Siyavuş Novruzov: "Bu şəxslər Sabirabaddan olan müxalifətçi millət vəkilinin yaxın adamlarıdır"
Müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edən bəzi qəzetlər yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla şou yaratmaq istəyirlər. Bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət partiyalarının nəzarətində olan bir sıra qəzetlərdə YAP tərəfindən namizədliyi irəli sürülmüş və seçkilərdə məğlub olmuş 150 nəfərin MSK qarşısında etiraz aksiyası keçirməsi haqqında iddialara münasibət bildirərkən deyib ( www.yap.org.az). Onun sözlərinə görə, ən böyük məsuliyyətsizlik ondan ibarətdir ki, həmin qəzetlər 11 nəfəri 150 nəfər kimi təqdim etməyə çalışırlar. Yəni əslində, haqqında danışılan etiraz tədbirində iştirak edənlərin sayı cəmi 11 nəfər olduğu halda müxalifət qəzetləri bu sayın 150 nəfər olduğunu iddia edir. Bu şəxslər də konkret olaraq 2 kəndin - Sabirabad rayonunun Qruzma və Moranlı kəndlərinin sakinləridir. Şikayət edən Qruzma sakinlərinin sayı 6 nəfərdir. "Onlardan yalnız bir nəfəri -Arif Məmmədov adlı şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür.
O, 2008-ci ildə partiyaya üzv qəbul olunub. Həmin şəxsin də namizədliyi partiya tərəfindən deyil, özünün təşəbbüsü ilə irəli sürülüb. 5 nəfər isə bitərəflər və digər partiyaların üzvləridir. Hətta bizdə məlumatlar var ki, bu şəxslər Sabirabaddan olan müxalifətçi millət vəkilinin yaxın adamlarıdır. Moranlı kəndindən olan 5 nəfər şikayətçinin isə yalnız 2 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Digər 3 nəfər isə başqa partiyaların üzvləridir. Yeni Azərbaycan Partiyasından olan 2 nəfərin isə yalnız 1 nəfərinin namizədliyi partiya tərəfindən irəli sürülüb. O biri partiya üzvü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb"- deyən millət vəkili bilidirib ki, bu 11 nəfər içərisində yalnız 1 nəfərin namizədliyi partiya tərəfindən irəli sürülüb. Qəzetlərdə yer alan məlumatlar isə yalan və böhtandan başqa bir şey deyil.
K.HACIYEV
|