|
Yanvarın 12-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr edilən sərginin açılış mərasimi olacaq. Bu barədə Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib. Sərgidə sənətkarın kinofilmlərə verdiyi tərtibatlar, rəngkarlıq, qrafika, eləcə də teatr sahəsində yaratdığı əsərlər nümayiş olunacaq. Məlumat üçün bildirək ki, iki dəfə dövlət mükafatı laureatı olan Kamil Nəcəfzadə 1929-cu ildə Lənkəran şəhərində anadan olub. O, 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. 1955-ci ildə təhsilini bitirərək Bakıya qayıdıb və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. K.Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində öz sözünü deyib. Qeyd edək ki, sərginin açılış günündə "Kamil Nəcəfzadə" kitabının təqdimatı da keçiriləcək.
|