|
Xəstəlikdən ölən olmayıb
6 yanvar 2010-cu il tarixinə olan məlumata görə, Azərbaycanda cəmi 14 pandemik H1N1 qripi ilə xəstələnmə hadisəsi qeydə alınıb. Bu xəstəlikdən ölən olmayıb. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik pandemik H1N1 qripi ilə xəstələnmə barədə dünya üzrə ötən ilin göstəricilərini də diqqətə çatdırıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının 27 dekabr 2009-cu il tarixli məlumatına əsasən, pandemik H1N1 qripi ilə xəstələnmə dünyanın 208 ölkə və ərazisində qeydə alınıb, 12 220 ölüm halı haqqında bildirilib.
Ölüm hallarının regionlar üzrə bölgüsünə gəlincə, Afrika üzrə 130, Şərqi Aralıq dənizi Regionu üzrə 693, Avropa üzrə ən azı 2 422 ölüm halı olduğu bildirilir. Bundan başqa, pandemik H1N1 qripindən dünyasını dəyişənlərin ən azı 6 670 nəfəri Amerika qitəsinin payına düşür. Cənubi-Şərqi Asiya Regionu üzrə 1056, Sakit Okeanın Qərb Hissəsi Regionu üzrə isə 1 249 ölüm halı qeydə alınıb: "Nəzərə alaraq ki, əksər ölüm hadisələri laborator müayinə ilə təsdiq edilmir, bildirilmiş ölüm hallarının sayı faktiki olaraq həqiqi rəqəmdən azdır". Qurumdan o da bildirilib ki, hazırda Səhiyyə Nazirliyi pandemik H1N1 qripi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirməkdədir.
HƏQİQƏT
|