9 bələdiyyədə yenidən seçki keçiriləcək
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinə yekun vurub və nəticələri elan edib.
APA-nın məlumatına görə, qurumun dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermədən sonra MSK-ya 1718 protokol daxil olub və bu protokolların hər biri araşdırılıb: "Araşdırma ümumi şəkildə və hərtərəfli qaydada MSK üzvləri və katibliyin əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirilib".
MSK katibi Natiq Məmmədov isə bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32.4 faizi iştirak edib. Seçkilərdə irəli sürülən namizədlər, bələdiyyə yerləri ilə bağlı statistik məlumatları iclas iştirakçılarının diqqətinə çatdıran N.Məmmədov deyib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib və 31 minə yaxın namizəd iştirak edib: "Səsverməyə kimi və sonra bütün çatışmazlıqlar aradan qaldırılıb. Seçkilərin nəticələrinin vaxtında və sürətlə açıqlanması üçün bütün tədbirlər görülüb. Daxil olan protokollar qanunvericiliyə uyğun olaraq 20 gün müddətində araşdırılıb. Təəssüf ki, bəzi məntəqə seçki komissiyalarının təqdim etdiyi nəticələrin etibarsızlığı üçün əsaslar yaranıb.
Bəzi məntəqə və dairə seçki komissiyalarının da fəaliyyəti qanunun tələblərinə uyğun olmayıb. Araşdırmalar zamanı bəzi məlumatların prokurorluq orqanları tərəfindən araşdırılması zərurəti də ortaya çıxır. Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələridir. Bu bələdiyyələrə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də həmin bələdiyyələrə seçkilər baş tutmamış sayılıb. Ümumilikdə, 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibi tam buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb". N.Məmmədov bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib və materialların prokurorluğa təqdim ediləcəyini qeyd edib.
MSK-nın üzvü Akif Qurbanov isə seçkilərdə namizədlərin qeydə alınma, təbliğat-təşviqat, səsvermə və digər mərhələlərinin ciddi qanun pozuntuları müşahidə olunmaqla keçirildiyini bildirib. O bu qanun pozuntularının məqsədli olaraq həyata keçirildiyini və MSK-nın bu pozuntuların aradan qaldırılması üçün heç bir addım atmadığını qeyd edib. A.Qurbanov seçkilərlə bağlı yekun protokola imza atmayacağını bildirib və həmkarlarını da buna çağırıb.
MSK sədri Məzahir Pənahov isə çıxışında bildirib ki, seçkilərin keçirilməsində təmsil etdiyi qurum öz işinin öhdəsindən gəlib: "Seçkilərin lazım olan səviyyədə keçirilməsi üçün müvafiq qurumların, icra strukturlarının üzərinə də qanunda məsuliyyət qoyulub və bu iş birgə həyata keçirilib. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi var".
Yurnalistlərin suallarını cavablandıran MSK sədri bildirib ki, yaxın günlərdə seçkilərin nəticələri partiyalar üzrə açıqlanacaq. O, hazırda bu prosesin davam etdiyini və statistikanın hazırlandığını qeyd edib.
M.Pənahov bildirib ki, səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələr üzrə qanunvericiliyə uyğun olaraq 3 aydan sonra seçkilər keçiriləcək. M.Pənahov nəticələri ləğv olunmuş bələdiyyələrin sayının az olduğunu və bu seçkiləri keçirməyin ciddi problem yaratmayacağını qeyd edib.
İclasın sonunda bələdiyyə seçkiləri ilə bağlı yekun protokol imzalanıb. Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb. Ümid Partiyasını qurumda təmsil edən Akif Qurbanov yekun protokolu imzalamaqdan imtina edib.