Türkmənistan Xəzərin statusunun beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır
"Xəzərdə sərhədlərin delimitasiyası Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq münasibətlərinə təsir etmir". Bu sözləri dünən Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov Bakıda mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. "Xəzərdə sərhədlərin delimitasiyası üzrə danışıqlar həm birtərəfli, həm də çoxtərəfli səviyyədə keçiriləcək. Xəzərin delimitasiyası üzrə işlər indi də aparılır" - deyə o əlavə edib. Səfir xatırladıb ki, Xəzərin delimitasiyası üzrə xüsusi işçi qrup fəaliyyət göstərir, ikitərəfli və beştərəfli görüşlər keçirilir: "Türkmənistan bu məsələnin sivil yolla, beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır". Səfir deyib ki, ən əsas məsələ Azərbaycanla Türkmənistan arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsi və qorunmasıdır. Onun sözlərinə görə, Türkmənistan Xəzərin statusu məsələsinin sivil yolla həllinə tərəfdardır, lakin arbitray məhkəməsinə müraciət etmək hüququnu özündə saxlayır. "Xəzər üzrə milli sektorların müəyyən edilməsilə bağlı Türkmənistanın mövqeyi belədir ki, əgər bu məsələ varsa, o, beynəlxalq hüquq çərçivəsində sivil yolla həll olunmalıdır. İki ölkə hökuməti Xəzəri ayrıca məsələ kimi götürüblər" - deyə A.Məmmədov məlumat verib.
O qeyd edib ki, Türkmənistan beynəlxalq hüquq subyekti kimi beynəlxalq məhkəməyə (arbitray) müraciət edə bilər. Lakin hələlik belə məsələ yoxdur, yalnız məsələyə baxılması barədə hökumətin göstərişi olub. Səfir, həmçinin qeyd edib ki, iki ölkə arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanmaq üçün hazırlanır. O deyib ki, həmin sənədlər bu il Bakıda keçirləcək Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın iclasına kimi hazır olacaq. Səfir iclasın keçiriləcəyi dəqiq tarixi söyləməyib. Bildirib ki, bu məsələ və iclasın gündəliyi üzərində iş aparılır. Diplomat onu da bildirib ki, Türkmənistanın Azərbaycanla viza reyimini aradan qaldırmasına dair müzakirələr aparılmır. Səfir vurğulayıb ki, Türkmənistan eneryi daşıyıcılarının xarici bazarlara daşınması marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Ölkəsinin eneryi ehtiyatları barədə məlumat verən diplomat Türkmənistan geoloqlarının mindən artıq neft və qaz strukturları aşkarladıqlarını, təkcə "Cənub Yeloten-Osman" yatağındakı qaz ehtiyatlarının 14 trilyon kubmetr olduğunu açıqlayıb. Sualları cavablandıran səfir bəyan edib ki, Türkmənistan "Nabucco" layihəsində iştirak etməyə hazırdır. O, Bakı ilə Aşqabad arasında birbaşa aviareyslərin açılması barədə suala cavabında bu istiqamətdə müzakirələr aparıldığını bildirib.
Azər NURİYEV
|