|
Bu ərazilərin mühafizəsi üçün Xızı-Abşeron ərazisində Dövlət Təbiət Yasaqlığı yaradılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti Bioloyi Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 2009-cu il ərzində fəaliyyəti barədə məlumat verib. Qurumdan qəzetimizə bildirilib ki, ötən il departament tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər davam etdirilib. Belə ki, hesabat ilində Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilib. Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri də aparılıb.
Departament Zooloyi Parkın formalaşdırılması işini də davam etdirib: "Ölkə başçısının 2008-ci il tarixli sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloyi Parkın yaradılması təsbit edilib. Cari ildə Zooloyi Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması işlərinin satınalınması məqsədilə beynəlxalq səviyyədə Açıq Tender elan olunub və qalib şirkət müəyyən edilib". Hesabat dövründə ceyranların tarixi ərazilərinə reintroduksiya olunması də diqqətdə saxlanılıb. Həmin ərazilərin mühafizəsinin təşkili məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması ilə əlaqədar aparılan işlər artıq yekunlaşmaq üzrədir. Bununla yanaşı, 2009-cu ilin iyununda Naxçıvan MR ərazisində Arpaçayı Dövlət Təbiət Yasaqlığı, oktyabr ayında isə Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılıb. Noyabrda isə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisi genişləndirilib və Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılıb. Belə ki, Şahbuz Dövlət Təbiət Qoruğunun 3139 hektar, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondunun 396,4 hektar, habelə Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları torpaqlarının 27131 hektarı Milli Parkın ərazisinə birləşdirilib. Bunun nəticəsində isə parkın ümumi sahəsi 30666,4 hektar olub. Cari ildə departament tərəfindən Azərbaycanın müxtəlif ərazilərində, 5 zona üzrə ölkə faunasına daxil olan quş növlərinin, o cümlədən oturaq və köçəri quşların qış inventarlaşması da aparılb. İyun ayında isə ölkə ərazisində məskunlaşan 1000-dək müxtəlif sinantrop və köçəri quş növünün üzərində Azərbaycan atributları əks olunmuş halqalarla nişanlanması həyata keçirilib. Bununla yanaşı, ötən müddətdə bioloyi müxtəlifliyin mühafizə sahəsində neqativ hallar da qeydə alınıb. Belə ki, hesabat dövründə milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 979 akt və protokol tərtib edilib: "Təbiətə 55172 manat dəyərində ziyan hesablanıb, inzibati qaydada 132168 manat cərimə tətbiq edilib. Bu vəsaitdən 89859 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib". 607 işə Milli Park və Dövlət Təbiət Qoruqları tərəfindən inzibati qaydada baxılıb. 28 iş baxılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, 43 iş isə rayon məhkəmələrinə göndərilib.
HƏQİQƏT
|