|
Rəcəb Tayyib Ərdoğan nüfuzlu mükafata layiq görülüb
Ərəb dünyasının "Nobel mükafatı" sayılan Kral Feysəl mükafatına bu il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan layiq görülüb. "Hürriyət" qəzetinin yaydığı məlumata görə, bu, Kral Feysəl Fondunun Əl-Riyadda keçirilən toplantısında açıqlanıb. 1976-cı ildə qurulan Kral Feysəl Fondu 1976-cı ildən bu mükafatları islam dünyasına və islama xidmət edənlərə, riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə kəşflərə imza atan elm xadimlərinə verir. Dünyanın ən prestiyli mükafatlarından sayalan Kral Feysəl mükafatı "Ərəb dünyasının Nobeli" hesab edilir. Mükafata əlyazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min dollar pul daxildir. Mükafata layiq görülənlər yanvar ayında açıqlanır və bu açıqlamadan 2 ay sonra mükafat Əl-Riyadda təqdim olunur. İslam Konfransı Təşkilatının (İKT) baş katibi və Kral Feysəl mükafatı Münsiflər Heyətinin üzvü Ekmeleddin İhsanoğlu deyib ki, Rəcəb Tayyib Ərdoğanın belə bir mükafata layiq görülməsi Türkiyə üçün sevindirici bir xəbərdir.
Rəcəb Tayyib Ərdoğanın islam dünyasında haqlı mübarizəyə, xüsusən Fələstin xalqının mücadiləsinə dəstək verdiyini söyləyən İKT-nin baş katibi Türkiyənin islam coğrafiyasında önəmli yer tutduğunu söyləyib.
Azər NURİYEV
|