət sərf edib idarəyə gəlmədən sənədlərini adı çəkilən şöbələrin özünə təqdim etmək və hazır sənədlərini şöbədən götürmək imkanı yaradır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının həm ənənəvi reyestr kitabları, həm elektron daşıyıcılar, həm də rəqəmli kadastr xəritələri üzərində aparılması üçün idarənin yeni inzibati binasında lazımi imkanlar təmin edilib. Xidmətin bütün ərazi idarələrində tətbiq edilən daşınmaz əmlakın avtomatlaşdırılmış "Milli Qeydiyyat Sistemi"indən daha səmərəli qaydada istifadə, daşınmaz əmlaka dair elektron məlumatların vahid bazada toplanması imkanları yaradılıb". Eyni zamanda, idarənin arxivi əsaslı şəkildə yenidən qurulub. Belə ki, uzun illəri əhatə edən, yüz minlərlə daşınmaz əmlaka dair məlumatları özündə birləşdirən arxiv sahəsi dəfələrlə genişləndirilib, müasir dizayna malik arxiv inventarları ilə təchiz olunub: "Arxivin müasir informasiya-texnologiyaları sistemləri əsasında işlənməsi və mövcud olan məlumatlardan operativ xidməti istifadə imkanları genişlənib".
HƏQİQƏT
|