Qazaxıstan üzərinə bütün dünya üçün nüvə bankına çevrilmək missiyasını götürür
Qazaxıstanın şərqindən hərəkət götürən qatar özündə çox təhlükəli bir yük daşıyır. Sərt təhlükəsizlik tədbirləri şəraitində daşınan nüvə yanacağı minlərlə kilometr aralıda yerləşən ünvanlara çatdırılmalıdır. Vaxtilə Qazaxıstanda 55 Xirosima bombası üçün kifayət edəcək nüvə materialı saxlanılardı. İndi isə bu dövlət nüvə silahının yayılmasının qarşısını almaqda vacib rol oynamalıdır.
Olba metallurgiya zavodu bir vaxtlar xaricilər üçün bağlı olan Ust-Kamenoqorsk şəhərində yerləşir. Gələn il bu zavodun bir hissəsi BMT-nin diplomatik statusa malik ərazisinə çevrilə bilər. BMT-nin nüvə üzrə nəzarətçi orqanı olan Beynəlxalq Atom Energetikası Agentliyi və ya BATENA burada nüvə yanacağının tədarük edilməsinə nəzarət edəcək. Bu yanacaqdan yalnız dinc məqsədlər üçün istifadə etmək istəyən hər bir ölkə siyasi mövqeyindən və ya insan haqlarına münasibətindən asılı olmayaraq onu ala biləcək. Buranı nüvə yanacağı bankı adlandıracaqlar. Bu təşəbbüsün məqsədi nüvə eneryisi əldə etmək istəyən 50-dən çox dövləti İran kimi qarşıdurma yolunu seçməməyə inandırmaq, onların uranı özlərinin zənginləşdirmələrinə ehtiyac olmadığına əmin etməkdir.
BATENA-nın rəsmisi Terri Qraf vurğulayır ki, burada hər şey göz qabağında olacaq: "Əgər nüvə yanacağı üçün tələb olunan maddələr ayrı-ayrılıqda burada saxlanılırsa və BATENA bu prosesə nəzarət edirsə, onda hamıda arxayınlıq olacaq. Birincisi, istehlakçılar biləcəklər ki, maddəni əldə edə bilərlər, ikincisi, hamı biləcək ki, bu materialdan yalnız dinc məqsədlər üçün istifadə oluna bilər". Olba zavodunun əməliyyat müdiri Anatoli Kuçovski BBC-yə yanacaq bankının necə fəaliyyət göstərəcəyini görmək üçün misilsiz bir imkan yaradıb. Onun sözlərinə görə, buradakı silindrlərin bir hissəsi BATENA-nın tam nəzarətinə veriləcək: "Burada gördüyümüz yer nəhəng anbarın yalnız bir hissəsidir. Burada lazım olan bütün komponentlər saxlanılacaq. Hal-hazırda biz burada özümüzə lazım olan maddələri saxlayırıq. Lakin bu təşəbbüs uğurlu olsa, onda bu sahədə beynəlxalq yanacaq bankı üçün lazım olan yanacaq saxlanılacaq".
Zavod nəhəng bir ərazini "zəbt" edir. Buranı gəzəndə nüvə yanacağının hazırlanmasının müxtəlif mərhələləri ilə tanış olmaq mümkündür. Qərb üçün ən pis ssenari o olar ki, İran kimi onlarla xətakar hesab edilən dövlət özləri uranı zənginləşdirməyə başlayar. Prosesin sonunda son məhsul, uran ləpələridir. Hər biri də fındıq boyda. Bunlar nüvə zavodunun işləməsi üçün tələb olunan batareya rolunu oynayır. Nüvə eneryisindən dinc məqsədlər üçün istifadə edən dövlətlər zəmanət istəyirlər ki, onlar üçün kifayət qədər uran istehsal olunacaq.
İranla nüvə böhranı başlayandan bəri nüvə yanacağı bankı ideyasına Vaşinqtondan tam dəstək verilir. Təşəbbüsün qatı tərəfdarlarından biri Nüvə Təhlükəsi Təşəbbüsü təşkilatının rəhbəri Çarlz Körtisdir. Onun sözlərinə görə, istehsal olunmuş yanacaq dəmiryolu vasitəsilə Qazaxıstandan keçəcək. Ən ümdə vəzifə təhlükəsizlikdir və bu, irəliyə aparan ən təhlükəsiz yoldur. Həm də mülki nüvə eneryisindən istifadə istiqamətində ən qənaətcil yoldur". Lakin vəziyyət heç də deyilən qədər sadə deyil. Nüvə məsələsinin milli siyasət və suverenlik hüquqları ilə əlaqəli olması labüddür. Bunu həm Hindistan və Pakistan, həm də İranın nümunəsində görmək olar. Bir çox dövlətlər hesab edirlər ki, nüvə yanacağı bankı onların nüvə eneryisinə olan hüquqlarının məhdudlaşdırılmasında ilk addımdır. BATENA bu ölkələri "bloklara qoşulmayan dövlətlər" adlandırır.
Soyuq müharibədən miras qalmış bu termin nüvə eneryisi uğrunda mübarizədəki vəziyyəti yaxşı əks etdirir. Terri Qraf vurğulayır ki, bloklara qoşulmayan dövlətlər arasında aparıcı rollara İndoneziya, Malayziya, Hindistan, Pakistan, İran, Misir, Argentina malikdirlər. Bu dövlətlərin siyasi və iqtisadi nüfuzu artmaqdadır. Onlardan bəziləri "Böyük 20-liy"ə daxildirlər. Ona görə də bu qrupa daxil dövlətlərlə fövqəldövlətlər daha çox hesablaşmalı olurlar.
Nüvə yanacağı bankları ayrı-ayrı ölkələrin nüvə silahına iddialarına heç də son qoymayacaq. Lakin Çarlz Körtisin fikrincə, bu, ən azı kimin nüvə eneryisindən sırf dinc məqsədlər üçün, kiminsə aqressiv niyyətlər üçün istifadə etmək niyyətində olduğunu üzə çıxaracaq: "İran indi seçim etməlidir. Beynəlxalq nüvə yanacağı təchizatı onun üçün bəs edirmi? Yoxsa özü nüvə yanacağı istehsal etməkdə qətidir? Əgər onlar beynəlxalq nüvə yanacağı təklifindən imtina edərlərsə, bu bizi narahat etməlidir". İran, Suriya, Şimali Koreya və bir çox digərləri bir gün Ust-Kamenoqorsk kimi ucqar bir yerdən nüvə yanacağı almağa razı ola bilərlər. Bundan imtina edənlərin əsl niyyətlərini isə beynəlxalq birlik diqqətlə izləyəcək.