|
Attestat qiymətləri əla olan abituriyentlərin heç də hamısı məktəb nailiyyətlərini təsdiqləyə bilməyib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Şəki şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib. Müşavirədə TQDK-nın Şəki regional bölməsinin müdir əvəzi Səbuhi Hüseynov, komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil şöbələrinin rəhbərləri, adıçəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər. TQDK-nın şöbə müdiri Arzu Bağırov tədbirdə qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.
Belə ki, Şəkidə attestat alan 1686 nəfərin 1160-ı imtahanlarda iştirak edib, 364 məzun tələbə adını qazanıb. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 214.414-ə bərabərdir. Bu da respublika üzrə orta göstəricidən 3,6 faiz yuxarıdır. Attestat qiymətləri əla olan abituriyentlərdən qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən və məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 25 faizdir. Ağdaşa gəlincə, burada attestat alan 897 nəfərin 519-u imtahanlarda iştirak edib, 114 məzun tələbə olub. Rayonun abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Attestat qiymətləri əla olan abituriyentlərdən 14,29 faizi 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq etdirə bilib. Ağsu rayonunun attestat alan 327 məzunundan 196 nəfəri imtahanlarda iştirak edib, 31 məzun tələbə adını qazanıb. Rayonun abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Oğuzda isə 539 nəfər attestat alıb, imtahanlarda iştirak edən 372 nəfərdən 110-u tələbə adını qazanıb. Abituriyentlərin topladıqları orta bal 208,787-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 0,9 faiz yuxarıdır. Rayonun attestat qiymətləri əla olan abituriyentlərinin hamısı qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. Balakəndə isə attestat alan 757 nəfərdən 440-ı imtahanlarda iştirak edib. Tələbə adını 133 məzun qazanıb. Abituriyentlərin topladıqları orta bal 196.914-ə bərabərdir. Bu da respublika üzrə orta göstəricidən 4,9 faiz aşağıdır. İsmayıllıda isə attestat alan 877 nəfərdən 530-u imtahanlarda iştirak edib, 156 məzun tələbə olub. toplanılan orta bal 218.905-ə bərabərdir ki, bu da ölkə üzrə orta göstəricidən 5,8 faiz yuxarıdır. Qaxda 414 nəfər imtahanlarında iştirak edib, 136 nəfər tələbə olub. Abituriyentlərin tarix, ingilis dili fənləri üzrə göstəriciləri ölkənin orta göstəricilərindən aşağıdır. Attestat qiymətləri əla olanlardan 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 69,23 faizdir. Qəbələdə isə imtahanlarda iştirak edən 782 nəfərdən 247-si tələbə olub. Abituriyentlərin topladıqları orta bal ölkə üzrə göstəricidən 0,1 faiz aşağıdır. Zaqatalada qəbul imtahanlarında iştirak edən 684 nəfərdən 151-i tələbə adını qazanıb. Abituriyentlərin bütün imtahan fənləri üzrə göstəriciləri ölkənin orta göstəricilərindən aşağıdır. Attestat qiymətləri əla olan abituriyentlərdən 21,43 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 21,43 faizdir. Zərdabda 269 nəfər imtahanlarda iştirak edib, 52 məzun tələbə adını qazanıb. Abituriyentlərin bütün imtahan fənləri üzrə göstəriciləri ölkənin orta göstəricilərindən aşağıdır. Attestat qiymətləri əla olan abituriyentlərdən 33,33 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 33,33 faizdir.
HƏQİQƏT
|