Əfqanıstanın yeni hökuməti xalqa məlum olmayan şəxslərdən qurulur
Əfqanıstan parlamenti yaxın bir-iki gün ərzində prezident Həmid Kərzayinin təqdim etdiyi hökumətin tərkibini təsdiqləyəcək. Ekspertlər hesab edir ki, təqdim olunan yeni tərkibdə nüfuzlu səhra komandirlərindən heç kimin adı olmasa da, siyahı ürəkaçan deyil. Onların heç birinin rəhbər strukturlarda praktiki iş təcrübəsi yoxdur. Ən qalmaqallı müzakirələrin narkotiklər üzrə nazir Zərər Əhməd Mukbellə bağlı olacağı irəli sürülüb. Bu şəxs bir vaxtlar daxili işlər naziri vəzifəsində çalışıb və ölkədə narkotika istehsalının kəskin artması səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, Kərzayinin təqdim etdiyi ilk siyahıya yanvarın əvvəlində baxılıb. O zaman deputatlar təqdim olunan 24 namizəddən 17-i rədd etmişdilər. Ötən istirahət günlərində dövlət başçısı parlamentarilərin diqqətinə vakant nazir yerlərinə yeni 17 nəfəri irəli sürüb. Ekspertlər qeyd edir ki, əvvəlki siyahıdan fərqli olaraq bu dəfə nüfuzlu səhra komandirləri, o cümlədən tacik mənşəli İsmayıl Xan və özbək Əbdül Rəşid Dostumun adı yoxdur.
Regional liderlər Kərzayinin kabinetində etibarlı şəxslər kimi təmsil olunublar. Əfqanıstan üzrə siyasi tədqiqatlar Mərkəzinin direktoru Harun Mir hesab edir ki, Kərzayinin siyasi cəhətdən qalmasında başlıca amil güclü və təşkilatlanmış müxalifətin olmamasıdır. Bu səbəbdən də potensial müxalifətin olmaması üçün hökumətdə praktiki olaraq bütün ənənəvi etnik və siyasi qruplar təmsil olunacaq. Lakin buna baxmayaraq, bir sıra siyasi qüvvələr siyahıya düşsələr də, onlara ayrılan kvotadan narazılıqlarını ifadə ediblər. "Kərzayi bizi aldadıb. Biz onun üçün 700 min səs topladıq. O bizə vəd etmişdi ki, bunun müqabilində hökumətdə çoxlu yer verəcək" - deyə özbək deputat Alem Sahi vurğulayıb. "Canbeş" partiyasından olan bu deputat bildirib ki, ötənilki prezident seçkilərində onlar Kərzayinin qələbə çalması üçün əlllərindən gələni ediblər. Qərb ekspertlərini ən çox narahat edən məsələ siyahıda adları olan şəxslərin əhali arasında nə siyasi çəkilərinin, nə nüfuzlarının, nə də iş təcrübələrinin olmasıdır. "Onların adları nə əfqan xalqına, nə iqtisadi sahədə çalışan mütəxəssislərə heç nə demir" - deyə Mir vurğulayıb. Müşahidəçilər hesab edir ki, bu dəfə də deputatlar nazir vəzifəsinə irəli sürülən şəxslərin yalnız bir qismini təsdiqləyəcəklər. Kərzayinin isə vaxtı çox azdır. Formalaşmış kabinet ona yanvarın 28-nə kimi hava-su kimi gərəkdir. Məhz həmin tarixdə Londonda Əfqanıstan üzrə beynəlxalq konfrans keçiriləcək. Əfqanıstan üçün yeni "yol xəritəsi"ni müəyyən edəcək forum ən əsas məsələni - ölkə üçün yeni maliyyə yardımının həcmini təyin etməlidir. Lakin tamtərkibli hökumətin olmaması Kabili bu yardımdan məhrum edə bilər.
|