|
Sara Peylin televiziyada işləyəcək
Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin "Fox News" kanalında aparıcı olacaq. "Nezavisimaya qazeta"nın "France Presse" agentliyinə istinadən yaydığı məlumata görə, kanal rəhbərliyi artıq Peylinlə müqavilə bağlayıb. Amma keçmiş qubernatorun maaşının məbləği bildirilmir. Sara Peylin "Fox News"in siyasət və iqtisadiyyata həsr olunan xəbərlər proqramında həm şərhçi, həm də analitik rolunda çıxış edəcək. Bundan əlavə, o, adi həyatda baş verən çox maraqlı hadisələrdən bəhs edən "Real American Stories" verilişinin bəzi buraxılışlarında da aparıcı kimi iştirak edəcək. Sara Peylinin nə zaman işə başlayacağı məlum deyil. Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
|