|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni sistemin tətbiqi üzərində işləyir
Məlum olduğu kimi, ötən ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaşanmağa başladı və 2009-cu ilin başa çatmasına baxmayaraq, bu yöndəki problemlər hələ də qalmaqdadır. Onu da qeyd edək ki, ünvanlı sosial yardımların verilməsi məsələsi həm cəmiyyətdə, həm də parlamentdə - millət vəkilləri arasında ciddi etirazlara yol açıb. Görəsən, heç olmasa yenicə qədəm qoyduğumuz 2010-cu ilin əvvəllərində bu məsələ ilə bağlı yaranmış problemlərin aradan qaldırılması gözlənilirmi? Milli Məclisin Sosial siyasət komitəsinin sədri HadI Rəcəbli bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Çünki ünvansız sosial müdafiə məqsədinə çatmır, səmərəsiz qalır. Odur ki, Azərbaycanda da bu məsələdə əsas məqsəd sosial müdafiədə ünvanlılığın təmin edilməsi olub.
H.Rəcəblinin sözlərinə görə, Azərbaycanda ünvanlı sosial yardım sisteminə keçilən zaman da prosesdə müəyyən problemlərin yaşanacağı proqnozlaşdırılıb: "Biz bu sistemə keçərkən Polşa modelindən istifadə etdik. İlk dövrlərdəcə ünvanlı sosial yardımların verilməsi ilə bağlı çoxlu narahatlıq doğuran məqam ortaya çıxdı. Belə demək mümkünsə, Azərbaycan reallıqlarına uyğun olaraq bəzi məsələlər gündəmə gəldi. Bununla yanaşı, sonrakı dövrdə arayışların verilməsi proseduru təkmilləşdi, əvvəllər 17 arayış tələb olunurdusa, bu say 5-ə endirildi, müddətlər dəyişdirildi, cəzalanma formaları təkmilləşdirildi... İndi isə zaman göstərir ki, kasıblığın ünvanlılığının müəyyənləşməsi kriteriyaları düzgün deyil. Mövcud kriteriyalarla götürəndə daha çox adam ünvanlı sosial yardıma düşür, ancaq bizim maliyyə imkanlarımız nəzərə alınmır". Millət vəkili deyib ki, "uşaq pulu" deyilən məfhumdan ünvanlı sosial yardıma keçəndə bu məqsədlə ayrılan maliyyə vəsaiti iki dəfə artırılıb. Amma bununla belə, bu gün ünvanlı sosial yardım almaq istəyənləri sayı daha da çoxalıb: "Keçən il əslində nə baş verdi? Bunu ilk dəfə olaraq açıqlayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulan vəsait artıq oktyabr ayında qurtardı. Qeyd edim ki, ayrılan vəsait o zaman proqnozlar hesabına müəyyənləşdirilmişdi. Proqnozlar da belə idi ki, filan qədər ailə ünvanlı sosial yardım ala bilər. Lakin sosial işçilər gedib yerlərdə iş aparanda gördülər ki, nəzərdə tutulandan 30 faiz çox həmin kriteriyalara düşən adamlar var. Belə olan təqdirdə də ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Üç ay ünvanlı sosial yardım üçün ayırmağa vəsait olmadı. Düzdür, biz bunu müxtəlif cür yozmağa çalışdıq, ancaq əslində mahiyyət yuxarıda qeyd etdiyim kimi idi. İndi bu il üçün nəzərdə tutulan vəsaitlərdən həmin məqsədlərə pul yönəldilməsi nəzərdə tutulur. Beləliklə, bu il də ünvanlı sosial yardımların verilməsində problemlər yara bilər. Bu baxımdan hesab edirəm ki, ölkədə ünvanlı sosial yardım alanların miqyasının azalması tendensiyası getməlidir". Komitə sədirinin iddiasına görə, bu gün kasıb görüntüsü yaradan adamlar əslində kasıb deyillər. Hazırda bir çox işləməyib pul almaq istəyən adamlar ünvanlı sosial yardımlardan yararlanmaq istəyirlər. Bu isə insanları ələbaxımlılığa öyrədir. "Ona görə çox haqlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı ilə birlikdə ünvanlı sosial yardımların verilməsində yeni sistemin tətbiqi üzərində işləyir. Onlar düşünürlər ki, elə kriteriyalar tapılsın ki, daha çox ehtiyacı olan adamlara ünvanlı sosial yardımlar verilsin. Düşünürəm ki, bu sistem tətbiq olunandan - təxminən cari ilin ortalarından sonra ölkədə ünvanlı sosial yardım alanların sayı indikindən təxminən 4-5 dəfə aşağı düşəcək" - deyə H.Rəcəbli sözlərini tamamlayıb.
İlham QULİYEV
|