|
Qırğızıstanın keçmiş müdafiə naziri 8 il azadlıqdan məhrum edildi
Bişkek qarnizonunun hərbi məhkəməsi keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının keçmiş katibi İsmayıl İsakov barəsində səkkiz il həbs qərarı çıxarıb. Özü də o cəzasını ağır reyimli cəza müəssisəsində çəkməli olacaq. Müxalifət liderlərindən olan bu şəxsin general rütbəsi də əlindən alınıb. İsakov barəsində irəli sürülən ittihamda göstərilir ki, o, müdafiə naziri işlədiyi dövrdə vəzifəsindən sui-istifadə edib. Məhkəmənin çıxardığı qərarı siyasi sifariş hesab edən müxalifət bununla cəmiyyətdə qütbləşmənin artacağını bəyan edib. Hakim qərarı çıxaran kimi İsakovu konvoy altında zaldan çıxarıb aparıblar. Qərar qüvvəyə minənə kimi o, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılacaq.
Qeyd edək ki, prezident Kurmanbek Bakiyevin "zanbaq inqilabı"ndakı keçmiş tərəfdaşı barəisndə cinayət işi 2008-ci ilin oktyabrında başlayıb. O zaman general dövlət başçısına yazdığı qalmaqallı məktubda prezidentin ətrafındakıların vəzifədən sui-istifadəsini və yeyintiləri göstərmişdi. Məktubu yazdıqdan az sonra isə Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa vermişdi. "Mən məktubda göstərmişdim ki, prezidentin yaxın ətrafında eks-prezident Əsgər Akayevin adamları at oynadır. Ölkənin daha çox energetika sahəsində geriyə doğru istiqamət götürdüyünü qeyd etmişdim. Avtoritarizm, korrupsiyanın artdığını vurğulamışdım" - deyə general məhkəmə prosesi zamanı bildirib. O, bu çatışmazlıqların aradan qaldırılmasını istədiyini, lakin mövcud reyimin bunu etmək istəmədiyindən istefa verdiyini açıqlayıb. Bundan sonra isə hərbi prokurorluq eks-nazirə qarşı vəzifəsindən sui-istifadə və büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə çıxış etdi. İstintaq İsakov nazir işlədiyi dövrdə tabeleyində olanları yeni ikiotaqlı evi oğlu Ruslana verməyə məcbur etdiyini iddia edib. Lakin bu ev İsakov hələ nazir işlədiyi dövrdə dövlətə qaytarılıb. İstintaq buna baxmayaraq, onu vəzifə səlahiyyətlərini aşmaqda ittiham etməkdə davam edib. Məhkəmə yalnız bir məsələ - ev məsələsi ilə bağlı onu günahkar hesab edə bilib. İsakovla yanaşı müttəhimlər kürsüsündə əyləşən sabiq hərbi hissə komandirinin müavini Nurdin Kaimov hərbi texnikanı mənimsəmək maddəsi üzrə altı il həbs cəzası alsa da, müdafiə nazirinin keçmiş müavini Taalay Satıvaldiyev bəraət alıb. Birləşmiş xalq hərəkatının lideri, eks-baş nazir Almazbəy Atambəyov bildirib ki, müxalifət İsakovla bağlı xüsusi bəyanatla çıxış edəcək. Onun sözlərinə görə, məhkəmənin çıxardığı siyasi sifarişli qərar ölkəni parçalanmaya doğru aparacaq. "İsakovun günahı ondadır ki, saxtakarlara sərf etməyən həqiqəti danışıb. Hərbçilər, o cümlədən hərbi məhkəmə çox gözəl bilir ki, İsakov orduda çox böyük nüfuza və hörmətə malikdir. O, dövlətə heç bir ziyan vurmayıb". İsmayıl İsakov barəsində çıxarılan qərar 9 il bundan öncə çıxarılan başqa bir məhkəmə qərarını yada salır. Belə ki, o zaman Bişkek hərbi qarnizonu keçmiş vitse-prezident Feliks Kulov barəsində də analoyi qərar çıxarmışdı. Bu da onunla nəticələndi ki, 2005-ci ildə o zamankı prezident Əsgər Akayev ölkəni tərk edərək qaçmağa məcbur oldu. Kütlə isə həbsxanada olan "dəmir Feliks"i azad etdi. Az sonra isə Kulov baş nazir seçildi. Beləliklə, generalı həbsxana divarları arasına göndərməklə Bakiyev Akayevin yolu ilə getməyə qərar verdi. Onun Bakiyevin taleyini gözləyib-gözləmədiyini isə zaman göstərəcək.
|