Hökumət istehlakçıların qaz, su və elektrik enerjisi ilə təchizatı qaydalarına dəyişikliklər edib
Nazirlər Kabineti "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"a edilmiş dəyişiklik və əlavələrə görə, qaz paylayıcısı istehlakçının qaz təchizatını yalnız müvafiq yazılı müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, qaz qurğusu Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda və məhkəmənin qərarı ilə dayandıra bilər.
Qərara olunmuş əlavəyə əsasən, istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməlidir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir və qazın dayandırılması barədə qərar göstərilən hallar aradan qaldırılana qədər qüvvədə qalır.
Digər əlavəyə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilməlidir.
Başqa bir əlavəyə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilməlidir. Paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənməlidir.
"Elektrik eneryisindən istifadə Qaydaları"na edilmiş əlavə və dəyişikliklərə görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi eneryi təchizatı müəssisəsinin hesabına həyata keçirilməlidir. Eneryi təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik eneryisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. İstehlakçı tərəfindən elektrik eneryisinin hesabı tam ödənildikdən sonra, eneryi təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik eneryisinin dəyərini eneryi təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Dəyişikliklə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik eneryisinin haqqını eneryi təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra 1 ay müddətində (əvvəlcə bu 5 bank günü olub) ödəməlidir.
Başqa bir dəyişikliyə əsasən, eneryi təchizatı müəssisəsi istehlakçıya elektrik eneryisinin verilməsini istehlakçının müvafiq yazılı müraciəti olduqda, eneryi təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik eneryisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya eneryi təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, eneryi təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə dayandıra bilər. İstehlakçıya elektrik eneryisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilə bilər.