|
Ukraynanın baş naziri demokratik düşərgəni ətrafında birləşməyə çağırır
Ukrayna baş nazirinin müavini Aleksandr Turçinov demokratik düşərgədən olan bütün namizədləri prezident seçkisinin ikinci turunda səslərini baş nazir Yuliya Timoşenkoya verməyə çağırıb. Turçinov Timoşenkonun demokratik düşərgədən olan namizədlərə müraciət edəcəyini bildirərək baş nazirin onlarla birgə fəaliyyət planı hazırlayacağını deyib: "Ukraynanı sevən və demokratik dəyərlərə xidmət edən insanlar ikinci turda vahid namizədlərini müəyyənləşdirməlidirlər. İndidən bilinir ki, demokratik düşərgədən ikinci tura çıxacaq ən şanslı namizəd Yuliya Timoşenkodur".
Daha öncə Ukrayna prezidenti Viktor Yuşşenko da demokratik qüvvələrin seçki öncəsi birləşməsi zərurətindən danışmışdı. O, Ukraynadakı demokratik düşərgənin rəngarəngliyinə işarə edərək bu qüvvələri vahid namizəd ətrafında birləşməyə çağırmışdı. Prezident demokratların vahid namizədinin seçkidə uğur qazana biləcəyini bu sözlərlə ifadə etmişdi: "Şanslı namizəd prezident seçkisinin məhz birinci turunda qalib gələcək". Prezidentliyə ən iddialı namizəd sayılan Viktor Yanukoviç də maraqlı açıqlama verib. O, prezident seçiləcəyi təqdirdə rus dilini Ukraynanın ikinci dövlət dili statusuna çevirməyəcəyini söyləyib. Halbuki Yanukoviç keçmişdə bunun tərsini söyləyirdi. Görünür, müxalifət lideri bu açıqlamasıyla Ukraynanın millətçi qərbindən də səs qazanmağa ümid edir.
Azər NURİYEV
|