Rusiyalı şərhçinin fikrincə, Dağlıq Qarabağ nizamlanmasında həlledici rolu pərdəarxası danışıqlar həll edir
Başa çatan 2009-cu ili əksəriyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əhəmiyyətli il kimi xarakterizə edir. "Kommersant" qəzetinin baş redaktoru, siyasi icmalçı Azər Mürsəliyev də hesab edir ki, ötən il münaqişənin nizamlanması prosesinə real irəliləyişlər ili kimi düşəcək: "Nizamlanmanın indiki həlli prosesinin xarakterik əlaməti ondan ibarətdir ki, ola bilsin 99,99 faiz kompromiss əldə olunsun. Lakin əsas məsələ yerdə qalan 0,01 faizdir. Bu isə o deməkdir ki, hər şey hələ həll olunmayıb. Bu göstərici dedikdə münaqişənin tam həlli nəzərdə tutulur. Münaqişənin real həlli haqqında yalnız real addımların şahidi olduqda nəsə demək olar. Digər tərəfdən, biz münaqişənin yenidən başlayacağı haqda sərt bəyanatların şahidi olmuşuq. Lakin hələ ki, bundan yaxa qurtamaq mümkün olub və yəqin ki, bu, pozitiv məsələdir".
Ötən ilə qiymət verən baş redaktor ilin ən mühüm hadisəsi kimi Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları və İranda baş verən hadisələri göstərib. Onun sözlərinə görə, İranda yaşanan siyasi böhranın nə ilə nəticələnəcəyi məlum deyil. Ekspert yaşanan əsas hadisələr sırasında Azərbaycanla Türkiyə arasında yaşanan gərginliyi və bunun ardınca Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşmasını göstərib.
Bu isə bir sıra ekspertlər tərəfindən Azərbaycanın xarici siyasət kursunun dəyişməsi kimi xarakterizə edilir: "Mənim nöqteyi-nəzərimcə, Azərbaycanla Rusiya arasında onsuz da isti olan münasibətlərin daha da güclənməsi Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlıdır".
O, ötən ilin ən əhəmiyyətli məsələləri sırasında Türkmənistandan Çinə çəkiləcək yeni qaz kəmərinin təməlinin qoyulmasını da göstərib. Onun qənaətincə, bu, regiona çox ciddi təsir etmiş oldu, bütövlükdə oradakı geosiyasi vəziyyəti dəyişmək iqtidarında olan hadisədir: "Heç kimə sirr deyil ki, kommunikasiya dəhlizi kimi Gürcüstan və Azərbaycanı dünyanın bir çox güclü dövlətləri maraqlandırır. Bu dəhliz çox böyük həcmli xammal ehtiyatlarına aparıb çıxarır. Lakin bu regiondan kobud dillə desək, bir kəmər dinamik inkişaf edən Çin bazarına doğru istiqamət götürürsə, onda Rusiyanın "Cənub axın"ı və Qərbin "Nabukko" kəməri tamam başqa məna kəsb etməyə başlayır. Hər kəsə aydındır ki, Xəzər regionuna çox güclü və aktiv oyunçu Çin daxil olub".
Yenidən Dağlıq Qarabağ münaqişəsinə toxunan baş redaktor bu il Azərbaycanla Ermənistan arasında konkret sülh sazişinin imzalanması perspektivinə yer ayırıb. Onun qənaətincə, buna yalnız ümid etmək olar: "O ki qaldı konkret şəraitə, mən sizə deyim ki, hər il hər iki tərəfdən olan eksperlər münaqişənin bu və yaxud gələn il həll olunacağını proqnozlaşdırırlar. Lakin deyim ki, 2010-cu ildə problemi həll etmək şansı ola bilər". Bunun üçün yaranmış şəraiti çox uğurlu hesab edən siyasi şərhçi əlavə edib ki, regionda geopolitik vəziyyət o qədər mürəkkəb və zərifdir ki, hər hansı bir kiçik gərginlik bu prosesi dayandıra bilər.
"Kommersant"ın baş redaktoru Qərbdə və Ermənistanda, eləcə də Türkiyənin özündə protokolların ratifiksiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olmadığı barədə səslənən fikirlərlə razı olmadığını da söyləyib. Onun sözlərinə görə, Ermənistan münaqişənin nizamlanması prosesində müəyyən addımlar atmasa, Türkiyə parlamenti protokolları ratifikasiya etməyəcək. Siyasi icmalçı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gələn həftə Moskvaya edəcəyi səfərə də toxunub. Onun qənaətincə, Rusiya-Türkiyə münasibətlərində Qafqazın problemləri bu görüşdə əsas müzakirə mövzusu olmayacaq: "Özü də hazırda regionda iki ölkə arasında ciddi fikir ayrılığı mövcud deyil. Mənə elə gəlir ki, əsas müzakirə mövzusu eneryi layihələri olacaq".
"Qarabağ nizamlanması prosesi 2010-cu ildə iki ssenari üzrə inkişaf edə bilər. Bunlardan biri nikbindir, bu, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasına da təsir göstərəcək". Bunu isə Rusiya postsovet məkanının öyrənilməsi üzrə Mərkəzin direktoru Aleksey Vlasov bildirib. "Birinci varianta uyğun olaraq Türkiyə və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan əsas xarici qüvvələr birgə şəkildə Ermənistanı güzəştlərə "sürükləyəcəklər". Bu, ilk növbədə il ərzində Qarabağ ətrafında beş və ya yeddi rayonun qaytarılması olacaq" - deyə ekspert "İnterfaks"a bildirib. "Öz növbəsində Yerevan Ermənistan-Türkiyə protokollarının ratifikasiyasına çalışır, sərhədlər açılır. Sonda ilin sonunadək yeni konfiqurasiya formalaşır, regional münaqişələrin nizamlanmasında yeni imkanlar açılır" - deyə o əlavə edib. A.Vlasovun sözlərinə görə, ikinci variant pessimistdir, bu il Dağlıq Qarabağ probleminin həllində dönüşün olmayacağını nəzərdə tutur. Bundan əlavə, çox şey Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokolların ratifikasiya edilib-edilməyəcəyindən, iki ölkə arasında sərhədlərin açılıb-açılmayacağından asılı olacaq: "İl ərzində mürəkkəb, kuluar danışıqlar gedəcək. Bu variantda əsas intriqa protokolların taleyi, sərhədlərin açılıb-açılmayacağı olacaq".
Azər NURİYEV