Musa Quliyev: "Pənah Hüseyndən başqa heç bir deputat yerindən çıxış etmir"
2009-cu il, eləcə də parlamentin payız sessiyası artıq arxada qalıb. Ancaq ötən il parlamentin payız sessiyasının sonlarında maraqlı və gözlənilməz bir olay yaşandı. Milli Məclis tarixində ilk dəfə olaraq, millət vəkili - konkret desək, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn spiker Oqtay Əsədov tərəfindən bir iclaslıq danışmaq hüququndan məhrum edildi. Milli Məclisin İntizam komissiyasının üzvü Musa Quliyevlə söhbətimizə bu insidentlə bağlı sual ünvanlamaqla başladıq.
- Musa müəllim, spiker tərəfindən belə bir addımın atılması nə ilə bağlı idi? Ümumiyyətlə, İntizam Komissiyasının üzvü olaraq bunu necə dəyərləndirirsiniz?
- Əvvəla, şəxsən mən bunu çox normal qiymətləndirirəm. Düşünürəm ki, belə qərar ən azı 2-3 il qabaq verilməliydi. Deputatın statusu, vəzifəsi, intizamı və ən əsası, deputat etikası var. Ona görə ola bilməz ki, kimsə xüsusi, əlahiddə səlahiyyətə, imtiyaza malik olsun.
Yəni bu, adi bir qaydadır və İntizam Komissiyasının üzvü kimi sədrə də müraciət etdiyim vaxtlar olub ki, belə hallarda baxmaq üçün bizə təqdimat versin. Sədr də çox zaman deyib ki, gəlin bir-birimizi yola verək, bir-birimizi başa düşək... Bu o demək deyil ki, Pənah Hüseyni deputatlıq hüququndan məhrum, ya Milli Məclisdən xaric edirik. Bu, bir intizam tədbiri kimi seçilib və çox normal haldır. Bilirsiniz, parlamentdəki belə yersiz debatlar, gərəksiz çəkişmələr cəmiyyətdə də birmənalı qarşılanmır. Əslində, belə demək mümkünsə, Pənah Hüseyndən başqa heç bir deputat - nə müxalifət, nə bitərəf, nə iqtidar deputatları içərisində yerindən çıxış etmir, replikalar atmır...
- Axı bir məsələ də var ki, kifayət qədər qanunvericilik, parlamentarizm təcrübəsi olan qardaş Türkiyənin parlamentində - Böyük Millət Məclisində deputatlar nəinki replika atır, yerindən mikrofonsuz danışır, hətta sədrin kürsüsünə qədər gəlirlər...
- Kimin ürəyindən bu cür hallar keçirsə, gedib Türkiyə parlamentində və yaxud digər parlamentlərdə bunu etsin... Orada seçilsin, orada bu cür halları reallaşdırsın... Başqa parlamentlərdə kimlərsə nələrsə edirsə, onu bizimkilər də təkrarlamalıdırlar? Cənubi Koreya parlamentində deputatlar çıxıb bir-birinin saçını da yolurlar, Yaponiya parlamentində bir-birini karate fəndi ilə vururlar... Hətta elə parlamentlər var ki, orada deputatlar bir-birinin ünvanına söyüşlər söyür, üzərlərinə stəkan da atırlar... İndi biz onları niyə təkrar etməliyik? Bizim parlamentin özünün daxili nizamnaməsi var, öz milli etika qaydalarımız, dəyərlərimiz mövcuddur və onlara da riayət etməliyik. Dədə-babadan bizdə belə bir qayda var ki, ağsaqqal danışar, ondan icazə alınar və o, icazə verəndən sonra çıxış edərsən. Milli Məclisin ağsaqqalı olaraq onun sədrini - Oqtay müəllimi seçmişiksə, o zaman onunla da razılaşıb hərəkət etməliyik. Heç vaxt olmayıb ki, Pənah Hüseyn çıxış edəndə, sədr onun mikrofonunu söndürsün. Oqtay müəllim ona həmişə axıra kimi qulaq asıb...
- Ancaq bəzən iddia edirlər ki, cari məsələlərin müzakirəsi zamanı nəzərdə tutulmuş yarımsaatlıq vaxt ərzində çıxışa yazılan millət vəkillərinin adları monitora əvvəlcədən salınır...
- Axı, nəyə görə belə bir təsəvvür yaranmalıdır? Cari məsələlərin müzakirəsi zamanı çıxış edənlərin tam əksəriyyəti müxalifətçi deputatları olur. Onda belə çıxır ki, biz öz çıxışlarımızı, çıxış vaxtımızı müxalifətə veririk... Bu baxımdan, düşünmürəm ki, parlament haqqında belə bir təsəvvür yaranmalıdır.
- Musa müəllim, əksər hallarda hansısa qanun layihəsi müzakirəyə çıxarılır, bununla bağlı müvafiq komitənin sədri və ya sədr müavini məlumat verir, bundan dərhal sonra yerdən səslər, replikalar gəlir ki, sənəd müzakirəsiz səsə qoyulsun və qəbul edilsin. Özü də çox zaman bunu edən, yerindən icazəsiz danışan elə iqtidaryönlü deputatların özləri olur... Bu, nə dərəcədə düzgündür?
- Bu, tamamilə düzgün yanaşmadır. Əlbəttə, yerdən replika da verilə, təklif də səslənə bilər. Hətta elə sənəd ola bilər ki, deputatların tam əksəriyyəti onunla razıdırsa, o, müzakirəsiz də səsə qoyula, qəbul edilə bilər. Vacib deyil ki, bütün sənədlər, qanun layihələri müzakirə edilsin... Təəssüflər olsun ki, bizdə parlamentdə bəzən müzakirəyə çıxarılan məsələ ilə bağlı deyil, hərənin özünü narahat edən məsələ ilə bağlı debatlar, müzakirələr açılır. Məsələn, elə mənim özümün bir müddət müzakirəyə təqdim etdiyim qanun layihəsinin müzakirəsi zamanı tamam başqa bir məsələdən çıxış edən deputat oldu. Ancaq heç kim ona irad bildirmədi...
- Yeri gəlmişkən, parlamentin ötən payız sessiya dövründə deputatların davamiyyəti necə olub, kimlər iclasları üzrlü və yaxud üzrsüz səbəbdən daha çox buraxıb?
- Əslində, bu, İntizam Komissiyasının işi deyil. Belə bir araşdırmanı Milli Məclisin Aparatı aparır. İntizam Komissiyası isə yalnız sədrin təqdimatı olanda müəyyən məsələlərə baxa bilir.
İ.QULİYEV